525.Az

"Meşədəki Nimf" - ​​​​​​​"Bir rəsmin dedikləri"


 

"Meşədəki Nimf" - <b style="color:red"> ​​​​​​​"Bir rəsmin dedikləri"</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Mətanət Teymurdur. Onunla fransız rəssam Çarles Lenoirin "Meşədəki Nimf" əsərindən danışmışıq.

Klassik fransız rəssam Çarles Lenoir La Roşell yaxınlığındakı kiçik bir şəhərdə - Şatelaylonda dünyaya göz açıb. Anası dərzi, atası isə gömrükçü olub. Təhsilinə La Roşeldəki Müəllimlər kollecində başlayıb. Buranı bitirdikdən sonra Roşfortdakı liseydə müəllim və nəzarətçi kimi çalışıb. Realistik portretlərindən əlavə, əsasən, mifoloji və dini süjetlərdə əsərlər yaradırdı.

O, 1883-cü ilin avqustunda Paris Gözəl Sənətlər İnstitutuna qəbul olunub. Lenoir 1887-ci ildə Salonda əsərlərini təqdim edib, bir çox mükafat və medallara layiq görülüb. Rəssam 1926-cı ildə Fourada kirayələdiyi evdə vəfat edib.

 

- Mətanət xanım, söhbətimizə Nimfin yunan mifologiyasında tutduğu yerin şərhi ilə başlayaq.

- Rəsmdə gördüyümüz bu füsunkar qadın qədim yunan mifologiyasındakı Nimfin təsviridir. Dəqiq tarixi naməlum olan tablo XlX əsrin sonlarına aid edilir. Orta əsrlərdən bəri nimflər bəzən məşhur olan pərilərlə əlaqələndirilir və ya qarışdırılır. Lakin nimflər yunan, bəzən də Roma mifologiyasında qarşımıza çıxır. Pərilərə isə insanlardan uzaq ərazilərdə tez-tez rast gəlinir, lakin məskənlərindən kənardakı tənha səyyahlar onlarla rastlaşıb sehrli musiqisini eşidə bilərdilər. Onları günün istənilən vaxtında günorta və ya gecənin qaranlığında çayda, dənizdə rəqs edərkən, yaxud üzərkən görmək olardı. Belə görüşlər səyahətçilərə bədbəxtlik, aşiqlik, dəlilik və ya iflic gətirərək təhlükəli situasiyalar yarada bilirdi. Nimflər çoxları tərəfindən sevilir və təbii mühitlə, daha çox su hövzələri ilə bağlı xüsusi ərazilərdə yaşayırdılar. Onlar təbiətlə bütünləşərək hər biri təbiətin bir hissəsi kimi çıxış edir. Nimflərin Tanrının və ya ilahənin bədən hissəsindən yaradıldığına inanılır. Onlar ölümsüz deyildilər, lakin tanrılar kimi "ambroziya" ilə qidalandıqları üçün uzun illər yaşayır və həmişə gənc, gözəl qalırdılar. Ambroziya - bala bənzər bir maddədir və uzun ömrü təmin edir. Nimflər məhsuldarlıq və zəriflik simvoludur. Məşhur dəfnə ağacının hekayəsi də nimflə bağlı idi.

- Əsərin rəng həlli necədir?

- Yağlı boya obrazın dinamikliyini çox yaxşı göstərir. Lövhədə tünd fon üzərində parlaq bakirəliyi simvolizə edən bəyaz geyimli qız görürük. Ümumiyyətlə, fonun tünd verilməsi əsərin ekspressivliyini ortaya çıxarır. Koloritinə görə bu əsər əlvan rəng tonlarının vəhdətindən ibarətdir. Sənətkarın arxa fonda istifadə etdiyi rəng keçidləri əsərə sabitlik gətirir. Rəng qamması hissləri dolğun ifadə edir. Geyimdə bədən qıvrımlarını rahat görürük. Geyimindəki  drapirovkanın verilməsində kölgə və işıq böyük rol oynayır, bunun üçünsə parlaq və tünd rənglərdən istifadə edilib. İşıq geyiminə və onun incə simasına düşür. Saçları fonun rəngi ilə üst-üstə düşdüyündən çox da seçilmir. Əsərdəki flora aləmi qızla birlikdə hiss və həyəcan oyadır. Yaşılın bir neçə tonlamasından istifadə edilib. Solğun yaşıl rəng suda da öz soyuqluğunu qoruyub saxlayır. Bəzi yerlərdə parlaq yaşılın verilməsi isə yeni açılmış gülləri və yarpaqları əks etdirir.

- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?

- Əsərdə öz əksini suda seyr edən gözəl bir nimf görürük. Mənzərə sanki onun bu dünyadan olmadığı hissini yaradır. Kompozisiyada ülvi duyğular lirik məhəbbətlə əks olunub. Qızın əynində antik yunan vazaları, bəzi antik yunan  relyeflərində və "Kariatida"larda qarşımıza çıxan geyimlərdən birini  görürük. Peplos adlanan bu geyim növü nimfə poetiklik və incəlik qatıb. Geyimin qırışları sərt deyil, ona yumşaqlıq qatır. Bədən proporsiyasında əsl yunan ilahələrini və ya qadınlarını görürük.

- Həmin qadınların xarakterik xüsusiyyətləri nələrdir?

- Üzünün orta yaşlı qadın simasında verilməsi, gənc qız sinəsinin bədənindəki əksi, ayaqlarının dünyaya uşaq gətirmiş qadının ayaqları tərzində ifadə olunması buna misal ola bilər. O, bir dizinin üzərində durmuş, rəqs edirmişcəsinə topladığı çiçəkləri saçına taxır. Böyük su gölməçəsi olmasa da, burada öz əksini izlədiyini, suyun güzgü rolu oynadığını görürük. Rəsm o qədər təbii və real şəkildə həll olunub ki, Nimfin ayağının altına keçən geyim hissəsinin dartılması, ağırlıq qüvvəsi ilə paltarın aşağıya düşməsi hiss edilir. Nimf özünün nə qədər gözəl, zərif məxluq olmasının fərqindəymiş kimi gülümsəyir. Gözlərimiz saçlarının fonda az qala yoxa çıxmasını qəbul edir, lakin təxəyyülümüz çatışmayan detalları doldurur və bu, hələ də rəssamın saçın harada dayandığını göstərən saç bandı və ya çələng ilə rəsm çəkməsi sayəsində hiss olunur. Onun dərisi sanki parıldayır, qaranlıq fonla ziddiyyət təşkil edən zəif halo effekti ilə görünür. Arxa fondakı bitkilərin detalları o qədər də dəqiq deyil. Buna baxmayaraq, bəzi çiçəkləri seçə bilərik. Onlardan biri irisdir. Adını göy qurşağının körpü olaraq yer və göy arasında səyahət edən, tanrıların xəbərçisi İrisdən alıb, ümid və inancı simvolizə edir. Suya tərəf baxan gül isə çöl qızılgülüdür. Gözəlliyi, lətafətliyi işarə etməyindən əlavə, yunanlarda sevgi çiçəyidir. Homerosun "qızılgül barmaqlı" dediyi şəfəq tanrıçası Auroraya həsr edilib.

- Tablo harada saxlanılır?

- Hündürlüyü 138,4 sm, eni isə 90,8 sm olan əsər kətan üzərində, yağlı boya texnikası ilə çəkilib. Hazırda şəxsi kolleksiyada saxlanılır.

- Bu tablonun rəssamın digər əsərləri ilə nə kimi oxşar və fərqli cəhətləri var?

- Əsər hər nə qədər mifoloji obrazı əks etdirsə də, rəssamın realistik səpkidə işlədiyini inkar etmir. Lenoirin bununla bənzərlik təşkil edən bir neçə əsəri də var. "Dəniz kənarında rəqs", "Fleytada ifa edən qız", "Sevgi Pıçıltısı", "Sapfonun ölümü", "Meditasiya" əsərlərində rənglərin müstəsnalıq təşkil etdiyini görürük. Bu tablolarda yenə iris və qızılgüllər var, geyim isə öz yerində. Adlarından da görünür ki, bunlar mifolojik əsərlərdir. Məsələn, "Pandora" adlı əsərdə gözəl bir qız pandora qutusunu tutur. Pandora "tanrıların hədiyyəsi" mənasını verir. Yunan mifologiyasında ilk qadının bəşəriyyəti cəzalandırmaq üçün Zevs tərəfindən yaradıldığına inanılırdı. Rəvayətə görə, Zevs palçıqdan hazırlanmış ilahi gözəlliyə və zəkaya malik olan Pandoranı ondan od oğurlayıb insanlara verən Prometeyin qardaşı Epimeteyə yoldaş olaraq göndərir. Epimetey qardaşının bütün xəbərdarlıqlarına baxmayaraq, Pandora ilə evlənir. Zevs toy hədiyyəsi olaraq Pandoraya gil qaba bənzər küp (səhv tərcüməyə görə qutu adlanır) verir, lakin bu qabı açmamalı idi. Lakin bir müddət sonra, marağına qarşı çıxa bilməyən  Pandora bankanı açır və içindəki bütün pisliklər dünyaya yayılmağa başlayır. Bununla belə, o, bankanın ağzını son anda bağlayır və içərisində yalnız ümid qalır. Bu kimi realizmin mifologiya ilə birləşdirilməsi rəssamın yenilikçi və bu sənətdə usta olduğunu göstərir.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Tablo ehtirasın, qadın şıltaqlığının üzərində qalır. Əsər bizə daxili gözəlliyin xarici gözəlliklə  vəhdətini olduqca incə, lakin effektiv şəkildə göstərir. Tanrılaşmış bu obraz özündə yüksəkliyi sadə şəkildə təcəssüm edir. Nimflər digər yunan ilahələrindən fərqli olaraq təbiətin təcəssümü kimi qəbul edilir,  adətən, müəyyən bir yerə və ya floraya bağlı olan qızlar kimi təsvir olunur.

Aytac SAHƏD

 





29.11.2023    çap et  çap et