525.Az

Ağalar Vəliyev Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini təyin edilib


 

Ağalar Vəliyev Azərbaycan Ağsaqqallar Şurasının sədr  müavini təyin edilib<b style="color:red"></b>

Noyabr ayının 27-də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.

525.az xəbər verir ki, iclasda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkil, professor Eldar Quliyev, Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov,  müavinlər – millət vəkili, professor Eldar İbrahimov, Bayram Yusifov, Tahir Süleymanov, professor Vahid Novruzov, İdarə Heyətinin üzvləri –millət vəkili, akademik Ziyad Səmədzadə, millət vəkili Ağalar Vəliyev, millət vəkili, professor Aqiyə Naxçıvanlı, akademik Abel Məhərrəmov, professor Misir Mərdanov, professor Şəmsəddin Hacıyev, Akif Rəfiyev, professor İbrahim Quliyev, o cümlədən Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov və başqaları iştirak ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Eldar Quliyev toplantı iştirkçılarını salamlayaraq yekunlaşmaqda olan 2023-cü ilin Azərbaycan xalqı üçün uğurlu il olduğunu vurğulayıb. Bildirib ki, bu il müzəffər Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa edilib. O, 44 günlük Vətən müharibəsində və 24 saatdan da az davam edən antiterror tədbirlərində şanlı Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlıqlarından bəhs edib, vurğulayıb ki, artıq Azərbaycanın üçrəngli bayrağı azad edilmiş bütün ərazilərimizdə dalğalanır. Natiq hal-hazırda Qarbağda və ətraf rayonlarda həyatın canlandığını, genişmiqyaslı bərpa-quruculuq işlərinin getdiyini və “Böyük qayıdış” dövlət proqramı çərçivəsində vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıdarq orada məskunlaşdıqlarını qeyd edib. O, hazırda da öz ədalətsiz və məhfur siyasətlərindən əl çəkməyən ermənipərəst antiazərbaycan qüvvələrə Azərbaycan Respublikasının Prezidenti, Ata vəsiyyətini yerinə yetirən, xalqımızın 30 ildən artıq davam edən doğma torpaq həsrətinə son qoyan müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin uğurlu siyasəti, güclü diplomatiyası sayəsində dövlətimiz tərəfindən tutarlı cavabların verildiyini bildirib. Natiq, həmçinin, ölkə başçısı cənab İlham Əliyevin 20 illik uğurlu prezidentlik fəaliyyətindən də ətraflı bəhs edib. Vurğulayıb ki, biz xoşbəxt xalqıq, çünki cənab İlham Əliyev kimi güclü Prezidentimiz və liderimiz var.

Daha sonra öz çıxışında Eldar Quliyev bu ilin “Heydər Əliyev İli” kimi əlamətdar olduğunu xüsusi vurğulayaraq əlavə edib ki, Azərbaycan Ağsaqqallar Şurası Ümummilli Liderimizin 100 illiyi ilə əlaqədar şəhər və rayonlarımızda, o cümlədən paytaxt Bakıda bir çox tədbirlər keçirib. Natiq may ayının 2-də Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə keçirilən, dünyanın bir sıra ölkələrindən, o cümlədən də Türk dövlətlərindən nümayəndələrin də iştirak etdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Türk dünyası” mövzusunda beynəlxalq elmi-praktiki konfransdan da söz açıb. Bu tədbirdə iştirak edən bir çox elm adamlarının məqalələri əsasında hazırlanmış 800 səhifəlik konfrans materiallarını tədbir iştirkçılarına təqdim edib. Eldar müəllim Azərbaycan Ağsaqqallar Şurasının 2023-cü il ərzində gördüyü işlərdən bəhs edərək bildirib ki, artıq təşkilatın 2024-cü il üçün Fəaliyyət Planı hazırlanır və Şura növbəti il ərzində də qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.

Sonra iclasın gündəliyindəki məsələlər müzakirə olunub. Xəbər verildiyi kimi, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov 2023-cü il 23 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizin ictimai-siyasi həyatında xidmətlərinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. İclasda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev həmin ali dövlət mükafatını Tahir Sülyemanova təqdim edərək, onu bir daha bu münasibətlə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tədbir iştirakçıları da Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovun çoxillik səmərəli fəaliyyətini yüksək qiymətləndrərək, onun xalqımıza dəyərli xidmətlər göstərdiyini vurğulayıblar və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməyi münasibətilə Tahir müəllimi ürəkdən təbrik edərək, gələcək fəaliyyətində ona daha böyük uğurlar, xoşbəxtlik və möhkəm cansağlığı arzulayıblar.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov yüksək dövlət mükafatı ilə təltif olunduğuna görə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, öz çoxşaxəli və dəyərli fəaliyyəti ilə Vətənimizin çiçəklənməsinə böyük töhfələr verən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Eldar müəllim başda olmaqla bütün tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirərək, Azərbaycanımızın tərəqqisi və təmsil olunduğu Şuranın fəaliyyətinin daha da gücləndirilməsi naminə bundan sonra da var qüvvəsi ilə çalışacağını vurğulayıb.

Sonra gündəlikdəki digər məsələ – Azərbaycan Ağsaqqallar Şurasına yeni sədr müavininin seçilməsi müzakirə olunub. Eldar Quliyev bildirib ki, son zamanlarda Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətinin genişləndiyini, əhatə dairəsinin artdığını, həmçinin yaxın gələcəkdə işğaldan azad edilmiş şəhər və rayonlarda yerli təşkilatların da fəaliyyətə başlayacağını nəzərə alaraq Şuranın həyata keçirdiyi işlərin daha səmərəli yerinə yetirilməsi üçün yeni sədr müavininə ehtiyac yaranmşıdr. Eldar müəllim Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, millət vəkili, öz səmərəli fəaliyyəti ilə Vətənimizin tərəqqisinə böyük töhfələr verən Ağalar Vəliyevin bu vəzifəyə layiqli namizəd olduğunu qeyd edib və vurğulayıb ki, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnaməsinin 6.12-ci bəndini rəhbər tutaraq onun bu vəzifəyə təyin olunmağı barədə əmr imzalayıb.

Tədbirdə iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri də ölkəmizin inkişafında və Şuranın səmərəli fəaliyyətində Ağalar Vəliyevin xidmətlərini yüksək qiymətləndiriblər. Ağalar müəllimin bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə əminliklərini bildirərək, onu Azərbaycan Ağsaqqallar Şurasına yeni sədr müavini təyin olumağı münasibətilə təbrik edərək uğurlar diləyiblər.

Sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkil, professor Eldar Quliyev Ağalar Vəliyevə sədr müavini vəsiqəsini təqdim edərək, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Sonda xatirə şəkli çəkdirilib.

 





30.11.2023    çap et  çap et