Fransa Cənubi Qafqazı gərginlik ocağına çevirmək, yeni müharibəyə sürükləmək, sülhdən, sabitlikdən uzaq salmaq üçün özünün pozucu addımlarını davam etdirir. Hazırda regionda sülh üçün çox əlverişli, uyğun şərait yaranıb. Yəni Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, normallaşma prosesinin başa çatdırılması üçün hər hansı əngəl yoxdur. Xüsusilə, bu il sentyabrın 19-20-də Azərbaycan həyata keçirdiyi lokal antiterror tədbirləri ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Ərazimizdəki separatçı rejimin, qanunsuz erməni silahlı birləşmələrinin varlığına son qoyuldu. Amma təəssüf ki, Fransa başda olmaqla bir sıra Qərb ölkələri sülh prosesinə mane olurlar, regionu yenidən müharibəyə sürükləyirlər. Fransanın Ermənistanı silahlandırması məhz bu məqsədə xidmət edir. Bu gün Yaxın Şərqi, Ukraynanı cəhənnəmə çevirən həmin qüvvələr eyni ssenarini Cənubi Qafqazda da Ermənistan vasitəsilə reallaşdırmağa çalışırlar. Təəssüf ki, müstəqil dövlət ola bilməyən, hər zaman özünə himayədar axtaran Ermənistan Fransa kimi pozucu qüvvələrin əlində alət olmaqda davam edir.
Yada salaq ki, bu ilin oktyabrın 23-də Fransa və Ermənistanın müdafiə nazirlikləri arasında hərbi sahədə əməkdaşlıq sazişləri imzalanıb. Bu məqsədlə Ermənistanın müdafiə naziri Suren Papikyan Parisdə səfərdə olub.
Papikyanın fransalı həmkarı Sebastien Lekornu ilə imzaladığı sənədlərə əsasən, Ermənistana hava hücumundan müdafiə sistemlərinin satışı da daxil olmaqla, bir sıra silahların tədarükü nəzərdə tutulur. Fransa Ermənistana verəcəyi silahların həcmini kiçik göstərməyə çalışsa da, reallıqda İrəvana daha çox silah tədarük etmək niyyətindədir. Hərbi əməkdaşlıq sazişinə görə, Ermənistana Fransadan "Thales" müdafiə qrupundan üç ədəd "Ground Master 200" (GM200) radar sistemi tədarük olunacaq. Bu radar sistemi PUA, helikopter, qanadlı raketlər kimi təhlükələri aşkar etmək və izləmək qabiliyyətinə malikdir. "Ground Master 200" müasir radar sistemi 250 km uzaqlığında hava hədəflərini aşkar etmək imkanına malikdir. Həmçinin MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparılır.
Bir neçə gün əvvəl yayılmış məlumata görə isə Fransanın "Arquus" qrupunun istehsalı olan "Bastion" tipli 24 zirehli texnika Ermənistana göndərilib. Siyahıya hazırda istehsalda olan eynitipli daha 26 hərbi maşın əlavə ediləcək. Eyni zamanda, Fransa Senatı "Sezar" artilleriya sistemlərinin Ermənistana tədarükü məsələsinin tezliklə öyrənilməsini tövsiyə edib. Senatorlar "əvvəldən lazım olan avadanlığın çatdırılmasını gecikdirməklə eyni səhvləri təkrarlamamağa" çağırıblar.
"Buna görə də biz Ermənistan hakimiyyətinin bütün müraciətlərinə, xüsusən də onların artilleriyaya ehtiyacı ilə bağlı tez cavab verməliyik", - sənəddə deyilir. Bununla əlaqədar çıxış edənlər 2024-cü ildə "Nexter" istehsalat şirkətinin yeni istehsal gücü ilə yanaşı, effektivliyi nəzərə alınmaqla "Sezar" artilleriya sistemlərinin tədarükü məsələsinin tez bir zamanda öyrənilməsini tövsiyə ediblər. Bu da Fransanın İrəvana hücum silahları göndərmək planından xəbər verir. Onu xatırladaq ki, Parisin Ermənistanla hərbi saziş imzalamasından sonra ona hücum silahları verəcəyi də istisna edilmirdi. Çünki yuxarıda qeyd etdiyimiz kimi, məqsəd Ermənistanı Azərbaycanla yeni müharibəyə təhrik etməkdir. Məhz bu çirkin niyyətdə olan Paris bir müddət əvvəl Azərbaycanın Ermənistanla yeni müharibəyə hazırlaşmasına dair yalan tezisi gündəmə gətirmişdi. Bölgəni qarışdırmaqda maraqlı olan Fransanın hətta Ermənistana silahları pulsuz verdiyinə dair də məlumatlar var. Çünki bəllidir ki, bu gün öz apardığı siyasətə, qonşulara qarşı sərgilədiyi münasibətinə görə beynəlxalq və regional layihələrdən kənarda qalan, iqtisadiyyatı çökən Ermənistan silah üçün pul ödəmək imkanında deyil. Bir müddət əvvəl Fransanın "Le Monde" qəzeti də bu məqama toxunmuşdu. Qeyd edilmişdi ki, ermənilərə radar və zenit-raket komplekslərinin satışı ilə yanaşı, birgə təlimlərin keçirilməsi də daxildir: "Lakin Ermənistanın bu xərcləri necə ödəyəcəyi sual yaradır. "Bunlar Ukraynaya hərbi yardımda olduğu kimi silah tədarükü deyil, məbləği bir neçə yüz milyon avroya çata biləcək müqavilələrdir. Amma Yerevanın onların pulunu necə ödəyəcəyi hələ məlum deyil".
Paris Cənubi Qafqazı Ukrayna, Suriyaya çevirməyə çalışır və bu çirkin planın həyata keçirilməsi üçün də qeyd etdiyimiz addımları atır. Görünən həm də odur ki, Ermənistan revanşizmdən əl çəkmək istəmir və bunu artıq dövlət siyasətinə çevirib. Sözdə özünü sülhpərvər göstərən, Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan edən İrəvan, əməldə bunun əksini edir, yenidən silahlanır, səngərlər qazır.
Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan da Paşinyanın müharibəyə hazırlaşdığını bəyan edib. O bildirib ki, Paşinyanın baş nazirliyi dövründə yeni növbədənkənar seçkilərə imkan verilə bilməz. Əks təqdirdə belə bir şey Ermənistana ağır zərbə olacaq. Zakaryan qeyd edib ki, hər növbədənkənar seçkilərdən sonra Ermənistan Azərbaycan qarşısında ciddi itkilərə məruz qalır: "Nikolun ətrafı ictimai biganəlik, inzibati resurslardan istifadə və Qərbin gözü qarşısında yeni erkən seçkilərə getmək barədə düşünür. Məqsəd yeni müharibə nəticəsində ağrılı qərarlar qəbul etmək üçün legitimlik qazanmaq və parlament müxalifətini mütləq qərbpərəst və məğlubiyyətçi qüvvələrlə əvəzləməkdir. Hər üç ildən bir erkən seçki olacaq, nəticədə yeni uğursuzluqlar, itkilər və müharibələr olacaq. Nikolun baş nazirliyi dövründə yeni növbədənkənar seçkilərə icazə verilə bilməz. Belə bir şey Ermənistana ağır zərbə olacaq".
Siyasi şərhçi Elxan Şahinoğlu mövzunu şərh edərkən bildirib ki, Fransa Ermənistana yenidən hərbi texnika göndərməyi planlaşdırır. Ötən dəfə "Bastion" tipli 24 zirehli texnika Ermənistana çatdırılmışdı. Bu dəfə həm bu tip zirehli texnika, həm də radarlar və zenit-raket kompleksləri Ermənistana çatdırılacaq: "Görəsən, Tbilisi bu dəfə də həmin hərbi texnikanın Gürcüstan ərazisindən Ermənistana çatdırılmasına şərait yaradacaq? Gürcü rəsmiləri bununla bağlı açıqlamalarında beynəlxalq hüquqa zidd addım atmadıqlarına işarə ediblər. Orası elədir, ancaq ortada Azərbaycanla strateji tərəfdaşlıq var. Gürcüstanda bilməlidirlər ki, Fransanın hərbi texnikanın növbəti partiyası da Gürcüstan limanları və nəqliyyat yolları vasitəsilə Ermənistana çatdırılsa, bu, Azərbaycan cəmiyyətində tərəfdaşlıqla bağlı haqlı suallar yaradacaq. Aydındır ki, Fransa Gürcüstana təzyiq edir, ancaq Tbilisinin Azərbaycanla strateji tərəfdaşlığa uyğun fərqli seçimi imkanı da var. Gürcüstanı enerji və kreditlərlə təmin edən Azərbaycandır. Gürcüstan müdafiə naziri bu günlərdə Bakıda idi, azərbaycanlı və türkiyəli həmkarıyla üçtərəfli müzakirələr apardı. Yəqin bu görüş və müzakirələrdə gürcü nazirə mövcud reallıqlar izah edilib".
çap et