525.Az

Gizilti - Tural İsmayılovun qısa absurd hekayəsi


 

Gizilti <b style="color:red"> - Tural İsmayılovun qısa absurd hekayəsi</b>

Bu gecə bədənimdə bərk ağrılar vardı. Soyuqdəyməni iliyimə kimi hiss edirdim.

Avtomobili yolun kənarında saxlamışdım və sanki boşluğa baxırdım. Bütün əzalarımdan dəli bir ağrı yayılırdı. Heç özüm də bilmirdim ki, niyə belə bərk xəstələnmişəm?

İmmunitetim zəif idi, ildə 10 dəfə xəstələnirdim.

Avtomobildən evə qədər bəlkə 1 kilometr piyada getməliydim deyə yol “gözümə dururdu”. Pəncərəni azca endirdim ki, hava alım bir az.

Birdən böyük bir üşütmə və titrətmə hiss etdim. Yaşayanlar bilir ki, o soyuq titrətmə həm də adama qəribə bir peşmanlıq verir.

Bu anda avtomobilin şüşəsini kimsə döyməyə başladı. Nimdaş geyimli bir ağ saç kişi soyuqda titrəyirdi. Avtomatik hiss etdim ki, gəlib yanımda əyləşmək istəyir.

Başımla əyləşə biləcəyinə işarə edib avtomobilin qapısını açdım. Yanəmda əyləşən adamın gözlərini görmürdüm. Saçı uzun idi və üzünə dağılmışdı. Sadəcə bir-birimizə baxmadan mühərrikin istiliyinə qızınmağa çalışırdıq. Mən üşüdüyümdən küləkli küçəyə düşə bilmirdim, o isə daha çox qızınmaq üçün avtomobildə nə qədər çox qalsa onu özünə qənimət bilirdi.

Nə salamlaşdıq, nə də əlavə bir kəlmə kəsdik. Birdən dodağının altında zümzümə etməyə başladı. Amma səsi o qədər zəif gəlirdi ki, nə oxuduğunu sezə bilmirdim.

Canımdakı qızdırma daha da yayılırdı və məni narahat etməyə başlamışdı. Birdən soruşmaq qərarına gəldim:

- Sən kimsən? Niyə bu soyuqda küçələrdə qalmısan?

- Mən bomj deyiləm, qardaş. Amma evə də gedə bilmirəm.

- Sonra mənim kimi xəstələnəcəksən sən də, nə var axı belə üşüyə-üşüyə küçədə qalmısan. Tərpənə bilsəm mən də evə gedəcəyəm.

- Sən nə zaman getsən mən də çıxıb gedərəm, qardaş. Amma mənə “ev” demə.

- Sənə pul verim? Bəlkə nəsə içmək istəyirsən?

Bir az incimiş halda yenə sakit tonda dilləndi:

- Səncə, mən sərxoşa bənzəyirəm?

- Yox, mən sənə nəsə demirəm, sadəcə dedim bəlkə...

Sualıma heç bir cavab vermədi. Açığı bilmirəm niyə, amma verdiyim suala peşman oldum. Könlünü almaq üçün dedim:

- Gərək məni bağışlayasan, çox xəstəyəm. Özümü yaxşı hiss etmirəm, üzrlü say.

- Eybi yox, qardaş. Səni evə ötürüm? Özünü yaxşı hiss etmirsən, get yaxşı müalicə al, sağal.

- Bizim ev o küçənin başında...

- Qardaş, özünü yorma. Mən o evdə çox olmuşam.

“Görəsən, bu, nə sayıqlayır” deyə düşündüm. Bu adam mənim evimdə necə çox ola bilər ki?

Boşanmağımın üzərindən 5 il keçirdi, nə keçmiş həyat yoldaşımdan, nə də övladlarımdan xəbərim yox idi. Özüm də qardaşımla qalırdım. Qardaşım da 15 gün dənizdə olurdu, 15 gün gələndə də çıxıb kəndə gedirdi. O baxımdan demək olar ki, tək yaşayırdım.  Sonra da düşündüm ki, yaxlı kişidir, sayıqlayır yəqin. Tük üzünü o qədər örtmüşdü ki gözünün rəngini də seçə bilmirdim.

- Qardaş, gəl düş, aparım evə, dincəl, sonra isə uşaqlarını axtar. Ataları olaraq işin ancaq aliment ödəmək deyil. Onlar səsnin səsini duymaq, qayğını hiss etmək istəyirlər.

- Bura bax, bilmirəm sən kimsən, məni hardan tanıyırsan? Mənim şəxsi həyatımla bağlı sənin haqqın yoxdur ki...

- Dinlə, ailələriniz dağılanda övladlarınız ortada qalır, əzab çəkir, həyat yoldaşından ayrılmaq övladından boşanmaq deyil.

Hiss edirdim ki əsəblərim də gərginləşir. Halım olsa yaxasından tutub ona yaxşı bir şillə vuracaqdım. Səsim çıxan qədər yüksək tonla qışqırdım ona:

- Düş, rədd ol avtomobilimdən, yaxşılıq yaramır. Get don və öl.

- Məni heç vaxt tərk edə bilməyəcəksən. Mən həmişə sənin evində, çevrəndə olacağam.

Bu sualı verməliyəm, amma vermək istəmirdim. Səbəbini heç özüm də bilmirdim ki, mən bu adama niyə axı sualımı verə bilmirəm. Adam necə mənim ətrafımda ola bilərdi ki?

Anidən əlini çiynimə qoydu və sakit tonda yenə danışdı:

- Orta əsrlərdə vəbalar, insanların məsuliyyətsizliyinin səbəb olduğu ağrılar, kütləvi qətliamlar var idi. İndi guya kültür var, guya insanların beyni dəyişib. Narkomaniyanın, pozğunluğun, ədalətsizliyin artmağı məsuliyyətsiz ata, anaların günahıdır həm də. Siz anlayıb bilmədən, təsadüfi evliliklərinizlə məni bu günə qoyduz. Gümrah, şux, ümidli deyiləm daha. Qocayam, tənhayam, amma həm də ayaqdayam və qalacağam.

- Sən axı kimsən?!

- Mən toplumam...

........................................................

Qulağımda qardaşımın səsi oynadı:

- Oyan, yatıb qalmısan avtomobildə.

- Uşaqlarımı axtarmalıyam, özü də ən tez zamanda...

 

 





04.12.2023    çap et  çap et