525.Az

Bixəbər olanda... - Sevda Sultanova yazır


 

Bixəbər olanda... - <b style="color:red"> Sevda Sultanova yazır</b>

Təxminən bir həftə əvvəl Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz oktyabr ayı ərzində telekanalların İPTV platformalarındakı (IP şəbəkələri üzərindən televiziya məzmununun yayımlanması) reytinqi haqda məlumat paylaşmışdı və ATV kanalı ilk pillədə yer almışdı. Düzdür, bu, sadəcə statistik göstəricidir. Yəni tamaşaçıların telekanalların hansı verilişlərini və hansı səbəblə izləmələri haqda analiz-məlumat vermir. Hərçənd, analoji araşdırmalara mütləq ehtiyac var və tamaşaçının necə bir məzmuna tələbatının, bu tələbatı doğuran səbəblərin aydınlaşması cəmiyyətin müəyyən mənada sosial, psixoloji və mənəvi diaqnozu rolunu oynaya bilərdi. Hazırda əlimdə bu səpkili araşdırmalar olmadığından ehtimal edirəm ki, ATV-nin reytinqdə birinci olmasına səbəb telekanalda yayımlanan xəbər kontentindən çox, əyləncəli, sosial məzmunlu verilişlərdir. Məsələn, uzun müddətdir ki, kanalda çalışan  Zaur Baxşəliyevin, Nanə Ağamalıyevanın sabit, formalaşmış auditoriyası var. Bura digər şou proqramlarla yanaşı, yeni mövsümdən yayımlanan "Rəngarəng səhər", "Xəbərin olsun" proqramlarından qalmaqal məzmunlu fraqmentlərin  müxtəlif sosial platformalarda da qısa video şəklində paylaşılması tamaşaçı sayına təsir göstərir. Məsələn, bir neçə gün müxtəlif səviyyələrdə müzakirə olunan, ATV-nin səhər efirində 5 gün yayımlanan "Xəbərin olsun" proqramının aparıcılarından biri Kubra Məhərrəmovanın Xalq yazıçısı Çingiz Abdullayev haqda dediyi fikirlərin yer aldığı video kimi. Aparıcının yazıçıya qarşı nifrət nitqi intonasiyasında dediyi fikirlər sürətlə internet resurslarında yayıldı...

Hərçənd teleakanallarımızın peşəkarlıq mənasında acınacaqlı durumunu nəzərə alsaq, Kubra Məhərrəmovanın apacılarından biri olduğu "Xəbərin olsun" ilk baxışda normal səhər proqramı təəssüratı bağışlayır. Hətta çox tənqid olunan Kubra Məhərrəmovanın teleaparıcı üçün vacib olan məziyyəti - energetikası belə var; ən azı tamaşaçıyla danışa, bəzən alınmasa da, ümumilikdə səliqəli cümlələr qura, fikrini çatdıra bilir. Amma bütün hallarda sadaladıqlarım cəhətləri Kubra Məhərrəmovanın  peşəkar, maraqlı teleaparıcı portretini tamamlamaqdan ötrü yetərli deyil.

Köşə yazarı kimi tanınan Kubra Məhərrəmovanın yazılı mətnlərində isə özünəxas üslub, yanaşma nəzərə çarpmır, maraqlı, yeni rakurs təklif olunmur; onun məqalələri müxtəlif mövzular haqda əsasən kitç estetikasında yazılmış ümumi, səthi fikirlərdən ibarətdir. Məsələn, müəllifin geosiyasi vəziyyəti analizə iddialı olan bir məqaləsini oxudum. Bu, siyasi proseslər haqda təsəvvürü olmayan adamın məişət səviyyəsində ifadə olunmuş düşüncələrindən başqa bir şey deyildi. Regiondakı vəziyyət, Rusiyanın, Ermənistanın, İranın ölkəmizə və bir-biri ilə münasibəti haqda əhəmiyyətli, dərin fikir söyləməkdən ötrü müəllifin ciddi siyasi, tarixi bilgilər bazası olmalıdır.

Kubra Məhərrəmovanın Çingiz Abdullayev haqda fikirlərinə gəlincə, aparıcının həmin ifadələri hansı kontekstdə söyləməsini öyrənmək məqsədilə bütün verilişi izlədim. "Kim olmaq istəyirdiniz, kim oldunuz" mövzusunun müzakirəsi əsnasında verilişin digər aparıcısı Sərdar Aminin texnologiyalara qarşı klassik üsul kimi kitabın önəmini vurğulaması, amma yenə də kitabın texnologiyalara uduzması, kitabxanalardakı problemlər haqda danışması tərəf müqabilinin yadına qəfildən vaxtilə Çingiz Abdullayevin əsərlərini oxumasını saldı: "Bir etiraf etmək istəyirəm. Utana-utana, qızara qızara... Ümid edirəm ki, dostlarım, əzizlərim məni bağışlayacaq. Gənclik illərimdə, yeniyetməlik illərimdə böyük bir səhv etmişəm. İndi də yadıma düşəndə məni əməlli-başlı tər basır. Mən kitab oxumuşam, özü də Çingiz Abdullayevin detektivlərini. İndi yadıma düşəndə deyirəm ki, ilahi. Mən necə axmaq uşaq olmuşam, onları mən niyə oxuyurdum, niyə başımı o zir-zibillə doldururdum, mənası nəydi o oxumağın? Ona görə də şərt o deyil ki, kitab oxuyasan, şərt həm də odur ki, düzgün kitab oxuyasan".

Canlı efirdə spontan söylənilən monoloq həm məzmun, həm intonasiya baxımından bütünlüklə aşağılama üslubunda idi. Necə bir kitabın oxumağın vacibliyini vurğulayan Kubra Məhərrəmovanın problemi Çingiz Abdullayevi yazıçı kimi bəyənib-bəyənməməsində deyil. Hətta tamaşaçını düzgün kitab oxumağa səsləyən aparıcının düşündüklərini doğru ifadə edə bilməməyində də deyil. Əsas problem tamaşaçıya "düzgün kitab oxuyun" tövsiyəsini verən aparıcının intellekt resurslarının səviyyəsinin, analitik təfəkkürünün qeyri-adekvatlığındadır. Hansı kitabın düzgün olub-olmamasını Kubra Məhərrəmova, ən azı məişət tipli köşə yazılarının müəllifi kimliyi ilə müəyyənləşdirə, hökm kəsə bilməz. O, ən yaxşı halda "Çingiz Abdullayevi oxumamağı"  özünün subyektiv fikri kimi təqdim etməyə borcludur. Həm də teleefirdən tamaşaçıya qətiyyətlə necə bir kitab oxumağı məsləhət verməkdən ötrü məsələn, Eko, Borxes səviyyəsində olmalı, cəmiyyətə, mədəniyyətə praktik faydalar verməlisən. Əgər bu da yoxdursa, deyilən fikir havada qalmasın, gərəksiz müzakirələr açılmasın deyə, arqumentləşdirilməlidir. 

Ötən məqalələrimdə dediyim kimi, aparıcının ən müxtəlif mövzuları maraqlı baxış bucağından şərh etməsi bütün hallarda əhatəli bilgilər bazası, çevik interpretasiya bacarığı, əsaslandırma tələb edir.  Məsələn, "Xəbər olsun"un həmin buraxılışında Texasda təyyarə ilə avtomobilin toqquşması haqda video göstəriləndə, Kubra Məhərrəmova qəza hadisəsinə niyəsə gülür və onu "möhtəşəm görüntü" adlandırır. Yəni hadisəni dəyərləndirməyə istedadı və söz bazası imkan vermir. Elə onu kütləvi qınaq hədəfinə çevrilməsi də Çingiz Abdullayevlə bağlı "travmasını" da ifadəsi zamanı uyğun cümlələr tapa bilməməsi,  üstəlik, mətni dəhşətli cinayət hadisəsi törədibmiş intonasiyasında çatdırmasyıdı.

Yanılmramsa, Çingiz Abdullayevin yaradıcılığı haqda ifadə elədiyim  tək-tük ifadələrimdən biri, 2016-cı ildə rejissor Yavər Rzayevin onun "Quba kapriççiosu" əsərinin motivləri əsasında ekranlaşdırdığı "Xeyirlə Şərin rəqsi" bədii filmi haqda tənqidi məqaləmdə yer almışdı. Qeydim yazıçının əsərləri haqda məlumatsız olduğumdan keyfiyyəti haqda fikir yürüdə bilməyəcəyimdən ibarət idi. Film isə ona görə keyfiyyətli alınmamışdı ki, rejissor detektiv janrın xüsusiyyətləri ilə işləməmişdi və süjetdə konflikt, hadisəlilik yoxuydu. Yəni filmdə əsas məsuliyyəti yazıçı yox, rejissor daşıyır.

Və əlbəttə ki, Çingiz Abdullayevi oxumamağım neqativ nəyisə ifadə eləmir və bu, onun heç bir halda pis yazıçı olması anlamına gəlmir. Son vaxtlar sanki bilərəkdən qalmaqalların mərkəzinə gətirilən Çingiz Abdullayevin istəsələr də, istəməsələr də, geniş oxucu kütləsi var. Yazıçının yaradıcılığı haqda məsuliyyətsiz, təhqiramiz bəyantlar vermək, ən azı onun uzun illik yazıçılıq təcrübəsinə, oxucularına hörmətislzikdir. Bəzi hallarda verilişin konsepsiyasına uyğun olaraq, düşünülmüş şəkildə aparıcı müzakirəni provokativ yöndə aparır. Lakin provokasiyanın özü də yeni diksursa cığır açmalı, hansısa əhəmiyyətli nəticəyə, fikirlərə hesablanmaldır. Kubra Məhərrəmovanın təcrübəsində bu,  düşünülmüş provokasiya yox, cahil səmimiyyət idi. Telekanallarda elə vəziyyət yaranıb ki, aparıcılar məişət, özəl səmimiyyəti efirə gətirməyi özlərinin mənəvi üstünlüyü hesab edirlər. Halbuki lazımsız, cahil səmimiyyətin efir mədəniyyəti ilə əlaqəsi yoxdur və bu zaman onlar etik əndazəni aşdıqlarının fərqinə varmırlar.

Gələcək üçün, Kubra Məhərrəmovaya tənqidin belə bir variantını təklif edirəm. Məsələn: "Çingiz Abdullayev populyar ədəbiyyatdır, süjetləri sadədir, primitivizm estetikasında yazır. Bugündən baxanda, vaxtilə onun əsərlərinin oxumağımın mənə vacib bir təcrübə, bilgi vermədiyini anlayıram. Amma insanlar müxtəlifdir və hər kəsin mənim kimi Kortasarı, Folkneri oxumaq məcburiyyəti yoxdur. Çünki məni sarsıdan şey sizə çox bayağı gələ bilər və ya əksinə"...

Madam ki, "Xəbərin olsun"dan söz açdım, bir neçə kəlmə də proqram haqda deyim. "Xəbərin olsun" tematik baxımdan rəgarəng olsa da, düşünürəm ki, səhər proqramı üçün sosial yükü ağırdır. Səhər proqramları daha çox infoteynment stilində hazırlanır, yəni əyləncə ilə informasiyanın hibridi üzərində qurulur. "Xəbərin olsun" isə dediyim kimi, sosial probemlərin əks olunduğu süjetlərlə çox yüklənir. Nisbətən yüngül, maraqlı kontentlər də var. Misalçün, robotlarla bağlı süjet səhər efirinə uyğun, informativ, lakonik hazırlanmışdı. Ümumiyyətlə isə, mənə "Xəbərin olsun"un potensial tamaşaçısının kim olması maraqlıdır. İnternet resurslarında proqramın izləmə sayı çox deyil. Həm də səhər efirinin izlənmə davamlılığı sabit qala bilmir. Çünki əksəriyyət səhər işə gedir, qayğılarını günün birinci yarsında həll etməyə çalışır. Avtomobili olanlar üçün isə radio informasiya almaq, musiqi dinləmək üçün ən uyğun platformadır. 

Davamlı olaraq problemləri  qabardan səhər proqramının evdar qadınlara nə qədər maraqlı olacağını deməkdə isə çətinlik çəkirəm. Hər halda mən tamaşaçı kimi günə psixoloji cəhətdən gümrah başlamaq istəyirəmsə, heç bir halda "Xəbərin olsun"u seçməzdim.

 





04.12.2023    çap et  çap et