525.Az

Qulu Ağsəsin üzrxahlığı: "İlahi, bağışla..." - Şəfa Vəli yazır


 

Qulu Ağsəsin üzrxahlığı: "İlahi, bağışla..." - <b style="color:red"> Şəfa Vəli yazır</b>

 Dünən yenə dəmlədiyim çaya qızılgül tumurcuqları qatmışdım. Dadı gəlmədi... Onda özümü qınadım ki, qızılgüllərə xəyanət edirəm. İllər əvvəl şeirimdə demişdim: "Səni xatirəylə ağlatmışdılar?! Ay şehi qurusun qızılgüllərin!"

"Qarğış eləmə, qayıdıb səni tutar..." Bu da nənəmin sözüydü. Dayıları bir qan davasına görə, Arazı adlayan, "o tay"a keçən, "bu tay"dakıların "yetim" dediyi anasının "o tay"dakıların həsrətiylə böyüdüyü, Hacımuğan elindən ermənilərin zülmü ilə köçünü tutub "dəniz"in (Göyçə gölünün) bu tərəfinə - Səməd ağanın Dərəsinə köçən Baratəli kişinin göyçək qızı nənəm... Sovetin o "gur-gur guruldayan vaxtı"nda da ermənilər zülmdən çəkinməyiblərmiş. Bunu da bir az "Sovet həsrəti" çəkənlər düşünsün...

Nənəm demiş, qızılgüllərin qarğışı tutub məni... Elə bütün "külli-aləm"i; qızılgüllərin qoxuları da qalmayıb, dadları da. Sədnik Paşa Pirsultanlının "Pirsultan soyları, Pirsultan köyləri" adlı kitabında Yunus İmrənin ustadına dərib gətirdiyi bir sarı çiçək var. Yunus İmrə bütün çiçəklərin başlarını əydiyini, bircə o sarı çiçəyin başıdik dayandığını görəndə onun Allaha ibadət etmədiyi qənaətinə gəlmişdi. Mənsə, həmin əhvalatı oxuyandan bu yana həmişə düşünürəm: "Sarı çiçək Allaha can atan yeganə çiçək idi..." Hə, bütün dinlərdə Allaha ibadət başını əymək, yerə baxmaq, əyilməklə şərtləndirilib. Amma insanlar arasında ən böyük sevgi işarəti gözlərinin içinə dumduru baxışlarla baxa bilməkdir. Allah insanı özünəbənzər yaratdığına görə, başımızı göyə qaldırıb, onun "gözlərinin içinə" - ərşin ənginliyinə baxmaq da sevgi sayılmazmı? Həm də, ən dumduru, gizlədilməyəcək, üstünə pərdə çəkilməyəcək bir sevgi!

Bir bazar ertəsi günü həftəsonu dəmlədiyim çayın dadsızlığını da, nənəmi də, Yunis İmrənin sarı çiçəyini də mənə xatırladan Qulu Ağsəsin "Ədəbiyyat qəzeti"ndəki şeirləri oldu. Gördüm, şair öz Allahının halına yanır... Hə, "hamımız bir göyün altındayıq", amma hərəmizin öz Allahımız var. Yoxsa bu xalqın təfəkküründə "sən öz Allahın" deyə bir xətir yeri, "Allahım haqqı" deyə bir and olmazdı...

Qulu Ağsəsin şeirindəki bəni-Adəm elə özüdür. "Göyün yeddinci qatı"na özünü qaldıra bilir; şairdi. Torpağın altımı? Öz Allahınızın xatirinə, torpağın altını ölümlə eyniləşdirməyin. İçimizdəki vicdan əl atıb ürəyimizi içəridən cırmaqlayanda üzümüzə gələn həya hissi var ha, yeddi qat torpağın altına elə basdırır ki bizi, başdaşı qoyanımız da tapılmır. Hələ bitməyən, amma bizi bitirən peşmanlıqlarımızı demirəm...

Nəhayət, Qulu Ağsəsin Allahının halına yanmağı:

 

...görən, Allah təkdi,

yoxsa Onu təkləyiblər?..

 

"Ailə" insanın dünyaya gəlməsinə vəsilədirsə, "dost" xəyanət mövzulu bütün dərsləri birnəfəsə anladan müəllimdirsə, "sevgili" özünü iki saydığın anda sənə heç var olmadığını dərk etdirə bilirsə, bildiklərimizi tərsinə çevirmək şansımızı niyə dəyərləndirməyək ki?! Məsələn; "Allah Adəmi yaratdı" cümləsini belə oxusaq: "Adəm Allahı "yaratdı". Sonra da insan xisləti başladı sarı simdən çalmağa: "Onun var, mənim niyə yoxdu?" Hə, deyəcəksiniz ki, Adəm tək idi Allahı "yaradanda". Bircə ipucu verəcəyəm: qadınlar həmişə kişi olmağı arzulayırlar, bütün mənalarda, həyatın hər küncündə "kişiləşirlər". Və də, bunu alayarımçıq bacarırlar axı... Ortada cinsi dominantlığın əbədi mübahisəsi var...

Qulu Ağsəsin şeirləri bu noyabr axşamında məni ədəbi mübahisəyə çəkdi özümlə. Anamın bir göyçək xasiyyəti var: mənə zəng edir, açıram, birnəfəsə yeni şeiri deyir və keçirir. Bir gün qınadım: "Anam, bu şeirlərini niyə bir dəftərə yazmırsan?" Anam Göyçə boyda bir "ah" çəkdi, dedi: "Mənim şeirlərim ölü doğulur. Bir sarı beş qəpiklik var, dığırlanır qarşımda, düşmüşəm onun dalınca. Ha yüyürrəm, çatammıram..." Qulu Ağsəs isə deyir:

 

Baxırsan ki:

axşam yazdığı iki sətir

səhər müəllifə qoşulub

çörək dalınca gedir...

 

Hə, bir tikə çörəyin qarşısında iki nədi ey, iki min şeir o qədər mənasız gəlir ki! Çoxdandı yazılarını "qeyd" adıyla o dəftərin küncünə, bu kitabın cildinə, kompüterdəki adsız fayla yazan, çörəkpulu üçün redaktə olunası mətnləri öz yaradıcılığından üstün tutan biri yazır bunu... İnanmasanız, qayıdıb çörəyin müqəddəsliyinə qurban etdiyiniz arzularınıza, xəyallarınıza baxın...

Qulu Ağsəsin "şah bazarı"na çıxan, "sevgi"ni dən gözündə görüb sərçə kimi üşüşən qadınlardan üzr istəmək cəhdinə də inandım. Axı şairdi... Şair tərəfi tutanda yoldakı səki daşını ayaqladığı üçün də üzr istəyəsi qədər abırlı adamdı o.

Elə bunu düşünürdüm ki, gördüm, şair dumanda azıb. Qoltuğuna bir "Ulduz" vurub, düşüb Bakının küçələrinə. Azərbaycan Yazıçılar Birliyinin binasından çıxıb, ayağını yola qoyan kimi, görüb hər yan dumandı. Elə bilib ki, duman Ağdamdan Bakıya onu aparmağa gəlib. Maşınına tərəf gedəsiydi içəridən çıxanda, amma getmədi. Düşdü dumanın ağına; Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının qarşısından keçdi, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının yanından yolu buruldu... Üzübəri gəldi, gəldi, bir də baxdı ki, "28 May" metrostansiyasının qabağında durub dəmiryol vağzalına tərəf baxır. Ağdama qatar vardımı? Gedirdisə, bileti neçəyə idi? Tələsik qoltuğunun altında pencəyinə bərk-bərk sıxdığı "Ulduz"a baxdı. Ürəyindən keçdi: "Gərək, daha çox "Ulduz" götürəydim. Gör, neçə ildir, Ağdama "Ulduz" getmir".

- Ay müəllim, siz də evə metro ilə gedirsiniz?

Səsə çevriləndə gördü ki, bir-iki gənc şair yığılıb başına, hamısı da ona baxır. Başındakı dumanı bu şairlərin hamısının ona dikilmiş ümidli baxışları dağıtdı... Bildi ki, Ağdama hələ qatar getmir... Bildi ki, Bakıdakı duman dağlardan gəlməyib, dənizdən gəlib. Dəniz dumanı da ki, etibarsız olur; şəhərin saçlarına-göydələnlərə bircə ovuc neft qoxusu səpib qayıdacaq...

...Dağ dumanı ağ olmur, boz olur, dağılana yaxın da yaşıla çalır...

...O gün şair Qulunun başındakı dumansa ağ idi...

...Ağ duman...

...Ağ dünya...

...Ağ səs...

Bu misralar isə dua deyildi, Qulu Ağsəsin öz Allahına ərki idi:

 

İlahi, bağışla,

bu gəlişimdə imkan olmadı -

nə sənin üzünü doyunca görüm,

nə də dünyanın...

 





30.11.2023    çap et  çap et