525.Az

Xankəndidə Qarabağ Universiteti: təhsil tariximizin parlaq səhifəsi


 

Xankəndidə Qarabağ Universiteti: təhsil tariximizin parlaq səhifəsi<b style="color:red"></b>

Noyabrın 28-də Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması ilə bağlı Sərəncam imzaladı. Sərəncamda qeyd olunub ki, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxs yaradılır.

Elm və təhsil naziri Emin Əmrullayevin fikrincə, Qarabağ Universitetinin yaradılması çox önəmli addım və çoxdan gözlədiyimiz fürsətdir. Çünki orada hər şeyi yenidən və düzgün qurmaq imkanımız olacaq. Həmin universitetin timsalında elm və ali təhsilin inteqrasiyası daha yaxşı qurulacaq: "Ancaq şəxsi maraqların böyük elmi maraqları üstələməməsinə çalışmaq lazımdır. Əminəm ki, bunu edə biləcəyik. Bir günə universitet yaratmaq mümkün deyil. Ancaq inanmaq istəyirik ki, 2024-cü ilin sentyabr ayında tələbələri, tədqiqatçıları, gənc alimləri orada görmək imkanımız olacaq. Ümumilikdə həmin universitetdə bütün mümkün resurslardan istifadə edəcəyik. Elm sahəsi üzrə fəaliyyətin dürüstlük prinsipi əsasında izlənilməsi üçün əlimizdən gələni edəcəyik".

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Bəxtiyar Əliyev deyib ki, Prezident İlham Əliyev Qarabağ Universitetini Xankəndi şəhərində yaratmaqla tarixi ədaləti bərpa etdi: "Düz 50 il bundan əvvəl - 28 noyabr 1973-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xankəndi şəhərində Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filialı yaradılıb. O zaman Xankəndi şəhərində müstəqil ali təhsil müəssisəsinin yaradılmasında məqsəd Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində yaşayan vətəndaşlarımızın ali təhsil alması, ümumtəhsil məktəblərimizin müəllimlərlə təmin edilməsi idi. Bu, həm də rayonlarımızda ziyalı potensialının gücləndirilməsinə, əhalinin maarifləndirilməsinə və erməni separatizminin qarşısının alınmasına xidmət edirdi".

Millət vəkili bildirib ki, təəssüf, Ermənistanın təhriki və ovaxtkı sovet rəhbərliyinin fəaliyyətsizliyi nəticəsində erməni daşnaklar, separatçılar Qarabağda azərbaycanlılara qarşı böyük faciələr - soyqırımı və etnik təmizləmə törətdilər. Bunun qarşısını almaq əvəzinə SSRİ Nazirlər Soveti 16 oktyabr 1988-ci ildə Xankəndi Pedaqoji İnstitutunun bağlanması haqqında qərar qəbul etdi. Bütün azərbaycanlı professor-müəllim heyəti və tələbələr Xankəndi şəhərindən bu yolla çıxarıldılar. Bu da azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə planının bir tərkib hissəsi idi.

Onun sözlərinə əsasən, Prezident İlham Əliyev Qarabağ Universitetini yaratmaqla bir tərəfdən tarixi ədaləti bərpa etdi, digər tərəfdən isə doğma diyarı yenidən qurmaq üçün həmin bölgədən olan gənclərin bu universitetdə təhsil alaraq yüksəkixtisaslı kadrlara çevrilməsinə, bölgənin sürətlə inkişaf etdirilməsinə imkan yaratdı: "Əminəm ki, Qarabağ Universiteti dünyanın ən müasir təhsil müəssisəsi olacaq və Azərbaycanın inkişafına böyük töhfələr verəcək".

Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, Qarabağ regionunda ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub: "Təəssüf ki, ali təhsil müəssisəsi 1988-ci ilədək fəaliyyət göstərib. Artıq Qarabağ azaddır. Bu gün qarşımıza mühüm hədəf və məqsədlər qoymuşuq. Hesab edirəm ki, bölgələrdə yeni universitetlərin yaradılması Bakıda sıxlığın qarşısını nisbətən almağa köməklik edə biləcək. Qarabağ Universitetində bütün sahələr üzrə mütəxəssislərin yetişdirilməsinə önəm verməliyik. Geniş kampuslu müasir təhsil müəssisəsinin yaradılmasına ehtiyac var. Beynəlxalq universitetin yaradılması yaxşı olardı. Bir neçə dildə universtitetin yaradılması, xarici ölkələrdən tələbələrin cəlb edilməsi üçün addımlar atılmalıdır".

Millət vəkili hesab edir ki, Azərbaycan gəncləri Qarabağ Universitetinə maraq göstərəcəklər: "Bu gün hər bir azərbaycanlının ürəyi Qarabağla döyünür. Əminəm ki, gənclər Qarabağ Universitetində təhsil almaq istəyəcəklər, çünki hər birimizin istəyi Qarabağın azad edilməsi idi. Arzumuza çatmışıq və çox önəmli mərhələyə daxil olmuşuq. Bu, yeni imkanlar və fürsətlər yaradacaq. Müasir təhsil müəssisəsi yaradacağımıza inanıram".

Təhsil eksperti Nadir İsrafilov bildirib ki, Qarabağda şəhərcikləri olan universitet yaradılır ki, tələbələr orada həm oxusunlar, həm də rahat yaşasınlar. Qarabağın sosial-iqtisadi inkişaf perspektivləri ilə bağlı vahid strategiya çərçivəsində çoxsahəli bir universitet nəzərdə tutulur. Bundan başqa, Qarabağda həmişə əkinçilik və maldarlıq inkişaf edib. Bu sahələrdə də kadr hazırlamaq lazımdır: "Qarabağda universitetin açılması ixtisaslı kadrlar hazırlığını paytaxtdan bölgələrə yönəltmək işinə də ciddi dəstək olacaq. Orada təkcə ali təhsili deyil, həm də peşə təhsilini inkişaf etdirmək vacibdir. Texniki məktəblərdə və kolleclərdə kənd təsərrüfatı, inşaat və iqtisadi peşələrə tələbat olacaq, gələcəkdə turizm xidmətləri, tibb və s. sahələrdə kadrlara ehtiyac duyulacaq. Ümumiyyətlə, regionun coğrafi mövqeyi, digər regional xüsusiyyətlər nəzərə alınmalıdır".

Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, Xankəndidə fəaliyyətə başlayacaq Qarabağ Universiteti təhsilin brendi olacaq. Qarabağda ayrıca bir dövlət universitetinin yaradılması və onun Qarabağ Universiteti adlandırılması çox böyük hadisədir: "Təhsil dövlətçilik siyasətinin əsas vuran qolu, təməl nöqtələrindən biri olub. Məsələnin bir neçə rakursdan faydaları var: dövlətçiliyə dəstək, azad olunmuş Qarabağ adının təhsil seqmentində də var olduğunu göstərmək, tədrisin keyfiyyəti. Qarabağ Universiteti bəlkə də, Azərbaycanın xüsusi təhsil göstəricilərinə malik olan ən böyük ali təhsil müəssisəsi olacaq".

K.Əsədovun dediyinə görə, orada tibb təhsili ilə yanaşı, dövrün əsas ixtisaslarından olan İT istiqaməti, mühəndislik, digər kriteriyalar da tədris olunacaq: "İşğaldan azad edilmiş ərazilərin quruculuğunda təhsil müəssisələrinin tikintisi, bərpası və tədrisin təşkili vacib amildir. Çünki təhsil insanların işğaldan azad edilmiş ərazilərdə sürətlə məskunlaşmasına, eyni zamanda həmin ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşların övladlarını təhsil almaq şəraitinin yaxşılaşdırılması üçün bu, vacib amildir".

Ekspert xatırladıb ki, İlham Əliyevin hazırda qarşıya qoyduğu ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərin bərpasıdır: "Hesab edirəm ki, bu prosesdə Azərbaycan təhsili də fəal iştirak etməlidir. İşğaldan azad edilmiş ərazilərdə xidmət keçən şəxslərin məktəbyaşlı övladlarının təhsil hüququnun təmin edilməsi, onlar üçün təhsilin əlçatanlığının təmin edilməsi zəruridir. Buna görə işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir".

K.Əsədov vurğulayıb ki, Qarabağ Universitetində, ilk növbədə, Qarabağ regionunun inkişafı üçün kadr potensialı yetişdirilməli, ixtisaslar bölgənin spesifikasına uyğun formada müəyyənləşməlidir: "Eyni zamanda, universitetdə Qarabağın tarixinin tədris olunmasına xüsusi diqqət yetirilməlidir. Həmçinin düşünürəm ki, universitetə xarici ölkələrdən də təhsil almaq üçün tələbələr cəlb olunmalıdır. Üçüncüsü isə, buradakı universitetlərdə hüquq fakültələri açılmalıdır. Çünki şahidi olduq ki, Dağlıq Qarabağ münaqişəsi zamanı ən böyük problemlərimizdən biri həmin ərazilərdə hüquq-mühafizə orqanlarında azərbaycanlı kadrların azlıq təşkil etməsi idi. Hətta orada Polis Akademiyası da açmaq olar. Qarabağda təkcə ali təhsili deyil, həm də peşə təhsilini inkişaf etdirmək vacibdir. Qarabağda şəhərcikləri olan universitetlər tikmək lazımdır ki, tələbələr orada həm oxusunlar, həm də yola vaxt itirmədən yaşasınlar".

Millət vəkili Arzu Nağıyev deyib ki, Qarabağ Universiteti gələcəkdə perspektivli ali təhsil müəssisələri sırasında olacaq. 44 günlük Vətən müharibəsində qazanılmış böyük qələbədən sonra əsas məsələ işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın təmin olunmasıdır: "Məlumdur ki, "Böyük Qayıdış" dövlət proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdacaq sakinlərin evlərlə, həmçinin işlə və bunlara paralel olaraq onların təhsil almaq hüququnun təmin edilməsinə ciddi fikir verilir. Ona görə də Qarabağ və işğaldan azad olunmuş digər ərazilərdə universitetlərin, müxtəlif təhsil ocaqlarının yaradılması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri hesab olunur".

Millət vəkilinin söylədiyinə görə, tarixən Qarabağda elmə-təhsilə xüsusi qayğı göstərilib və daimi bu məsələ diqqətdə saxlanılıb: "Bu baxımdan ali təhsil müəssisəsinin ilk olaraq məhz Xankəndidə yaradılması xüsusilə vacibdir. Bu addım həm də regionda yüksək ixtisaslı kadrların hazırlanması baxımından olduqca əhəmiyyətlidir. Hesab edirəm ki, Qarabağ Universiteti gələcəkdə perspektivli ali təhsil müəssisələri sırasında olacaq. Bu təhsil ocağı 1969-cu ildə Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi zaman Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə ümumiyyətlə, fəaliyyətini dayandırıb".

Sevinc QARAYEVA

 





01.12.2023    çap et  çap et