ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Departamenti (OFAC) İran təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsi sxemlərində iştirak etdiklərinə görə 20-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Bununla bağlı OFAC-ın yaydığı məlumatda bildirilir ki, sanksiyaya səbəb həmin fiziki və hüquqi şəxslərin İran Müdafiə Nazirliyi, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun maraqları naminə İran mallarının ixracını təmin etməsidir. Bu zaman onlar malın mənşə sertifikatlarını saxtalaşdıraraq istehsalçı ölkə ilə bağlı məlumatı dəyişdiriblər. Bununla da İranın HƏMAS və Hizbullah da daxil olmaqla bölgədə sülhü və sabitliyi pozmaq üçün istifadə etdiyi terror təşkilatlarının maliyyələşdirilməsinə imkan yaradıblar. Sanksiya tətbiq olunan bütün fiziki və hüquqi şəxslərin ABŞ-dakı aktivləri dondurulub, ölkə ərazində kommersiya əməliyyatları qadağan edilib. Bundan başqa, sanksiya tətbiq olunan fiziki və hüquqi şəxslərlə biznes fəaliyyətini davam etdirənlərin də qadağalara məruz qalacağı vurğulanıb. Bu isə həmin fiziki və hüquqi şəxslərin biznes faəliyyətinin məhvi deməkdir.
ABŞ maliyyə nazirinin müavini Brayan Nelson qeyd edib ki, İran "münaqişəni qızışdırmaq və bütün regionda terror yaymaq" üçün milyardlarla dollar əldə etmək məqsədilə qeyri-qanuni maliyyə sxemlərindən yararlanır. Buna görə də, ABŞ İran silahlı qüvvələrinin maliyyə mənbələrini kəsməyə davam edəcək.
Böyük Britaniya xarici işlər nazirinin müavini Lord Tariq Əhməd Qəzza zolağı ətrafında gərginliyin artmasına həsr olunmuş BMT Təhlükəsizlik Şurasının iclasında İranı region üçün təhdid adlandırıb. "Britaniyaya aydındır ki, İranın HƏMAS, Hizbullah və Fələstin İslami Cihadı təşkilatları daxil olmaqla bölgədəki proksi qüvvələrinə dəstəyi region üçün təhlükədir".
HƏMAS-ın İsrailə qarşı terror hücumu ilə bölgədə yaranan gərginlikdən bəri ilk dəfə olaraq ABŞ İraqdakı yerli şiə qruplarına silsilə zərbələr endirib. Məlumata görə, noyabrın 22-nə keçən gecə ABŞ-ın İraqa endirdiyi hərbi zərbələr nəticəsində "Kətaib Hizbullah" şiə qruplaşmasının azı 4 üzvü öldürülüb. Hücumlar pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilib. ABŞ Mərkəzi Komandanlığının mətbuat xidməti bu əməliyyatın noyabrın 21-də qısa mənzilli ballistik raketdən istifadə olunmaqla İranın dəstəklədiyi qrupların ABŞ qüvvələrinə hücumlarına bilavasitə cavab olduğunu bildirib. Qərb mediası isə bu hücumu İrana bağlı şiə qruplarına qarşı əməliyyata "yaşıl işıq" yandırılması hesab edir. Vaşinqton Yaxın Şərq İnstitutunun ekspertləri isə hesab edirlər ki, bu əməliyyat iranlı general Qasım Süleymanin amerikalılar tərəfindən öldürülməsindən sonra ilk ciddi hərbi əməliyyatdır. Ərəb nəşrləri yazır ki, İsrail və HƏMAS arasında genişmiqyaslı qarşıdurma başlayandan bəri Suriya və İraqdakı ABŞ əsgərlərinin 66 dəfə hücuma məruz qalması Pentaqonun səbrini daşırıb. Buna görə də Bayden administrasiyası İrana bağlı radikal şiə qruplarına qarşı əməliyyatlara razılıq verib.
Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Kirill Semyonov qeyd edib ki, İraqda antiamerika əhval-ruhiyyəsi güclüdür. Rusiyalı ekspert hesab edir ki, İraq İslami Müqavimət Hərəkatının ABŞ bazalarına hücumları güclənsə və amerikalıların cavabları artsa, bu vəziyyət İraqın özünün də münaqişəyə cəlb olunmasına səbəb ola bilər.
Semyonovdan fərqli olaraq ekspertlərin böyük əksəriyyəti İrana bağlı qüvvələrin ərəb ölkələri tərəfindən dəstəklənmədiyinə diqqət çəkirlər. İsrailə qarşı müharibəyə başlayan Həmas və İslami Cihad hərb meydanında tək qalıb. Onların hətta digər Fələstin qrupları belə dəstəkləmədilər. İranın bütün səylərinə baxmayaraq, İsrailə qarşı vahid cəbhə yaratmaq da mümkün olmadı. Yaxın Şərq ölkələrinin antiisrail mövqeyi yalnız sözdən ibarətdir. Onlar İranla eyni mövqedə olmaq istəmirlər. Bəzi ərəb dövlətləri isə hətta İsraillə yaxınlaşma kursunu davam etdirir. Belə məlumatlar var ki, Səudiyyə Ərəbistanın silahlı qüvvələri Yəməndən İsrailə atılan iki ballistik raketi zərərsizləşdiriblər.
Yaxın Şərqin əksər ərəb dövlətləri qlobal iqtisadiyyata inteqrasiya olunublar və sanksiyalara məruz qalmağa, terror təşkilatları ilə işbirliyi qurmağı bağışlamayan Avropa və ABŞ ilə sərfəli ticarət əlaqələrini itirməyə qətiyyən həvəsli deyildilər. Buna görə də onlar heç bir əməli nəticəsi olmayan bəyanatlar verməkdən və humanitar proqramları maliyyələşdirməkdən başqa heç bir iş görmək istəmirlər.
İran isə tamam fərqli vəziyyətdidir. İsraili "Kiçik şeytan" adlandıran və onu bir dövlət kimi məhv etməyi dövlət ideologiyası halına gətirən İran geri addım ata bilmir. Bu, Tehranın xarici siyasətinin iflası olar. İranı HƏMAS və İslami Cihadla yanaşı, Husiləri dəstəkləməsi İsrailə qarşı siyasətinin nəticəsidir. Halbuki HƏMAS-ın mənsub olduğu "Müsəlman qardaşları" təşkilatı İranın mübarizə apardığı qruplardandır. İran Suriyada Bəşər Əsəd hakimiyyətinə qarşı çıxan "Müsəlman qardaşları"na qarşı sərt mübarizə aparır.
Bütün bunlarla yanaşı, bölgənin sünni ərəb dövlətləri anlayırlar ki, İranın əsas məqsədlərindən biri Yaxın Şərqdə sabitliyi pozmaqla onların inkişafına mane olmaqdır. Birləşmiş Ərəb Əmirliyinin üç adasının İranın işğalında olması, İranın özündə də ərəblərin Tehranın nəzarətindən çıxmaq üçün mübarizə aparması bölgənin ərəb dövlətlərini İrandan məsafə saxlamağa vadar edən digər bir əsaslı məsələdir. Bütün bunlar İsrailə qarşı vahid cəbhə yaratmağa imkan vermir. İslam Əməkdaşlıq Təşkilatının fövqəladə sammitində İran prezidenti İbrahim Rəisinin İsraillə iqtisadi əməkdaşlığı dayandırmaq və neft embarqosu tətbiq etmək təklifi də dörd ərəb dövlətinin bu təkliflərə qarşı çıxması nəticəsində qəbul edilmədi. İsrailə qarşı vahid cəbhə yaratmağa nail olmayan İran isə təklənməyə başlayıb. ABŞ-ın və Britaniyanın İrana qarşı mövqelərini sərtləşdirməsi də İranın təklənməsinin nəticəsidir. Bunu anlayan İran bütün vasitələrlə ABŞ-ın və onun mütəffiqlərinin zərbəsindən yayınmağa çalışır. Lakin Yaxın Şərqdə vəziyyət gərginləşdikcə İran ətrafında həlqə daha da daralır. Bölgədəki "şıltaq" şiə qruplarının istənilən addımı İranı hədəfə çevirə bilər. İsrail də HƏMAS-ı dəstəkləyənlərlə hesablaşacağını vəd edir. Bütün bunlar onu ehtimal etməyə imkan verir ki, HƏMAS-ın İsrailə qarşı terroru ilə başlayan gərginliyin "ikinci hissəsi" də olacaq.