525.Az

Yaşamağa haqqı olan işıq - Nadir Yalçın yazır


 

XALQ ŞAİRİ MƏMMƏD ARAZIN ANIM GÜNÜNDƏN QEYDLƏR

Yaşamağa haqqı olan işıq -<b style="color:red"> Nadir Yalçın yazır</b>

Deyirlər, qış fəsli dekabrın 21-dən 22-ə keçən gün başlayır. İnanmıram... Qış elə dekabrın 1-dən başlayır. 19 il əvvəl dekabrın 1-də Xalq şairi Məmməd Araz əbədiyyətə qovuşmaqla qışı tələsdirdi, poeziyamızın soyuq vədəsini yetişdirdi... 19 il sonra dekabrın 1-də çox tozanaq atlını təmkin atı ilə keçən kişinin adını tutub üzü Fəxri xiyabana gedəndə qışın məhz bu gün qədəm qoyduğuna bir daha əmin oldum.

- Nadir, xoş gördük.

Qəhrəman atası qəhrəmanı - Nofəl Qasımovu görəndə adam nədənsə sevinir və onun gözəl aurası insanın ovqatını dəyişir.

Millət vəkili, yazıçı Aqil Abbas kanalların birinə müsahibə verirdi, jurnalistlər onu haqlamışdılar, şairin yadigarları - "Ədalət" qəzetinin baş redaktoru, publisist İradə Tuncay, Şəlalə xanım da orda idilər: "Məmməd Araz özünü yazırdı, şeirlərində necə idisə, həyatda da elə idi. Şeirinin birində dediyi kimi, ölə-ölə yazmırdı, yaza-yaza ölürdü..."

Yaza-yaza ölmək, xəstə canda sağlam ruh saxlamaq ancaq Məmməd Araz kimi sözün qədrini qanı-canı ilə bilən şairə qismət ola bilərdi. Məmməd Araz yaza-yaza yaşaya bildi. İndi Fəxri xiyabanda gözümüzü zillədiyimiz əzəmətli heykəl simvolik idi, onun hənirtisini bu ağacların arasında, danışılan xatirələrin havasında hiss etmək elə də çətin deyildi.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid hər gələn adamı özünəxas tərzdə xoş sözlər deyib qarşılayırdı. Məmməd Arazın ən çətin, mürəkkəb şeirlərini sinədəftər deyən Rəşad Məcidin şairə Araz boyda sevgisi hər addımından, davranışından, kəlməsindən sezilirdi.

Çox keçmədi, Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, şairlərdən Zakir Fəxri, Ağacəfər Həsənli, Qardaşxan Əzizxanlı, Sərvaz Hüseynoğlu, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Olaylar" qəzetinin baş redaktoru, yazıçı Yunus Oğuz göründü...

Sabir müəllim məzarın önünə çatan kimi xatirələrini dilə gətirdi, Məmməd Arazın "İnsan ürəyi" şeirindən bir parça dedi, ürəyi dolu idi, danışdıqca danışmaq, ürəyinin odundan hamıya pay vermək istəyirdi.

Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızı da yad edildi. Rəşad müəllim deyir ki, Məmməd Araz xəstələnəndən sonra nitqi başa düşülmürdü, həyat yoldaşı onun qırıq-qırıq dediklərini bizə izah edirdi, sonralar bu missiyanı nəvələri də yerinə yetirdi... Gülxanım Fətəli qızı Məmməd Araz ruhunun tərcümanı idi və şairin özünün də dediyi kimi, Məmməd Araz sel boğan dərələri həmin mərd qadınla keçmişdi...

Xalq şairinin anım tədbiri Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda davam etdi. İçəridə çilçıraqların fövqündə qəribə bir işıq var idi, o işıq Məmməd Arazın nuru idi...

Qəribədir, son vaxtlar yoldaşlarla söhbət edəndə deyirdim ki, daha Rəşad müəllim də ahıllaşır, 60-ı haqlayır. Amma bu tədbirdə Rəşad Məcid cavanlaşmışdı, Məmməd Arazı canlı gördüyü illərə qayıtmışdı, çox qıvraq və şövqlü idi. Məmməd Arazın elə şeirlərini ard-arda əzbər deyirdi ki, adam bir də həmin poeziyanın şəhdindən nəşələnirdi, yenidən Məmməd Araz sözünə vurulurdu. Tədbiri apararkən Rəşad müəllim elə maraqlı keçidlər edirdi ki, iki saatın necə ötdüyünü bilmədik. Bütün çıxışlar arasında situasiyaya uyğun bir şeir deyirdi. Sevinirdi, gözlərindəki işıqdan bilirdim bunu. Sevinirdi ki, Məmməd Arazın anım günü keçirilir, bu qədər insan yığılıb, sevgilərini bildirirlər, hamının əzbərində bir Məmməd Araz yaşayır... Rəşad Məcid bildirdi ki, Şuşa haqqında ən gözəl şeirlərdən birini Məmməd Araz yazıb, ümumiyyətlə, onun poeziyasındakı Vətən motivli şeirlər Böyük Zəfərdən sonra tamam ayrı təəssürat bağışlayır.

Əməkdar artist Ağalar Bayramovun səsində şeirlər könül təranələri kimi hər yanı bürüdü. Şairin müxtəlif əsərlərindən sitatlar gətirən qiraətçi "Ana yurdum, hər daşına üz qoyum" misrası ilə başlayan şeiri deyib alovlu nitqini yekunlaşdırdı. Məmməd Arazın "El üçün ağlayan göz" şeirini də dedi usta qiraətçi... Şeirin mətnindən bir Məmməd Araz obrazı boylanır; Məmməd Araz son nəfəsinə qədər el üçün ağlayan göz oldu, canı, sağlamlığı bahasına ağladı, bir gün hər şeyin yaxşı olacağına inanıb ağladı, Məmməd Arazın göz yaşı yekəlib Araza çevrildi...

Xalq yazıçısı Anar çıxışında vurğuladı ki, iki ümdə xüsusiyyət Məmməd Arazı böyük şairə çevirib: ixtisasca coğrafiyaçı olduğundan Azərbaycan təbiətinə çox yaxşı bələd idi və Azərbaycan dilini çox yaxşı bilirdi, bu iki amil onun bənzərsiz poeziya nümunələri yaratmağına səbəb oldu.

İcitmai xadim Etibar Məmmədov Məmməd Arazın böyük şair olmağı ilə yanaşı, böyük vətəndaş kimi xatirələrdə yaşadığı vurğuladı.

Professor Qəzənfər Paşayev nitqinə bu cümlə ilə başladı: "Mənim gördüyüm ilk canlı şair Məmməd Araz olub!" Mənim də oxuduğum ilk şeirlər toplusu Məmməd Arazın kitabı olub. İnanıram ki, əgər insanın həyatında Məmməd Arazla bağlı bir ilk varsa, deməli, uğurlu olmaq ehtimalı yüksəkdir: Məmməd Arazın adı köməyimiz olsun. Qəzənfər müəllim sovet dövründə Məmməd Araza qarşı edilən haqsızlıqlardan ürək yanğısı ilə bəhs etdi.

Tanınmış tənqidçi Vaqif Yusifli Məmməd Araz yaradıcılığının bədii məziyyətlərindən ağızdolusu danışdı. Bildirdi ki, Məmməd Araz ədalətli, özünü ittiham etməyi bacaran, özünü ədalət məhkəməsinə çəkə bilən şair olub. Nitqinin ardınca "Özümdən şikayət məktubu" şeirini dedi. Elə bu dəm arxalarda kiminsə telefonundan azan səsi gəldi, "Natəvan" klubunda yeni nəfəs hiss elədim - Araz nəfəsi...

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qeyd etdi ki, Qarabağ işğaldan azad olunandan sonra Şuşaya gedəndə, o sıldırım qayaları görəndə, şəhidlərin əziz xatirələrini yad edəndə Məmməd Arazın o məşhur misraları yadına düşüb: "Vətən mənə oğul desə, nə dərdim?! Mamır olub qayasında bitərdim..." O igidlərin qəhrəmanlığının mayasında həmin misralar dayanır...

Şair Qardaşxan Əzizxanlı, AYB-nin Lənkəran bölməsinin sədri Qafar Cəfərli çıxış edərək Xalq şairinin könüllərə yol tapan poetik nümunələrindən, yaradıcılıq dünyasının zənginliyindən söz açdılar.

Dosent Günay Qarayeva Ədəbiyyat İnstitutunda Məmməd Araza həsr edilmiş bir tədbiri xatırladı: "Həmin tədbirdə müxtəlif sahədən alimlər var idi: filosoflar, tarixçilər... Maraqlıdır ki, hər biri Məmməd Arazın poeziyası barədə öz sahələrinə uyğun danışdılar, bu da görkəmli şairimizin çoxmotivli yaradıcılığından irəli gəlir".

Məmməd Arazın qardaşı oğlu Qorxmaz İbrahimov da xatirələrindən bəhs etdi, ötən günləri yada saldı...

Tədbir boyu İradə Tuncayı diqqətlə müşahidə edirdim. Onu belə kövrək görməmişdim. Səsləndirilən şeirlərdə ona toxunan misraları eşitdikcə gözləri dolub-boşalırdı... "Torpağın üzü soyuqdur" deyiblər. Görünür, İradə xanım üçün o torpaq hələ də soyumayıb və soyumayacaq da...

Aqil Abbas Məmməd Arazla ilk tanışlığından bəhs etdi: "Təbriz ağlayırdı dağlar başında" şeirinə bir sürrealist rəsm çəkmişdim. O rəsmi görəndə çox bəyəndi. Böyük şairlə belə tanış oldum... Sonradan o tanışlıq iki övladıma, dörd nəvəmə çevrildi..."

Şair Ağacəfər Həsənli Məmməd Arazın "Salamat qal, salamat!"şeirini dedi. Tədbir yekunlaşanda həmin şeirin havasıyla zaldakı Məmməd Araz işığına ürəyimdə "Salamat qal!" dedim. Pilləkənlərdən enib havaya çıxdım. Sahil bağının içi ilə metroya tələsirdim. Ayaq saxlayıb ətrafıma ani nəzər yetirdim. Həmin işıq mənimlə idi, yanımca irəliləyirdi, vidalaşmamışdı. Yəqin, ömrümün sonuna qədər həmin işıq mənimlə olacaq. Bu dünyada daim yaşamaq o işığın halal haqqıdır: "Haqqın var yaşamağa, haqqın var, Məmməd Araz!"

 





02.12.2023    çap et  çap et