525.Az

İstanbulda şeir və Orxan Vəli günləri - Rəvan Cavid yazır


 

İstanbulda şeir və Orxan Vəli günləri - <b style="color:red"> Rəvan Cavid yazır</b>

XIV Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat festivalı Türkiyənin məşhur şairi, yeni şeirin yaradıcılarından olan Orxan Vəliyə həsr edilmişdi. Festivalın cəmi üç günündə iştirak etsəm də, tanınmış şair Adnan Özerin rəhbərliyi altında festivalın təşkilatçılarının tədbirlərə necə məsuliyyət və həssaslıqla yanaşdıqlarını hiss edə bildim. Həmin günlər təkcə festival iştirakçıları və təşkilatçıları deyil, həm də İstanbul Orxan Vəlini xatırladı. Şəhərin mənzərələri qərib, havası tutqun, yağmuru nisgilli - elə onun şeirləri kimiydi İstanbul.

Festivalın üçüncü, mənim festivaldakı birinci günümdə xaricdən gələn şairlərlə görüşdüm, şam yeməyində dünya ədəbiyyatından, gedən proseslərdən danışdıq. Masada mənə yaxın olanlar - macarıstanlı rejissor, şair, sənətçi Petra Szöcs, İspaniyanın məşhur şairi Cordi Virallonqa, kərkük türklərini və ədəbiyyatını təmsil edən Ahmet Murat idi. Şam yeməyindən sonra Fərid Hüseyn məni şairlərlə tanış edir. Xüsusən, Adnan Özerlə həm yolda, həm tədbirlər arasında söhbətlərimiz xoş və təsirli olur. Türkiyənin 80-ci illər şairləri haqqında danışanda Adnan bəyə dostu Tuğrul Tanyolla da müsahibə etdiyimi, onunla da bu mövzunu danışdığımı deyirəm. Tekirdağda yaşadığımı biləndən sonra bir-birimizə bir az da isti yaxınlaşırıq. Sən demə, Adnan bəylə qonşuymuşuq. Evlərimizin arasında bircə küçə var imiş. Yayda mütləq görüşməyimizi, Mərmərənin incisində birlikdə gəzməyimizi planladıq. Yol isə bitmirdi.

Yol demişkən, qaldığımız hotel şəhərin səs-küyündən, İstanbulun qələbəliyindən uzaqda idi. Beykozda, Polonezköydə - yaşıllıqların içində. Sağımız-solumuz meşə, üstümüzdə göy üzü, altımızda payızın şehini canına çəkən torpaq. Tərtəmiz havanın, kənd sükutunun və Beykozun sakit gecəsində əcnəbi və yerli şairlərlə gecəyarısına qədər etdiyimiz söhbətlər, mədəniyyətlərin qovşağındakı zarafatlar gündəliyimin səhifələrini bəzəmişdi.

Dördüncü gün Mehmet Akif Ersoy şeir muzeyinin önündən Beykoz sahilinə yollandıq. Festivalın əsas tədbirlərindən biri olan "ekopoetik hərəkətlənmə" dünyadakı çayların, dənizlərin və su hövzələrinin çirklənməsini, dünyadakı digər ekoproblemləri diqqətdə saxlamaq üçün təşkil olundu. Tədbirdə simvolik olaraq Orxan Vəlinin "Deniz" şeiri həkk olunmuş lövhəni Türkiyənin dünyaca məşhur dalğıcı Nihat Özdal "Bosfor"un dərinliklərinə aparıb yerləşdirdi. Adnan Özer bu tədbir haqqında fikirlərini bölüşəndə dedi: "Təbiətin və insanın dilini birləşdirmək lazımdır. Sadəcə şeir oxumaqla, yazmaqla dənizlərin, çayların qədrini bilmək olmaz. Bu cür diqqət çəkən tədbirlər görmək lazımdır. Orxan Vəli burada, Beykozda yaşayıb, ona görə, buranı seçdik. Orxan Vəli özü yaşasaydı, bəlkə də ekopoetik axının öncüllərindən olardı. Yaşadığı dövrdə elə Beykozda onun qayıqla gəzdiyi anları təsvir edən silsilə şeirləri var. Bu gün biz də istədik ki, həm Orxan Vəlini, həm də dünyadakı su böhranını yada salaq..."

Nihat Özdal lövhəni alıb dənizə baş vurmadan əvvəl hamı tədbirin xatirəsi kimi şəkil çəkdirdi. Fərid Hüseyn yenicə özünü kameralara göstərirdi ki, yekə bir dalğa ayaqlarını islatdı. Soyuqda ayaqqabasına dolan sudan şikayətlənmək istəyəndə dalğıcın suyun içindəki bədənini görüb utandı:

"Rəvan, mənim, deyəsən, şikayətlənməyə haqqım yoxdur. Nəsimi demişkən, zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar, gör bu gerçək aşiqi sərpa soyarlar, ağlamaz".

Nihat Özdal belə tədbirlərin dünyada aktual olduğunu dedi.

"Mən dünyanın bütün dənizlərində üzmüşəm. Bir çox sahildə bu cür tədbirlərin keçirildiyinə də şahid olmuşam. Orxan Vəli mənim ən sevdiyim şairlərdən biridir. Sevinirəm ki, onun şeirini evindən baxıb şeir yazdığı bu boğaza qovuşduracam".

Nihat Özdal soyuq sularda qeyb oldu. Hamımız, qarşımızda boğaz mənzərəsi, Orxan Vəlidən danışa-danışa onu gözlədik. Və dalğıcın sudan çıxması ilə Beykoz sahilinə alqış səsləri yayıldı.

Sahildən üzüyuxarı Orxan Vəlinin doğulub böyüdüyü, yay aylarında gəlib İstanbulun bu sakit həndəvərində şeirlər yazdığı evinə yollandıq.

Orxan Vəlinin doğulduğu ev hazırda şəxsi mülkdür. Taxta fasadlı üçmərtəbəli evin ikinci mərtəbəsində dünyaya göz açıb: 13 aprel 1914-cü ildə, saat 07:00-da. Evin indiki sahibi Osman Özer deyir ki, evi anam Orxan Vəlinin babasından 1939-cu ildə alıb. Yəni Orxan Vəli hələ sağkən. Binanın üç mərtəbəsini də alan ev sahibləri, təəssüf ki, bu illər ərzində Orxan Vəlinin ev-muzeyini yaratmaq istəməyiblər. Evdə Orxan Vəlinin və ailəsinin heç bir əşyası yoxdur. Sadəcə tavanlar bu məşhur şairin doğuluşuna, həyatına şahidlik edib. Osman Özer bu ilin avqust ayında Orxan Vəlinin bacısının bu evə gəldiyini və çox qısa müddətdən sonra vəfat etdiyini deyir: "Onunla heç nə danışa bilmədim. Heç bir sualıma cavab vermədi. Heç nə xatırlamırdı sanki. Bir rejissorla gəlmişdi. Əslində, bu evə il ərzində, xüsusən də yayda çox adam gəlir. Gələnlərin içində həmişə rejissorlar olur. İllərdir Orxan Vəli haqqında film çəkmək istəyirlər, amma bacısı imkan vermirdi. Qorxurdu ki, Orhanın həyatını təhrif edərlər. İndi o öldü, bəlkə bundan sonra çəkərlər".

Daha sonra bizə evi gəzdirir. Adnan Özerlə Beykozdakı ədəbi mühitdən, şair, sənətçi dostlarından danışır. Binanın bağçasına gedirik. Hazırda xırdaca qalmış bu yaşıl yerin ərazisi əslində böyük imiş. 1945-ci ildə bələdiyyə bağçanın böyük hissəsini alıb, ictimai binaların ərazisinə qatıb. Evdən çıxıb daş döşənmiş dar küçədə Fərid Hüseyn, Adnan Özer və mən Orxan Vəlini, onun şeirlərini xatırlayırıq.

Daha sonra Beykoz İdman kompleksinin ərazisində olan meşəyə getdik. Həqiqətən, Beykozu gəzəndə İstanbulun başqa bir üzünü tanıdım. Meqapolis libasını soyunub yaşıl əbasını geyinən İstanbulu. Çay süfrəsində bizə Beykoz Bələdiyyəsinin başqanı da yoldaşlıq etdi. Sadədən sadə və dəyərli söhbətlərin fonunda ədəbiyyat, sənət var idi. Meşədə ekopoetik tədbirlər davam etdi. Və Polonezköydə avropalı şairlərlə son dəfə söhbətləşdik. Onlar səhər sübh tezdən vətənlərinə geri qayıdacaqdılar.

Festivalın qapanış tədbirində Heseyin Kıyak və orkestrı Orxan Vəlinin şeirlərinə bəstələnmiş musiqiləri ifa etdilər. Şairlər şeir oxudu, təşkilatçılar və iştirakçılar tədbirlər haqqında danışdılar.

Bir həftə İstanbul həmişə olduğu kimi yenə də ədəbiyyatın, şeirin mərkəzi oldu. Orxan Vəlini andı İstanbul. Orxan Vəlidən danışdı. Hava gah tutqun, gah günəşli oldu. Bəlkə də elə Orxan Vəli də İstanbulu belə havalarda sevmişdi.

 





04.12.2023    çap et  çap et