ABŞ-ın ikili standartlara əsaslanan, demokratiya, insan haqları adı altında bir sıra regionlarda reallaşdırdığı ssenarilər artıq ifşa olunmaqdadır. Tarixə nəzər salanda, Birləşmiş Ştatların Yaxın Şərqdə, post-sovet məkanında və dünyanın digər qitələrində, o cümlədən, Latın Amerikasında, Asiyada törətdiyi qanlı əməllər, kütləvi qətllər, insan faciələri göz önünə gəlir. Təkcə ABŞ-ın Vyetnamla müharibəsinin 4 milyona yaxın qurbanı var. Onların arasında dinc əhali üstünlük təşkil edir. ABŞ bu müharibədə qadağan edilmiş bombalardan istifadə etdi, hansı ki, Vyetnam hələ də onun mənfi fəsadlarını görməkdədir. ABŞ-ın Koreya müharibəsində iştirakı da çox sayda insanların ölümü ilə nəticələndi. Şimali və Cənubi Koreya dövlətləri arasında 1950-ci il iyunun 25-dən 1953-cü il iyulun 27-ə qədər davam etmiş hərbi münaqişə ABŞ-ın müdaxiləsi ilə daha ağır nəticələrə, daha çox insan itkisinə səbəb oldu. ABŞ Cənubi Koreyaya hərbi yardım göstərmək məsələsini BMT Təhlükəsizlik Şurasında qaldırdı və SSRİ-nin iştirakı olmadan qərar qəbul olundu. Həmin gün ABŞ rəhbərliyi Şimali Koreyaya qarşı hərbi əməliyyatlara başlamağa göstəriş verdi. Danışıqların aparılmasına baxmayaraq, hərbi əməliyyatlar davam edirdi. Bu müharibə Koreya xalqına böyük bəlalar gətirdi. Əksəriyyəti şimaldan olmaqla milyonlarla dinc əhali və əsgər həlak oldu və yaralandı. Ölkənin iqtisadiyyatına güclü zərər dəydi. Müharibə zamanı itkilərin təxminən hər iki tərəfdən 3 milyona yaxın olduğu məlumdur. Beləliklə, ABŞ-ın müdaxiləsi və öz müttəfiqlərini cəlb etməsi təkcə Koreyadan 3 milyon insanın qətlinə səbəb oldu. Üstəlik, havadan bombardman nəticəsində çoxsayda mülki insanlar öldürüldü. Necə ki, biz eyni ssenariyə yaxın tariximizdə də şahidlik etdik. ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Yaxın Şərqdə, həmçinin Əfqanıstanda əməliyyatlar zamanı hava zərbələri nəticəsində çoxsayda mülki insanın qətlinə səbəb olublar. Amma bu cinayətlərinə görə hər hansı məsuliyyətə cəlb olunmayıblar. Çünki ABŞ üçün mülki insanların həlak olması heç bir önəm kəsb etmir.
ABŞ Laos və Kambocada da vətəndaş müharibələrinə müdaxilə edib, eyni zamanda, Vyetnam müharibəsindən hər iki ölkə ciddi ziyan çəkib. Ümumiyyətlə, Laos Vyetnam müharibəsində ən çox bombardman edilən ölkə olub. Bombaların təxminən 30 faizi partlamamış vəziyyətdə idi. Birləşmiş Millətlər Təşkilatı (BMT) Davamlı İnkişaf Məqsədləri ilə 2030 gündəmini təyin edərkən, Laos üçün əlavə bir hədəf də daxil etdi - ölkəni təhlükəli partlamamış əşyalardan qurtarmaq. 1970-ci ildə ABŞ və Cənubi Vyetnamın silahlı qüvvələrinin Kambocaya müdaxiləsi nəticəsində ölkəyə ciddi ziyan dəydi. Döyüşlər 2 milyondan çox insanı qaçqın vəziyyətinə gətirdi və ölkə iqtisadiyyatı böyük zərərə məruz qaldı.
ABŞ-ın dünyada törətdiyi fəlakətli hadisələrdən biri də Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə atom bombası atmasıdır. Bu, bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və yeganə nümunədir. İkinci Dünya müharibəsinin sonlarında Sakit Okean cəbhəsində aparılan hərbi əməliyyatlar çərçivəsində ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə həyata keçirilmişdi. Atom bombası böyük partlayışlara və on minlərlə insanın ölümünə səbəb oldu.
Bu gün isə Vaşinqtonun müəllifi olduğu "rəngli inqilablar" xalqlara, dövlətlərə böyük faciələr gətirməkdədir. "Ərəb baharı" adı altında inqilabların baş verdiyi ölkələr hələ də özünə gələ bilməyib. İraq, Livan, Suriya, Yəmən, siyahını uzatmaq olar. ABŞ Əfqanıstanı daha acınacaqlı duruma salıb. Əfqan xalqı illərdir ki, aclıq, səfalət içində yaşayır. ABŞ 20 ildən artıq mövcud olduğu Əfqanıstanda xalqın həyatının dəyişməsi, ölkənin inkişafı üçün hər hansı addım atmadı. Sonda isə ölkəni bataqlığın dibinə salaraq tərk etdi.
Bu gün Qəzzada baş verənlərin ssenari müəllifi də Vaşinqtondur. Rusiya-Ukrayna qarşıdurmasını alovlandıran və bu alovu sönməyə qoymayan məhz Amerikadır. Ukraynanın düşdüyü vəziyyət acınacaqlıdır, ölkə bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzədir. Müşahidə etdiyimiz odur ki, ABŞ digər ölkələrdə reallaşdırdığı ssenarini Ukrayna üzərindən də aparır. Müharibə iki ilə yaxındır davam edir, amma nə Ukrayna ərazi bütövlüyün bərpa edib, nə hansısa irəliləyiş var, nə də müharibənin sonu görünür. ABŞ və Qərb isə Ukraynadan dəstəyini kəsməyə hazırlaşır. Ara-sıra hansısa yardımların edildiyi barədə bəyanat və açıqlamalar olur, amma bu vəd edilən dəstək deyil. Eyni zamanda bir sıra mənbələr artıq Ukraynaya yardımların dayandırılacağını yazırlar.
ABŞ-ın məqsəd və məramı bəllidir. Öz maraqlarını təmin etmək, istədiyinə nail olduqdan sonra isə ölkələri girdabın içində qoyub, geri çəkilmək. Avropanı Rusiyanın enerji resurslarından məhrum edən ABŞ bu böyük bazarı özününküləşdirib.
ABŞ zaman-zaman Azərbaycanda siyasi sabitliyi pozmağa, cəmiyyətdə nifaq toxumu səpməyə cəhd edib, amma niyyətinə çata bilməyib. Çünki Azərbaycan dövləti kiminsə maraqlarından deyil, xalqın və dövlətin maraqlarından, mənafeyindən çıxış edir.
Bəlli olan odur ki, ABŞ-ın xarici siyasəti riyakarlıq üzərində qurulub. Bu siyasətdən danışanda, Gürcüstanı da unutmaq olmaz. Gürcüstanı məhz ABŞ Rusiya ilə müharibəyə sürüklədi. Bu gün Gürcüstan nə ərazi bütövlüyünü təmin edib, nə də vəd edilən Avropa İttifaqı, NATO üzvlüyünə qəbul olunub.
ATƏT MQ-nin həmsədri kimi də ABŞ heç bir iş görmədi, həmsədrlər turist səfərləri gerçəkləşdirdilər, növbətçi bəyanatlar verdilər. Bu təşkilat və onun həmsədrlərindən biri olan ABŞ uzun illər münaqişənin dondurulmuş vəziyyətdə qalması üçün əlindən gələn hər şeyi etdi. Qarabağdakı qondarma rejimə hər il mina təmizləmə adı altında milyonlarla dollar yardım verildi. Separatçılar ABŞ-a səfər edərək "Qarabağa yardım" adı altında vəsait topladılar. Məhz ABŞ-da Qarabağdakı cinayətkar rejimin ofisi yaradıldı, rejimin nümayəndələri Amerikaya səfər edərək ayrı-ayrı səviyyələrdə görüşlər keçirdilər. Üzdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunsa da, arxada Ermənistan və Qarabağdakı separatçı rejimə dəstək verildi.
Azərbaycan öz gücünə ərazi bütövlüyünü bərpa etdikdən sonra isə ABŞ riyakarlığını gizlədə bilmədi və açıq şəkildə ölkəmizə qarşı iş aparmağa başladı. Amma Azərbaycanın qətiyyətli mövqeyi, iradəsi nəticəsində geri addım atdı. Rəsmi Bakı bununla həm də onu nümayiş etdirdi ki, müstəqil siyasət aparır və heç kim, hətta hegemon dövlət kimi bütün dünyaya öz iradəsini diktə etməyə çalışan ABŞ belə onunla təzyiq dilində danışa, nəyisə diktə edə bilməz.
Qeyd olunanlar bir daha onu aşkara çıxarır ki, dünyada bütün gərginlik nöqtələri ABŞ-ın istəyi və planlarına uyğun yaradılır, bütün siyasi oyunların bir məqsədi var: hər hansı regionda və ya ölkədə Amerikanın maraqlarını təmin etmək, həmin ərazinin sərvətlərini nəzarətə götürmək və istismar etmək. ABŞ-ı nə demokratiya, nə insan hüquqları, nə sülh, nə də sabitlik maraqlandırır. ABŞ indiyə kimi heç bir regiona, dövlətə bu sadaladığlarımızı bəxş etməyib. Bundan sonra da etməyəcək. Yəni ABŞ öz riyakar, ikiüzlü siyasətini davam etdirəcək. Təbii ki, güclü, qətiyyətli lideri olmayan dövlətlər də bu siyasətin qurbanına çevrilməkdə davam edəcəklər.
çap et