525.Az

Heç demə, varmışsan sən də dünyada - Nəcməddin Mürvətovdan poetik nümunələr


 

Heç demə, varmışsan sən də dünyada - <b style="color:red"> Nəcməddin Mürvətovdan poetik nümunələr </b>

Tanınmış pedaqoq və şair Nəcməddin Mürvətovun bu günlərdə 70 yaşı tamam olur. Doğma rayonu Siyəzəndə yaşayıb-yaradan N.Mürvətov bölgənin ədəbi-mədəni və təhsil mühitində sayılıb-seçilən insandır. Bununla bərabər, ümumən ölkə ədəbi mühitində də onun özünəməxsus yeri var. Respublikanın əməkdar müəllimi, Beynəlxalq Rəsul Rza Mükafatçısı olan yubilyarı 70 illiyi münasibətilə təbrik edir, bir neçə şeirini oxucuların diqqətinə çatdırırıq.

 

Təəssüf

 

Şəklinə baxıram, ötən illəri

Gətirir xəyala, salıram yada.

Heyif, ötürmüşəm onda nələri,

Heç demə, varmışsan sən də dünyada.

 

Yanımdan ötmüsən o yan-bu yana,

Saysız yadlar kimi, adilər kimi,

Onda çevriləydin gərək həyana,

Gərək fəth edəydin onda qəlbimi.

 

Bəlkə neçə kərə nəzərlərinlə

Məni oğrun, gizlin süzüb keçmisən.

Görmüsən laqeydəm, acıqla, kinlə

Halıma yaraşan qarğış seçmisən.

 

Həsəd də aparıb bəlkə birinə,

Mən köks ötürmüşəm sənin yanında.

İstəyim olub ki, onun yerinə,

Mən özüm olaydım həmin o anda.

 

Bu tale qisməti, tale oyunu,

Kim-kimə tuş gəlir harda - bilinmir.

Çoxunun bizimtək bükülür boynu,

Ağrılar içində danışmır, dinmir.

 

"Xoşbəxtsən?" gecikib bu sorğu-sual.

Həm sənə aydındır cavab, həm mənə.

Yaxşısı budur ki, tapdıqca macal

Dalaq xəyallara hey dönə-dönə.

 

Hərənin bir ömrü

 

Bir ömür yaşayır hərə, bir ömür:

Sevincli ya da ki qəm-kədər dolu.

Ömrün anı var ki, fərəhə dönür,

An da var, gətirir əzablı yolu. 

 

Sən nə sayırsan say, fələk sayandır,

Qürurluyla çəkər haqqı-hesabı.

Döşünə döyəni edər xəcil-xar,

Bağlayar üzünə açıq kitabı.

 

Uçurum üstündən ümidsizləri

Zirvəyə qaldırar, çıxarar önə.

Ağıl bəxş eyləyir, verər hünəri,

Bir anda, qartala, aslana dönə.

 

Kimini tanıdar gözü-könlü tox,

Kimini qul eylər öz ac nəfsinə.

Qudurub yolunu azanlar da çox,

Girməzlər yaxşılıq etmək bəhsinə.

 

Birisi diriykən cansızdır, bir bax,

Can verən qazanar ölümsüzlüyü,

Ölümün üstünə yeriyəndə şax,

Qoruyar həm haqqı, həm dürüstlüyü.

 

Hərəyə bir ömür - Tanrının payı,

İstərsən boşa ver, istərsən yaşa.

Bir ömür! Daha yox bundan savayı,

Onu hərə bir cür yetirər başa.

 

Dönürük yada

 

Yaman dalayırıq bir-birimizi,

Yaxın qohum-qardaş çevrilir yada.

Bilmirik heç böyük-kiçik yerini,

Düşürük heç nədən tərsə, inada.

 

Saqqız tək çeynənir adi kəlmə, söz,

Kökləyir qəlbləri kin-küdurətə.

Qəlblərə hikkədən köz basılır, köz,

Haqq donu biçilir çox qəbahətə.

 

Qalmayıb kimsəyə etibar, inam,

Təkcə öz xeyrinə səy edir hərə.

Beyində dolaşır şübhəli məram,

Asan yol verilir böhtana, şərə.

 

Hamı sayır aqil, müdrik özünü,

Yoxdur ki götürən öyüd-nəsihət.

Ağzını açanlar yumur gözünü,

Deyir, təkcə mənəm düz-dürüst, əlbət!

 

O bunu, bu onu salır çətinə,

Hərə öz dərdiylə qalır tənha, tək.

Qəsd edir, toxunur ləyaqətinə,

Yamanca tez çıxır yaddan duz-çörək.

 

Üzür qanan kəsi bu ağrılı hal,

Düşünür: bununla gedirik hara?

Salır çarəsizlik ürəklərə xal,

Yol açır olmazın qəmə, qubara.

 

Qayğılarım

 

Qayğılarım azalmır ki, artır hey,

Hər birinin bambaşqa da çözümü.

Vaxt tapmıram, gah çaşqınam, gah da key,

Qayğılarım çox qorxudur gözümü.

 

Növbə tutmur, yürüyürlər üstümə,

Yoruluram eşitməkdən "mən, mən"i.

Bax başımdan göyə qalxan tüstümə,

Beynimdədir qayğıların sis-çəni.

 

Dəli təki yapışanı yaxamdan,

Arsızlıqla kürəyimə minən var.

Hara qaçım, de, başıma çıxandan,

Lağla baxan, qeyzlənən, dinən var.

 

Fənalığım bax bundandır, şübhəsiz,

Hədər yerə diqqət çəkir görkəmim.

Bircə anım keçmir qayğı-qüssəsiz,

Bircə anda yüzə dönür bir qəmim.

 

Əhvalımı gəlib sormur bircə kəs,

Sirdaş biləm onu, ülfət bağlayam.

Çiyin də yox, barı ona söykənib

Səssiz-küysüz, için-için ağlayım.

 

Qayğılarım azalmır ki, artır hey,

Hər birinin bambaşqa da çözümü.

Vaxt tapmıram, gah çaşqınam, gah da key,

Qayğılarım çox qorxudur gözümü.

 





01.12.2023    çap et  çap et