Köç... Artıq bu sözü eşitmək bizi ürkütmür. Çünki "köç"ün olduğu cümlələr artdıqca "məcburi köçkün" yazılan cümlələr azalır. İndi üçhərfli bu söz otuz illik həsrətin vüsalına gedən yolun adıdır.
Vüsala çatanlardan soruşmuşam Vətəni.
Qəzənfər Hüseynov, Laçın sakini:
.
- Artıq dörd aydır, Laçında yaşayırıq. Laçınsız keçən bu neçə il həyatımızın ən çətin dövrü idi. Mənəvi çətinliklər bizi çox incidirdi. Allah bir də xalqımıza belə köçkünlük, qaçqın həyatı göstərməsin. O vaxt Laçında tikdiyim evdə cəmi 11 ay yaşadım. Yenidən doğma yurd-yuvamıza qayıtmışıq. Yoldaşım da, mən də təqaüddəyik. Qızım kitabxanaçıdır, indi ona Laçında iş verəcəklər.
Dostlar, qohumlar darıxıb-darıxmadığımı soruşanda cavab verirəm ki, qətiyyən darıxmıram. Əksinə, mən Laçınsız darıxırdım. Həyatımın 45 ilini burada keçirmişəm. Rayonun bütün kəndlərini gəzmişəm, hər yerində olmuşam. Laçında elə bir gözəl yer olmaz ki, orda olmayım.
Bizə yaradılan şəraitdən çox razıyam. Çətinliyimiz, maddi sıxıntımız yoxdur. Evimiz olduğu kimi bərpa edilib. Demək olar ki, iki mərtəbəli evdə hər şəraitim var. Dövlətimizə minnətdarıq. Hər gün şəhidlərimizə rəhmət oxuyuruq. Bizə bu sevinci yaşadan qazilərimizə, hərbçilərimizə minnətdarıq.
Əsas odur ki, Laçın havası uduruq. Evlərə su, qaz çəkiblər. Elektrik işığından heç bir gileyimiz yoxdur. Bircə hələlik market və mağazalar azdır. Onlar da insan sayı ilə bərabər artacaq. Bundan başqa, Laçında sənaye parkı hazırlanır. Burada mühəndis, texniki işçilər üçün istənilən qədər iş var. Laçının mərkəzi başdan-ayağa muzeylər küçəsi olacaq. Bunun xarici turistlərin cəlb edilməsində, yerli əhalinin işlə təminatında rolu böyük olacaq.
Rauf Şahsuvarov, aktyor, Laçın sakini:
- Həmişə demişəm ki, mən Laçına mütləq qayıdacam. Elə bir gün olmayıb ki, Laçın haqqında düşünməyim. Həyat yoldaşımla birlikdə köçmüşük. Yoldaşım burada psixoloq işləyir. Mən də gəldim ki, öz ixtisasım üzrə işləyim, nəsə bir əməyim olsun. İnşallah, həyatımın sonuna qədər Laçında yaşayacağam. Əsas bizə torpaq lazım idi, torpaq da ki, şükür Allaha bizdədir. Bundan gözəl nə ola bilər ki? Laçında bayrağımız dalğalanır, əhali məskunlaşır. Laçının mərkəzində ikimərtəbəli evimiz vardı, indi yeri qalıb. İş olan yerdə kəm-kəsir də ola bilər, çoxları çox söz deyə bilər. Vallah, mənim üçün ən əsası burada olmaqdır. Hazırda mən başqa yerdə qalıram, yoldaşım da qohumgildə qalır. Amma bunların hamısı müvəqqəti çətinlikdir. Çətinlik çəkməsək, yaxşı şeylər də olmaz. Yəqin ki, mənə də tezliklə bir iş tapılar.
Qarabağ müharibəsindən bəhs edən bir ssenarim var. 2015-ci ildə yazmışdım. On iki seriya nəzərdə tutulub, altı seriyası hazırdır. Bizə bir-iki ay vaxt lazımdır ki, serialı bitirək. Belə arzularımız çoxdur. Həmişə deyirəm ki, mənim ürəyim arzular qəbiristanlığıdır. Allah güc versin, onları həyata keçirək.
Elnur Mahmudov, Füzuli sakini:
- Sentyabr ayının on beşindən ailəvi Füzuliyə köçmüşük. Hələ ki burada heç bir işlə məşğul olmuram. İxtisasıma görə hazırda uyğun vakansiya yoxdur. Məşğulluq Agentliyinə müraciət etmişəm. Onlar mənimlə maraqlanır, çox güman yaxın müddətdə işlə təmin olunacağam. Müvəqqəti çətinliklər olsa da, əsas odur, otuz ildən sonra öz elimizə-obamıza qayıtmışıq. Bundan gözəl heç nə ola bilməz.
Ləman Məstaliyeva, Füzuli sakini:
- Sentyabr ayının on ikisindən Füzulidə könüllü olaraq fəaliyyətə başlamışam. Hazırda Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini kimi çalışıram. Otuz ildən sonra biz artıq doğma yurdumuzdayıq, müstəqil, bütöv Azərbaycanın, azad Qarabağın sakinləriyik. Bu sevinc sözlərə, kəlmələrə sığmayan bir səadətdir. Hər gün şəhərimizin yenidən qurulduğunu, böyüdüyünü, gözəlləşdiyini görmək, bütün bunlara şahid olmaq bizi daha da ruhlandırır. Yeni yollar salınır, yüksək keyfiyyətli yaşayış binaları istifadəyə verilir, ictimai iaşə obyektləri tikilir.
Bütün bunlara görə şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə, qəhrəman əsgərlərimizə Allahdan cansağlığı diləyirik. Ali Baş Komandanımız cənab İlham Əliyevə minnətdarıq.
Son olaraq arzu edərdim ki, cənnət Qarabağımızda bir daha güllə səsləri eşidilməsin, bu torpaqlarda yalnız xoşbəxt uşaqların gülüş səsləri duyulsun.
Ruxsarə Nəsibzadə, Laçın sakini:
- Avqustun 29-da, səkkizinci köçlə gəlmişik. Mən Binəqədi rayonunda yerləşən altı saylı Laçın məktəbinin tədris üzrə direktor müavini idim. Hazırda isə vaxtilə özümün də şagirdi olduğum Laçın iki nömrəli məktəbdə təşkilat işləri üzrə direktor müavini vəzifəsində çalışıram. Biz bura ailəvi köçmüşük. Bu gün üç övladım ata-anasının oxuduğu məktəbdə təhsil alır.
Çox istəyirəm ki, Laçın tezliklə tam bərpa olunsun. Hərdən yoldaşıma deyirəm ki, mən on yaşında qoyub getdiyim Laçını istəyirəm. İnanıram ki, tezliklə köhnə Laçın bərpa olunacaq. Qayınatam deyəndə ki, "Laçına qayıdırıq", gözlərim doldu. Həmin vaxt mənə bir sual verdi ki, sizin övladlarınız üçün çətin olmayacaq ki? Mən bir təhsil işçisi olaraq bilirəm ki, şagirdin sinif otağını dəyişmək belə onun psixologiyasına təsir edir. Buna baxmayaraq, hər şeyin yaxşı olacağına inanırdım, belə də oldu. İndi böyük qızım dərslərini əvvəlkindən də yaxşı oxuyur.
Tələbə olanda deyirdim ki, mən də istəyirəm bayramlarda, tətillərdə, başqa tələbələr kimi öz rayonuma gedə bilim. İndi övladlarım görəcək o gözəl günləri. Məcburi köçkün adı bizə həqiqətən, bir yük olmuşdu. Bunun ağırlığını daim hiss etmişəm. Birinci dəfə biz gələndə məcburi köçkün məktəbinə getmirdik. Başqa məktəbdə oxuduğum iki ay mənim üçün çox ağır keçirdi, sıxılırdım. İki ay sonra biz şəhərciyə köçdük. Orda məcburi köçkün məktəbi açılan kimi xahiş elədik ki, bizim məktəbimizi valideynimiz dəyişsin.
Laçında evlər təzə-təzə bərpa olunan vaxt anam yuxuma girmişdi. Yuxuda mənə dedi ki, sizi Laçında gözləyirəm. Ona qədər deyirdim ki, anam ayaq qoymadığı yerə mən də getməyəcəm. Anam iki il öncə vəfat edib. O həmişə inanırdı ki, Laçın qayıdacaq. Mən çox sevinirəm ki, nə yaxşı anam bu xəbəri eşitdi, Laçının azad olunduğunu gördü.
Digər bir arzum atamın məzarını ziyarət etmək idi. Atamın qəbri açılmayıb. Amma məzarın üstündəki qara mərməri söküb aparıblar. Məzarın kənarında anam güllər əkmişdi. Təsəvvür edin, həmin güllər 31 ildir ki, yaz vaxtı açırmış. Məzarı ilk dəfə qardaşım tapmışdı. Amma qış olduğu üçün gülləri görməmişdi. İlk dəfə o mənzərəni mən gördüm. Anamın yadigarı kimi.
Ruxsarə xanım bunu deyib kövrəlir, sonra ehmalca göz yaşlarını silib gülümsəyir, çiçəkləri ən xırda detalına kimi həvəslə təsvir edir. Müharibənin dəhşətini bu təsvirdə o qədər aydın görürəm ki. İtirdiyi illər, yaşadığı travmalar, ata itkisi - bütün bu ağrılarla gül koluna tapınır. Müharibə həm də budur. Verdiyi dərd nə qədər böyükdürsə, təsəllisi də bir o qədər kiçikdir. Üç-dörd gül kolunun çiçəyi kimi.
Aytac SAHƏD