525.Az

Vikipediyanı "müharibə meydanına" çevirənlər


 

Vikipediyanı "müharibə meydanına" çevirənlər<b style="color:red"></b>

Bu yaxınlarda Vikipediyadakı bəzi məqalələrin silinməsi səbəbi ilə yaranan narazılıqlar sosial şəbəbkələrdə müzakirə predmetinə çevrildi. Səhifəsi vikipediyadan silinən tanınmış texnobloger, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas məsələ ilə bağlı paylaşdığı silsilə statuslarının ardınca "525.az"a verdiyi açıqlamada narazılıqların səbəblərindən danışdı, müzakirəni şiddətləndirəcək tezislərlə çıxış etdi: "Vikipediya daxilində böyük qruplaşmalar var. Hansı ki, onlar məqsədli şəkildə əvvəlcədən razılaşdırılmış şəkildə bir-bir şəxslərə "hücum" edirlər, Azərbaycanın istedadlı gəncləri, bəzi elm adamları, alimlər, tarixi hadisələr, hətta şəhid məqalələrini silmək üçün müzakirəyə çıxarırlar. Onlarla mübarizə aparmaq qeyri-mümkündür. Çünki idarəçilik onların əlindədir. Bununla bağlı Qlobal Vikimediya fonduna müraciət etmək lazımdır ki, onlar özbaşınalıqla məşğuldular, əllərindəki imkanlardan sui-istifadə edirlər. Vikipediyaçılar var ki, bəzi şəxslərdən məqalələrinin silinməməsi üçün aylıq pul alırlar. Vikipediya könüllülük prinsiplərinə söykənsə də, həmin adamlar özlərinə "maaş" kəsiblər".

 

Texnoblogerin səsləndirdiyi fikirlərin ardınca, yerli vikipediyaçılar Qlobal Vikimediya Fonduna Fərid Pərdəşünasın bloklanması və bir daha vikipediya səhifəsi yarada bilməməsi ilə bağlı müraciət ediblər. Qısası, arzuolunmaz bir mənzərə yaranıb: azərbaycanlı azərbaycanlıdan xaricə şikayət edib...

"Azərbaycan Vikimediya Könüllüləri" İctimai Birliyinin rəhbəri Elgün Atalıyev silinən məqalələrlə bağlı yaranan narazılıqlar barədə fikirlərini "525"lə bölüşərək bildirib ki, Vikipediyada daha çox səs toplamaq yox, daha əsaslı arqument prioritetdir: "Vikipediyada bütün məsələlər müzakirə və konsensus əsasında həll olunur. Hətta Vikipediyanın prinsiplərindən biri "Vikipediya demokratiya deyil" anlayışıdır. Yəni daha çox səs toplayan yox, daha yaxşı arqumentləri olan tərəf üstün sayılır. Həmçinin Vikipediya heç də etibarlı mənbə deyil, o sadəcə sürətli məlumat mənbəyidir və bu gün oxuduğunuz məlumat sabah tamamilə fərqli şəkildə yazıla bilər. Çünki redaktə sərbəstdir və qaydalardan kənara çıxmadan hər kəs redaktə edə bilər. Qəbul edilən qərarların obyektiv olub-olmamasına kənardan baxıb qiymət vermək çox çətindir, çünki qərar məhz həmin vaxt aparılan müzakirədə, barəsində müzakirə aparılan məqalənin həmin vaxt mövcud olan versiyasına dair aparılır. Bir müddət sonra şərtlər dəyişə bilər və nə vaxtsa silinmiş məqalə yenidən yaradıla bilər. Vikipediya dinamik layihədir".

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qərarların subyektiv əsaslara söykənməsini neqativ hal kimi qiymətləndirib, çıxış yolu kimi geniş toplantıların keçirilməsini məsləhət görüb: "Uzun müddətdir ki, könüllülərdən ibarət bir icma var, onlar Vikipediyanın Azərbaycan bölməsini idarə edirlər. Sözün düzü, Azərbaycan dilində elmi məqalələrin hazırlanması istiqamətində Vikipediyanın Azərbaycan bölməsini idarə edən könüllülərdən ibarət icma, elmi qurumlar, elmi institutlar müəyyən addımlar atıblar. Biz Azərbaycan İnternet Forumu olaraq daim anadilli Vikipediyanın formalaşmasına dəstək olmağa çalışmışıq, müəyyən əlaqələr yaratmışıq. Daim elmi qurumlara çağırış etmişik ki, adi, primitiv yazıların yox, elmi əsaslara söykənən yazıların yayımlanması daha yaxşı olar.

Təəssüf ki, son bir neçə ildir ki, azərbaycandilli Vikipediya icması ilə bağlı müəyyən narazılıqlar yaranıb. Bəzən bu narazılıqların bəzilərini əsaslı olub-olmaması da şübhə doğurur. Düşünürəm ki, icmanın belə mühafizəkarlıq etməsi, süni narazılıqlara yol açan addımlar atması, subyektiv amillərə söykənən qərarlar qəbul etməsi doğru deyil. İnternet, Vikipediya kimi sahələrdə özünütənzimləmə öndə olmalıdır. Yəni sosial platforma hamınındır. Bir-iki adamın fikrini hər kəsin fikri kimi qəbul etmək olmaz. Gərək icma toplaşıb geniş müzakirələr keçirsin. Lazım gəlsə, bu sahədə olan qurumların nümayəndələrinin iştirakı ilə toplantılar keçirilməlidir, qaydalara yenidən əl gəzdirmək olar".

Filologiya üzrə fəlsəfə doktoru, Türkiyədəki Səlcuq Univertsitetinin müəllimi, Azərbaycandilli Vikipediyanın inzibatçılarından biri Rövşən Ramizoğlu məsələ ilə bağlı fikirlərini geniş şəkildə "525-ci qəzet"lə bölüşüb, son vaxtlar bəzi məqalələrin Vikipediyadan silinməsinin onun özünü də narahat etdiyini bildirib: "Öncə ondan başlayım ki, Vikipediyanın Azərbaycanda və ya başqa ölkədə heç bir təmsilçisi yoxdur. Vikipediya ölkə yox, dil zəminində yaradılan bir onlayn ensiklopediyadır, ona görə də, məsələn, Azərbaycan Vikipediyası yox, azərbaycandilli Vikipediya və ya Gürcüstan Vikipediyası yox, gürcüdilli Vikipediya söyləməyimiz daha doğru olardı. Sadəcə, müxtəlif dilləri təmsil edən hər bir Vikipediyada texniki vəzifələri yerinə yetirən inzibatçılar mövcuddur ki, onlar da Vikipediya redaktorları tərəfindən seçki yolu ilə seçilirlər. Məsələn, hazırda azərbaycandilli Vikipediyada 15 inzibatçı var ki, mən də onlardan biriyəm.

Son vaxtlar azərbaycandilli Vikipediyada müəyyən məqalələrin silinməsi məsələsi məni də narahat edir və mən də Vikipediyadaxili müzakirələrdə dəfələrlə bununla bağlı öz iradlarımı bildirmişəm. Təbii ki, silinən məqalələrin hamısını ensiklopedik və gərəkli hesab etmək də olmaz. Vikipediya populyarlıq qazandıqca onun redaktorlarının da sayı artır və bu redaktorların heç də hamısı Vikipideyanın əsas prinsipi olan "bilikləri paylaşmaq" prinsipinə riayət etdikləri üçün fəaliyyət göstərmirlər. Baxırsan ki, biri özü, bir başqası babası, bir digəri dostu haqqında məqalə yaradır və bu məqalələrin "şəxslərin məşhurluq, ensiklopediklik kriteriyaları"na cavab verib vermədiyi haqqında qətiyyən düşünmür. Ancaq Vikipediyanın hər kəsin redaktə edə bildiyi bir onlayn ensiklopediya olması o anlama gəlmir ki, məsələn, Azərbaycanda 10 milyon insan yaşayırsa, onların hamısı haqqında burada məqalə yaratmaq olar. Digər tərəfdən indi müəyyən beynəlxalq qurumlar və ya beynəlxalq konfransların, tədbirlərin təşkilatçıları keçirdikləri tədbirlərə dəvət etdikləri şəxslərdən "şəxsiyyətin təsdiqi" kimi Vikipediya məqaləsi istəyirlər. Bu da çox sayda şəxsi ensiklopediklik kriteriyalarına cavab verib-vermədiyinə baxmadan özü üçün Vikipediya məqaləsi yaratmağa həvəsləndirir. Bu cür məqalələr silinəndə də bəzən böyük hay-küy qopur. Əlbəttə, soruşa bilərsiniz ki, "ensiklopediklik kriteriyaları" nədir, onları kim müəyyənləşdirir - bu kriteriyalar Vikipediya redaktorlarının birgə səyi ilə hazırlanır və Vikipediya icmasının səsverməsi yolu ilə qəbul olunur. Vikipediyada mövcud olan bu və bunabənzər kriteriyalar hamısı qüsursuzdurmu? Təbii ki, yox. Ona görə də məqalələrin silinməsi və ya saxlanılması üçün keçirilən müzakirələrdə xeyli manipulyasiyalar olur, hətta şəxsi münasibətlər belə bəzən bu məsələdə müəyyən rol oynayır".  

Rövşən Ramizoğlu kimdənsə pul alıb onun haqqında Vikipediyada məqalə yaratmaq, sonra o məqaləni qorumaq kimi halların mövcudluğunu təsdiqləyib: "Mən həmişə tanış olmadığım, bilmədiyim sahələrə aid məqalələrin silinməsi və ya saxlanılması ilə bağlı müzakirələrdə iştirak etməməyə çalışmışam. Amma təəssüf ki, azərbaycandilli Vikipediyada son bir neçə ildə ciddi şəkildə naşılıq hökm sürür. Bəzi redaktorlar bildikləri, bilmədikləri hər mövzuya dair fikirlər səsləndirirlər, bələd olmadıqları sahələrə aid məqalələrin silinməsində aktivlik göstərirlər. Bunun nəticəsində də çox sayda gərəkli məqalə silinir. Digər tərəfdən kimdənsə pul alıb onun haqqında Vikipediyada məqalə yaratmaq, sonra o məqaləni qorumaq kimi halların da sayı hər keçən gün çoxalır. Həm naşılıq, həm müəyyən maraqlar Vikipediyaya ciddi şəkildə ziyan vurur və Vikipediyanı "müharibə meydanına" çevirir. Komissiya təşkil etmək və məqalələrin dəyərləndirilməsini komissiyaya həvalə etmək isə daha ciddi problemlər doğura bilər. Məsələn, komissiyaya seçilən və orada təmsil olunan redaktorlar hansısa maraqlar ətrafında birləşərsə, o zaman onların Vikipediyaya vura biləcəkləri ziyanın miqyası daha böyük olar. İndiki halda ən azından məqalələrin silinməsi, saxlanılması məsələlərinin həlli bir komissiyanın ixtiyarında deyil və aktiv Vikipediya redaktorları bu məsələlərə münasibət bildirə, müdaxilə edə bilirlər. Bü münasibət və müdaxilələr bəzən nəticəsiz qalsa da, ən azından tərəfsiz redaktorların belə bir imkanı mövcuddur".

Mövcud vəziyyətin mənfi nəticələnəcəyini güman edən Rövşən Ramizoğlu bəzi inzibatçıların qruplaşmalarda təmsil olunduğunu təəssüf hissi ilə vurğulayıb: "Yuxarıda dediyim kimi, prinsiplər və meyarlar birgə hazırlanır və Vikipediya redaktorlarının səsverməsi yolu ilə qəbul olunur. Hətta zaman keçdikcə bəzi prinsiplərə yenə də səsvermə yolu ilə müəyyən əlavə və dəyişikliklər də edilir. Bu prinsiplərə əməl olunmasına isə inzibatçılar nəzarət edir. Amma iş burasındadır ki, bu prinsiplərdə də müəyyən "boşluqlar" olur və bəzi qərəzli redaktorlar bu boşluqlardan bacarıqla istifadə edirlər. Son vaxtlar məqalələrin ensiklopediklik kriteriyalarına cavab verib-vermədiyini müzakirə edən müəyyən redaktorların isə obyektivliyindən mən qətiyyən əmin deyiləm, hətta deyərdim ki, onların qeyri-obyektiv olduqları ilə bağlı məndə əminlik var. Məsələn, düşünün ki, Azərbaycanda Vikipediya ilə bağlı hansısa təşkilatın təşəbbüsü ilə seminar, treyninq keçirilir. O tədbirdə iştirak edən müəyyən təcrübəli vikipediyaçılar iştirakçılara Vikipediya haqqında məlumat verir, onları məqalələr yaratmağa, redaktə etməyə təşviq edir. Nəticədə Vikipediya bir neçə təcrübəsiz redaktor, həmin qərəzli təcrübəli vikipediyaçılar isə yönləndirə, manipulyasiya edə bildikləri bir neçə yeni vikipediyaçı qazanırlar. Bir növ təbii qruplaşma yaranmış olur. Bu çox ciddi problemdir və düşünürəm ki, azərbaycandilli Vikipediyanın icması öz daxilində bu problemi həll edə bilməsə, onun Vikipediyamıza ciddi zərəri dəyəcək. Bəzi inzibatçıların da belə qruplaşmalarda təmsil olunması isə işi bir az da çətinləşdirir. Amma inanıram ki, Vikipediyanın təcrübəli redaktorları bu problemi də tezliklə həll edə biləcəklər. Onu da deyim ki, silinən gərəkli məqalələrin bərpası da çox asan məsələdir. Vikipediyada yazılan heç bir məqalə, hətta cümlə belə silinsə də, birdəfəlik itmir, Vikipediya serverlərinin yaddaşında bütün bu məlumatlar qorunur və inzibatçılar onu çox asanlıqla bərpa edə bilirlər".

 

 





04.12.2023    çap et  çap et