525.Az

Eldən gedən Eldost müəllim...


 

VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI, HƏR KƏSİN SEVGİSİNİ QAZANMIŞ ELDOST MÜƏLLİM DAİM QƏLBİMİZDƏDİR

Eldən gedən Eldost müəllim...<b style="color:red"></b>

Saatlıda minlərlə insanın axışdığı

izdihamlı vida mərasimindən sonra

düşündüm ki, Eldost müəllimin

qazandığı bu hörməti, izzəti heç

nə ilə müqayisə edə bilməyəcəm.

 

"Mən bu eldə-obada hər hansı bir insana bənzətdim ki, Eldost müəllimi, məzarının üstündə minlərlə insan qəhərlənib ağlamış olsun..."

İkinci Qarabağ müharibəsi iştirakçısı Eldost Azayev bu hörməti Vətənə sevgisi, öz davranışları, şücaəti ilə qazanmışdı.

Hər kəs onunla sonuncu dəfə vidalaşmağa tələsirdi. Rayonda iştirak etdiyim dəfn mərasimlərindən ən izdihamlısı idi. Eşidən-bilən bütün rayon əhalisi dəfnə axışırdı... Çiyinlərində yorulmadan, yaşadığı evindən direktoru olduğu məktəbə, oradan isə bir neçə kilometr məsafədə olan məzarlığa daşıdılar onun nəşini. Bu, Eldost müəllimə olan sevginin, hörmətin təzahürü idi. İnsanlar onu sanki elə qollarında saxlayıb, torpağa tapşırmaq istəmirdilər. Hamı göz yaşı axıdırdı. Belə bir şəxsiyyətin 44 yaşında torpağa tapşırılmasını heç kim istəmirmiş kimi görünürdü. Heyif səndən, Eldost müəllim! Evindən yox, elindən getdin.

Saatlı öz fəxr olunası igidini itirdi, çox heyif. Belə şəxsiyyət yetişdirmək bir də qismət olmayacaq, düşünürəm...

O, həm məktəbdə işlədiyi müddətdə, həm 44 günlük Vətən müharibəsinə direktor vəzifəsindən

ehtiyatda olan zabit kimi könüllü olaraq qatılması, döyüşlərdə göstərdiyi şücaəti ilə insanların böyük sevgisini, hörmətini qazanmışdı. Əlinə silah alıb torpaqlarımızın azadlığı uğrunda axıra qədər vuruşub, sonra isə yenidən məktəbə qayıdıb, direktor vəzifəsini davam etdirirdi.

Eldost müəllim 44 günlük müharibədə örnək vətən övladlarından birinə çevrildi.

"Müharibəyə könüllü qatılan direktor" başlığı ilə KİV-lər onun haqqında yazilar dərc edir, TV-lər reportajlar hazırlayırdılar. Bir müsahibə zamanı ona sual verilmişdi ki, "Necə oldu ki, könüllü müharibəyə qatıldınız", cavab olaraq isə "Qarabağ münaqişəsi oğlum Mustafaya qalmasın düşünərək, müharibəyə qoşuldum", demişdi.

Eldost müəllimin yaşıdı olan nəsilin nümayəndələri - atalar, əmilər, dayılar, veteranlar bu müharibəyə qoşularaq, milyonlarla gənc nəsillərin azad, bütöv Azərbaycanda firavan yaşamalarını təmin etdilər.  Minlərlə belə igidlərimiz ölümdən qorxmadan, 44 günlük müharibəyə qatılaraq "Dəmir Yumruq" ətrafında  sıx birləşib, düşmənə dərs verdilər. Onların sayəsində gələcək nəsillər əmin-amanlıq içində yaşayacaq, güllə səsləri eşitməyəcək.

Dövləti qüdrətli edən onun ağıllı, savadlı, cəsarətli, fərasətli, qorxmaz vətəndaşlarıdır, Eldost kimi müəllimləridir.

Xatırladım ki, Eldost Azayev 2011-ci il tarixindən riyaziyyat müəllimi işlədiyi Əhmədbəyli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunmuşdu. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 oktyabr tarixli sərəncamı ilə  Azayev Eldost Səmidağa oğlu Tərəqqi medalı ilə təltif olunmuşdu. Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanlarına layiq görülüb.

2020-ci ildə leytenant olaraq könüllü qatıldığı 44 günlük müharibədə baş leytenant rütbəsi, Cəbrayılın və Qubadlının azad olunması medalları ilə təltif olunmuşdu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilmişdi.

Mərhumun özündən sonra 17 və 18 yaşlarında iki övladı qaldı. Düşünürəm ki, yaşadığı kənd və direktoru olduğu məktəbin bundan sonra onun adını daşıması və ərazidə büstünün qoyulması hamının ürəyincə olar.

Yerin cənnət olsun, əmioğlu. Sizi hər zaman sevgi və hörmətlə anacağıq.

Başınız sağ olsun saatlılılar!

Allah rəhmət eləsin.

LAÇIN ABASOV

 

 





01.12.2023    çap et  çap et