525.Az

Dünya mədəniyyətinin yorulmaz tədqiqatçısı - Allahverdi Eminov yazır


 

Dünya mədəniyyətinin yorulmaz tədqiqatçısı - <b style="color:red"> Allahverdi Eminov yazır</b>

Mən tanınmış ziyalı, publisist, ictimai xadim Telman Orucovun daimi oxucusuyam, neçə illərdir onun yazılarını müntəzəm izləyicisiyəm. Sevinirəm ki, "525-ci qəzet" belə bir məhsuldar müəlliflə əməkdaşlığını itirmir və zəngin dünyagörüşlü, lakonik üslublu, çevik təxəyyüllü bir araşdırıcı oxucularla daima görüşür. Əsrimizdə, informasiyaların bolluğunda oxucuları heyrətləndirmək o qədər də asan deyil. Lazım gəlir ta antik dövrlərdən üzü bizə yol gələn dünya mədəniyyətinin korifey filosoflarının, habelə ədəbiyyat və incəsənət dəyərlərinin, möhtəşəm dövlət saraylarının siyasi liderlərinin dövlətçilik fəaliyyətini, onların əhatəsində olan xadimlərin, söz adamlarının irsinə cari əsrin pəncərəsindən baxasan; həm də seyrçi kimi yox, orijinal tədqiqatçı baxışı ilə. Bu gün Telman Orucov, bəlkə də, bu missiyanı yorulmadan yerinə yetirən yeganə qələm adamıdır. Onun yaradıcılığında antik filosoflar - Sokrat, Platon və Aristoteldən üzü bəri ən fərqli fəlsəfi ideyalar, bədii kəşflər, yüksək ədəbi faktlar ayrı-ayrı simaların timsalında oxuculara təqdim olunur. Telman Orucovun bir ziyalı kimi geniş mütaliəyə  malikdir, onun bu keyfiyyətini telefon söhbətlərimdə də dəfələrlə hiss etmişəm. Yəqin ki, Telman müəlimin yazılarını oxuyan hər bir şəxs mənim bu fikrimlə razılaşar.

İndi isə bir qədər T.Orucovun son tədqiqatları üzərində dayanmaq istərdim. Onun "525-ci qəzet"də çapı davam edən "Əziz dost" haqqında söhbəti böyük və ağır bir işin məhsuludur. Burada söhbət bir qədər uzaq illərin ədəbi materiallarından başlasa da, kənd nəsrindən yazan bir yazıçı ilə məktublaşması fonunda qənaətlər, mülahizələr diqqəti cəlb edir. Müəllif qədim yunanların üz tutduqları Homerin "İlliada" və "Odisseya" poemalarını xatırladır, yazır ki, hər bir avropalı öz beşiyinin başında bu iki ölməz əsərin nəğmələrini eşidib, dünyanı qavramağa məhz bu poemaların sətirləri ilə başlayıb. O vaxta qədər miflər, əsatirlər yazının icadına qədər yaşayıb. T.Orucov yeni məlumatını oxucularla bölüşür: "Yazılar ilk dəfə Şumerdə piktoqrammalardan - şəkil rəmzlərdən səs və heca ifadə edən az sayda hərflərə keçidlə başladı. Bu, mixi yazısı adlanırdı. Finikiyada isə sözlər hərflərin birləşməsində ifadə olunmaqla yazılırdı..."

Telman Orucov kitab mədəniyyətinin insanların zövqünə sirayət etməsi və yayılması zərurətini belə səciyyələndirir: "Mən onu deyə bilərəm ki, kitablar sədaqətli və etibarlı dost simvolu olan Piladdan heç də geri qalmır. Axı Pilad ən çətin anlarda, ən ağır sınaqlarda Orestin ən sədaqətli dostu kimi özünü göstərir". Beləliklə, sivilizasiyanın bəşər həyatında dönüş yaratmasının bir atributu kitabxanaların yaradılması oldu. Yeni Babildəki kitabxana məşhurlaşdı və xeyli sonra ikinci Ərəb xilafətinin paytaxtı olan Kordobadakı kitabxanada 100 mindən artıq kitab saxlanılırdı. O da bəlli olur ki, Harun ər-Rəşidin vəziri Barmakid 800-ci ilə yaxın Bağdadda ilk kağız fabriki tikdirdi və oradan da kağız istehsalı Avropaya yayıldı. Tədqiqatçının araşdırması dəqiqliyi ilə fərqlənir: Qədim dünyanın ən böyük kitabxanalarından biri İskəndəriyyədə idi və Qay Yuli Sezar ordusunun xilası naminə limanda dayanan donanmanı yandırmağı əmr edərkən, alov şəhərə də keçmiş və məşhur kitabxana da yanmışdı. Ərəb xəlifəsi Ömər VII əsrin 40-cı illərində İskəndəriyyə kitabxanasını yenidən yandırtmışdı. Xəlifə bu yanğını onunla əsaslandırmışdı ki, əgər kitabxanada Quranda olduğundan artıq heç nə yoxdursa, onda onu yandırmaq lazımdır.

Mütaliə insanı biliklə zənginləşdirir, qanunauyğunluqlardan və ziddiyyətlərdən baş açmağa hazırlayır ki, təbiət və cəmiyyət hadisələrini şərh etməyə, təqdir və rədd etməyə imkan verən arqumentlərə, elmi əsaslara söykənsin. Bilikli insan taleyin dönük, etibarsız məqamlarında, ömrün uğursuz gedişatında hadisələrdən yuxarıda dayanmağı bacarır, həyatın faniliyinə təslim olmur. İnsan başa düşür ki, qul olmaq insan ləyaqətinə ziddir. Təsadüfi deyil ki, Aristotel qulu danışan və hərəkət edən ikiayaqlı heyvan adlandırırdı. Qədim yəhudilər Misirdə qul olmağın əzablarını görmüşdülər və Allahın köməyi ilə Musa onları qul əsarətindən xilas etmişdi. Ona görə də yəhudilər qərara almışdılar ki, heç bir yəhudi bir daha qul olmamalıdır, bu məqsədə yönəlmiş çox sayda tədbirlər Tövratın "Deyteronomiya" - "İkinci qanun" kitabında öz əksini tapır.

Öz sadə təcrübəmə gəldikdə, mən hələ uşaq olarkən kitablarla dostluğa başladım və bu dostluq illər keçdikcə məhkəmlənərək, mənim dünyamın və axtarışda olan ruhumun bir hissəsinə çevrildi. Yaşadığımız mühit, bizi əhatə edən şərait, əlbəttə, cismani qidamız kimi, ruhu qidamızın da rasionunu müəyyən edirdi. Əvvəlcə, kənd kitabxanasındakı doğma dilimizdə olan kitablar bir-birinin ardınca beynimiz vasitəsi ilə həzm olunurdu. Uşaq dünyagörüşü ilə iri həcmli kitabları oxumağımızla fəxr edirdik.

Telman Orucov ötən on illiklərdə oxucu zövqünü xatırladır və həssaslıqla əsrin tələblərini qiymətləndirir. Müəllifin şərti bölgüsü son dərəcə inandırıcıdır. Albert Moravianın, Erix Remarkın, Ernest Hemenqueyin, Çingiz Aytmatovun, Rəsul Həmzətovun, Valentin Rasputinin, Anatoli Rıbakovun və başqaların dəbdə olan povest və romanların adını çəkir. Maraqlı detala da laqeyd qalmır - ötən əsrin 50-ci illərində populyarlıq naminə yazılan dedektiv romanlarımıza (C.Əmirovun "Qara Volqa" romanını nəzərdə tuturam) münasibəti obyektivdir. Geniş mütaliə dairəsinə malik zəngin yaddaşlı Telman müəllimin memuar janrına oxucu münasibətini xatırlamaq maraq doğurur. Müəllif şəxsi zövqünü gizlətmir, oxuyuruq: "Sonralar isə İkinci Dünya müharibəsi tarixinin birtərəfli, primitiv səviyyədə, kütləvi öyrənilməsi başlandı. Buna start verən general Ştemenkonun Baş Qərargahın müharibə dövründəki fəaliyyətinə həsr olunan kitabı oldu və əslində, bu, "buzun əriməsi", "mülayimləşmə" dövründə şəxsiyyətə pərəstişin ciddi damğalanması ilə əlaqədar xidmətləri bütünlüklə inkar edilən Stalinin fəaliyyətinin tarixi və bədii əsərlərdə reabilitasiyası tonqalını alovlandırmağa səbəb olan ilk kibrit çöpü rolunu oynadı. Hamı aviasiya konstruktoru Yakovlevin, hərbi və dövlət xadimlərinin Stalinlə bağlı müşahidələrini əzbərləməyə cəhd edirdi. Hətta Tehran konfransında tərcüməçilik etmiş Berejkovun adi primitiv misallarla Stalinin xidmətlərini mədh edən detallar, marşal G.K.Jukov tərəfindən ilk dəfə açılan sirr - Stalinin doğma oğlunun almanlara əsir düşməsi və onun acı aqibəti barədə hekayətlər bir neçə illər ərzində məclislərdə ən çox misal çəkilən ibrətamiz pritçalara çevrilmişdi. Bu hərbi xadimin "Xatirələr və düşüncələr" əsəri istisna olmaqla, digər hərbi xadimlərin aşağı səviyyəli memuarları bir-birinin ardınca yağışdan sonrakı göbələk kimi çoxalmağa başladı. Sonralar V.M.Molotovun bu əsər haqqındakı mənfi rəyi ilə də tanış oldum. Bu əsərlərdə hər kiçik təpənin və yaşayış məntəqəsinin alınması barədə bütün hərbi hazırlıqlar və hərəkət təsvir olunurdu, yorucu, maraqsız detallarla dolu səhnələr verilirdi. Lakin çoxları bu əzici dövrdən çıxa bilmirdi və zəif memuarları, ağıl və ruh üçün heç nə verməyən bu kitabları oxumaq üstündə elə bil ki, elan olunmamış bir müsabiqə gedirdi".

Telman Orucov dünyanın ən dahi mütəfəkkirlərinin kitab haqqında fikirlərindən yan keçmir, varlığa hakim olmaqda bu bilik mənbəyinə qiymətsiz vasitə kimi yanaşır. Daha sonra isə yazır ki, kitablardan həm də xalqların xarakterlərinin yumşaldılması, onların qəddar təbiətlərinin mülayimləşdirilməsi üçün istifadə edilib. Sparta qanunlarının yaradıcısı Likurq İoniyadan Homerin əsərlərinin ayrı-ayrı parçalarını öz vətəninə bu məqsəd üçün gətirmiş, Krit adasından olan şair Falesi də doğma ölkəsinə göndərmişdi. Axı spartalılar Lakoniya zərb məsəllərindən başqa heç nəyə malik deyildilər və özlərini yalnız hərbi hazırlığa həsr edirdilər. Qədim romalılar da uzun müddət kobud hərb sənətinə üstünlük verirdilər və bu cəhətdən lakedemoniyalılara bənzəyirdilər. Lakin sonralar romalılar ədəbiyyata, ümumən, mədəniyyətə xüsusi fikir verməyə başladılar. Kiataba ehtiramı ilk dəfə Romuldan sonra Romada ikinci çarlıq edən Numa Pompili başlamışdı, o, vəsiyyət etmişdi ki, onu, ktabları ilə birlikdə dəfn etsinlər.

Telman Orucov mütaliə məsələsinə də orijinal yanaşır. Onun fikrincə, oxumaq şifahi nitqi dinləməkdən daha effektlidirsə, yazılmış mətni oxunduqda onu mənimsəmək, təhlil etmək daha asandır: "Kitab oxumaq, nitqin demək olar ki, hipotik təsirini heçə endirir. Çarlz Persi Snou yazırdı ki, Lev Trotski bəzən öz nitqinin cazibəsi altına düşürdü".

T.Orucov bir dəfə mənə dedi ki, hansı ölkəyə səfər edirdisə, özü ilə kitab götürməyi unutmurdu, necə deyərlər, "iki daşın arasında" oxuyurdu, hətta qeydlər aparırdı. O, mütaliə yerini heç bir məşğuliyyətə güzəştə getmir. ABŞ prezidentləri içərisində Tomas Ceffersondan sonra ən çox mütaliə edən Teodor Ruzvelti xatırladır: "T.Ruzvelt heç yerə, hətta Afrikanın cəngəlliklərinə də özü ilə oxumaq üçün kitab götürməmiş getməzdi, hətta ova gedəndə də özü ilə bir-iki kitab götürürdü".

Qərara gəldim yazıma nöqtə qoyum. Çünki Telman Orucovun zəngin yaradıcılığı bir məqaləlik deyil, oxuduqca daha dərinə varırsan, düşünürsən. Bir araşdırıcının, publisistin, obrazlı üslub sahibinin erudisiyasına, enerjisinin tükənməzliyinə heyrətlənirsən. Belə düşüncə sahiblərinin yaradıcılığına isə həmişə ehtiyacımız var.

 

 





30.11.2023    çap et  çap et