525.Az

"Lirik ovqatımı heç kəs özüm kimi duya bilməz"


 

YAZIÇI SƏDAQƏT KƏRİMOVA 41-ci KİTABINI ÇAPA HAZIRLAYIR

"Lirik ovqatımı heç kəs özüm kimi duya bilməz"<b style="color:red"></b>

Azərbaycan ta qədimdən müxtəlif xalqların və mədəniyyətlərin doğma vətəni olub. Multikultural dəyərlərin qorunub saxlanılması və təbliği baxımından Azərbaycan təcrübəsi dünyada nadir örnəklərdəndir. Ölkəmizdə ortaq mədəniyyət nümunələrinin ərsəyə gəlməsi, müxtəlif xalqların, etnik qrupların adət-ənənələrini özündə əks etdirən əsərlərin yaranması və təqdimatı təqdirəlayiqdir. Bugünkü həmsöhbətimiz Azərbaycanda ləzgi mədəniyyət və ədəbiyyat nümunələrinin yaranmasında, təbliğində xüsusi rolu olan Əməkdar mədəniyyət işçisi, jurnalist və yazıçı Sədaqət Kərimovadır.

S.Kərimova 1953-cü ildə Qusarda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olan S.Kərimova tələbəlik illərinin ilk günlərindən "Azərbaycan gəncləri" qəzetinin ştatdankənar müxbiri kimi çalışıb. Müəllif 1997-ci ildə yaratdığı "Suvar" ləzgi mahnı və rəqs ansamblına 20 il rəhbərlik edib, 40-a yaxın ləzgi xalq melodiyasını yenidən işləyib, bir neçə rəqsə quruluş verib. Eyni zamanda, S.Kərimovanın ssenari müəllifi, bəstəkarı və prodüseri olduğu, 2018-ci ildə çəkilən "Soyuq günəş" bədii filmi tamaşaçıların dərin rəğbətini qazanıb. O, həm də üç dildə çıxan "Samur" qəzetinin baş redaktorudur.

 

- Sədaqət xanım, çoxşaxəli fəaliyyətiniz var: jurnalist, bəstəkar, ssenarist, rejissor, yazıçı... Maraqlıdır, bunların hamısı bir yerdə sizin üçün çətin deyilmi?

- Bunlar yaradıcılıq sahələri olub bir-birinə sıx bağlıdır. Hamısının da kökündə söz və musiqi var. Şeir yazanda, bəzən misralarım qeyri-ixtiyari musiqiyə çevrilir. Bəzən də ürəyimdən keçən musiqi şeir təcəssümünə ehtiyac duyur. Ümumiyyətlə, hər bir şeirin öz ahəngi, daxili musiqisi olur. Bu mənada şeir və musiqi vəhdət təşkil etməlidir. Əksər şeirlərimə musiqiləri özüm bəstələmişəm. Mənə elə gəlir ki, lirik ovqatımı heç kəs özüm kimi duya bilməz.

Sənət adamı üçün bir janrdan digər janra keçid çətin məsələ deyil. Bunu yaradıcılıq tələb edir. Məsələn, hekayə povestə, povest romana, novella ssenariyə çevrilə bilər. Ona görə də ssenari yazmağım göydəndüşmə olmayıb. Yəni yuxarıda sadaladığım janrlar bir-birinə yaxın olduğuna görə onları qələmə alanda heç bir çətinlik çəkmirəm.

- Bir müddət öncə ərsəyə gətirdiyiniz "Soyuq günəş" filmi maraq və rəğbətlə qarşılandı. Filmi təqdim etməzdən öncə belə xoş reaksiya gözləyirdinizmi?

- Filmin uğurlu olacağını ilk gündən bilirdim. Əsər ilk dəfə "Samur" qəzetində ləzgi dilində çap olunub. Hissə-hissə həmin əsəri beş nömrədə dərc etdim. Yadımdadır, əsərlə bağlı redaksiyaya çoxlu zənglər gəlirdi. Davamını səbirsizliklə gözləyirdilər. İki hissəni bir yerdə dərc etməyimi istəyənlər də olurdu. Oxucu marağını hiss edirdim. Həmin əsəri sevə-sevə qələmə aldığıma görə onun uğur qazanacağına əmin idim. "Soyuq günəş" dərin duyğulardan yaranıb, oradakı personajların taleyini, az qala, özüm yaşamışam, orada süni hisslər, uydurma emosiyalar yoxdur. 20 il əvvəl istəyirdim teatrlarda səhnələşdirilsin, lakin təəssüf ki, heç bir teatr onu qəbul etməmişdi.

- Səbəb nə idi?

- Bilmirəm. Bir teatrdan mənə həmmüəlliflik təklif olundu, qəbul etmədim. Çünki əsərim övladımdır, onu kiminləsə bölüşə bilməzdim. Nəhayət, film çəkmək qərarına gəldim. Həvəskar aktyorlarla məşqlər elədikcə anladım ki, əsərin səviyyəsini aşağı salmaq olmaz, mütləq peşəkar aktyorlarla film çəkilməlidir. Başladım hazırlıq işləri görməyə. Uzun və çətin bir yola çıxdım. Filmi ərsəyə gətirmək üçün Allah mənə böyük səbir verdi.

- Film sahəsində ilk işiniz idi?

- Bir sıra sənədli filmlərim olub. Yutub kanalımla tanış olanlar həmin filmləri izləyə bilərlər. Filmdə istifadə etdiyimiz obyektləri, akssesuarları, pal-paltarı kənd-kənd gəzərək yığmışdım. Evimin bir otağı anbara dönmüşdü. Həmin dövrə uyğun ev avadanlıqları tapmaq asan deyildi, lakin kəndlərdə yaşayan bir çox dostlarım bu işdə mənə yardımçı oldular. Çəkilişlərin getdiyi Yargun kəndinin camaatı mənə çox kömək etdi. Çəkilişlər aparmalı olduğumuz evlər elə halda idi ki, onlara mütləq əl gəzdirilməli idik. Film çəkmək üçün vəsait lazım idi. Amma xahiş etmək təbiətimə yad olduğuna görə heç kəsə ağız açmadan bu işi ərsəyə gətirmək qərarına gəldim. Zinət əşyalarımı satıb film üçün kiçik büdcə formalaşdırdım. Fikrimin qəti olduğunu başa düşən ailəm məni dəstəklədi.

- Hazırda yaradıcılıqla bağlı hansı işlə məşğulsunuz?

- 41-ci kitabımı çapa hazırlayıram. Kitab "Yargun" adlanır. "Soyuq günəş" filminin çəkildiyi bu kənd nəinki Qusarın, hətta Qafqazın ən qədim kəndlərindən biridir. Onun tarixi, tanınmış şəxsləri ilə bağlı uzun illərdən bəri topladığım materiallar həmin kitabda yer alıb.

Qusarda evim və balaca bir bağım var. Orada çiçək və meyvə yetişdirirəm. Zəhmət çəkməyi xoşlayıram. Özüm ruhən əkinçiyəm. Qələmlə vərəqlərdə yaza bilmədiklərimi bellə torpaqda əkirəm. Təzə cücərtilərin baş qaldırmasını müşahidə etməkdən gözəl nə ola bilər? Torpaq o qədər vəfalıdır! Bir qat zəhmət çəkdinmi, on qat əvəzini qaytaracaq.

Havar ŞƏFİYEVA

 





29.11.2023    çap et  çap et