525.Az

Nağı Şeyxzamanlı irsində "qaçaqlar" mövzusu


 

Nağı Şeyxzamanlı irsində "qaçaqlar" mövzusu<b style="color:red"></b>

Sarsılmaz əqidəyə, möhkəm iradəyə sahib istiqlal mücahidi Nağı Şeyxzamanlının (1883, Yelizavetpol, Gəncə - 1967, İstanbul) yaradıcılıq diapozonu geniş, çoxşaxəli, janr seçimi  rəngarəng olmasa da, ideya cəhətdən aktual, mövzu baxımından maraqlı və diqqətəlayiqdir. Müəllifin "Azərbaycan" (Ankara) dərgisində qaçaq hərəkatına, qaçaqların həyatına, fəaliyyətinə həsr etdiyi silsilə yazıları - "Qaçaqlar" (1959, №8-9 (92-93, s.17,18),  "Qaçaq Nəbi" (1960, №10-11 (94-95, s.25-26; №12, s.11-12), "Qaçaq Dəli Alı" (1962, №1-2-3, (121-122-123), s.21-25); №4-5-6 (124-125-126) adlı publisistik nümunələri xalqımızın həyat və düşüncə tərzində azadlıq duyğusunun nə qədər dərin, müqəddəs, hürr hissinin necə əziz, işğala, əsarətə, köləliyə qarşı mübarizə əzminin, ruhunun tükənməz olduğunu göstərmək, eyni zamanda tariximizin az öyrənilmiş səhifələri ilə tanış olmaq baxımından böyük maraq doğurur.

Bu silsilədən olan yazıların təhlilinə geçməzdən öncə bildirməyi vacib hesab edirik ki, "qaçaqlar" mövzusu mühacirətin bədii və publisistik mirasında mühüm yer tutur. Mühacirət irsində "qaçaqlar" probleminə həsr olunmuş xeyli sayda tədqiqat əsərlərinə, mühacirət mətbuatında bu səpkidə şifahi ədəbi numunələrə təsadüf edilir. Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, Əhməd Cəfəroğlu, Səlim Rəfiq, Hüseyn Baykara və başqa qələm sahibləri qaçaqlarla bağlı müxtəlif janrlardakı bədii nümunələri tədqiqata cəlb etmiş, xalq qəhrəmanlarının milli-azadlıq hərəkatındakı yeri, rolu haqqında, qaçaqların işğalçılara, onların yerlərdəki nökərlərinə qarşı mübarizəsi barədə dəyərli fikirlər irəli sürmüşlər. Mühacirlərin bu problemə müraciəti səbəbsiz deyil. Qaçaqların işğala, müstəmləkəçiliyə etirazı, üsyanı ilə mücahidlərin sovet rejiminə qarışı ideoloji mücadiləsi forma, üsul və taktiki cəhətdən fərqli olsa da, məram, məslək nöqteyi-nəzərindən üst-üstə düşür: Vətənimizdə işğalçıya, yadelli düşmənə yer yoxdur! Böyük publisist Mirzə Bala Məhəmmədzadənin "Milli Azərbaycan fikriyyatını tərvic edən aylıq məcmuə"də - "Odlu yurd" dərgisində (1930, №2 ) dərc etdirdiyi "Xalqın müsəlləh müqaviməti nəyi ifadə edir" adlı məqaləsində yazırdı: "Millətimizin bəşəri təkamülün hansı bir mərhələsində bulunduğunu bilmək istəyənlər bu dərin və qüvvətli xalq hərəkatından çox qiymətli və müsbət mənalar çıxara biləcəklər. Xalqımız Şimaldan gələn irtica ilə bir əsr var ki, mücadilə edir. On doqquzuncu əsrin ortasında Rusiya kəndisinə nisbətən daha hür və sərbəst olan Azərbaycan köylərində rus "Krepastnoy" (təhkimçilik - T.A) sistemini tətbiqə, Azərbaycanda velikorus üsulunda insanların canına da, malına da hakim bir feodalizm və dərbəylik təsis eləməyə başlarkən azəri xalqı nasıl qiyam edərək  dağlara çəkilmiş, "Nəbi" kimi nasıl ənənəvi xalq qəhrəmanları çıxararaq müsəlləh müqavimətə başlamışdısa, şimdi də azəri köylüsünü hər bir insani haqlardan məhrum edən, onu bir makinə, bir kölə kimi qullanmaq istəyən qızıl "pomeşçiklərə" (torpaq ağası - T.A) qarşı əlində silah olaraq dağlara və ormanlara çəkilir, müqavimət göstərirlər". 

İstiqlal mücahidi, şöhrətli türkoloq professor Əhməd Cəfəroğlunun araşdırmalarında qaçaq hərəkatı özünəməxsus yer tutur. O, "Azəri Türk" məcmuəsində dərc etdirdiyi "Azəri xalq ədəbiyyatında "Qaçaq Nəbi" dastanı" məqaləsində" əsəri milli ədəbiyyatşünaslıq tələbləri baxımından dərindən və hərtərəfli təhlil edib. "Azərbaycan yurd bilgisi" məcmuəsindəki "Azəri ədəbiyyatında istiqlal mücadiləsi izləri" (№1-36. Sayılar, Birleştirilmiş Tıpkıbasım), Ankara 2008, 1462 s., Türk Dil Kurumu Yayınları: 944. s.364) adlı dörd hissədən ibarət əsərinin böyük bir qismini bu mövzuya həsr edən türkoloq göstərir ki, xalq ədəbiyyatında ruslara qarşı yürüdülən istiqlal mücadiləsi bilhassa "qaçaqlar" haqqında dastan və şeirlərlə "Aşıq ədəbiyyatında" kəndisinə inikas bulmuşdu. Görkəmli alim daha sonra qaçaqlara, xüsusi ilə Qaçaq Nəbiyə xalq məhəbbətini ifadə edən nümunələrə diqqəti çəkir, yazır ki, həmin əsərlərin başlıca mənası, ideyası, dəyəri "xalqın ruslara qarşı yürütdüyü hürriyyət davasını təmsil etməsidir".

N.Şeyxzamanlının "Qaçaqlar" əsəri publisistin bu silsiləsindən ilk yazısıdır. N.Şeyxzamanı XIX əsrin əvvəllərində Rusiyanın böyük itkilər hesabına da olsa,  əvvəlcə Şimali Qafqazı, sonra Cənubi Qafqazı işğal etdiyini, xanlıqların qəsbkarlara ciddi müqavimət göstərdiyini, "hərb və ya anlaşma yolu ilə" Azərbaycanı əsarət altına aldığını yazır. Bu qələbə ruslara baha başa gəlmişdi: "Rus idarəsini sadəcə Qafqaz qövmlərinin qəhrəmanlıqları deyil, eyni zamanda Azərbaycan xalqının hürr yaşayış tərzi də sarsıtmışdı. Belə ki, Azərbaycan xalqı fərdi hürriyyət içərisində yaşarkən Rus idarəsinə ancaq əsgəri güc zoru ilə əsir olurdu. Halbuki o tarixlərdə Rusiyada hökm sürən idarə tərzi sərfük (təhkimçilik - T.A.) sisteminə dayanmaqda idi". Müəllif qaçaq hərəkatının, qaçaq dəstələrinin meydana gəlməsi, qaçaqların məqsədi, mübarizə üsulları, yaşayış tərzi, kədlilərlə münasibəti haqqında ətraflı söz açır. İşğalından sonra ruslar kəndlilərlə kölə kimi davranmağa başlayanda onların bir qisminin hürr qalmaq istədiyini, buna görə də dağlara çəkildiklərini göstərən N,Şeyxzamanlı davam edir: "Hürr yaşama tərzinə bağlı qalmaq istəyən bu kəndlilər "qaçaq" ünvanını aldılar. Bundan sonra artıq "qaçaqların" rus idarəsinə qarşı sistemli mücadiləsi başlayır. Hər "qaçağın" ilk işi, nə olursa olsun, bir rus əsgərini öldürmək  və onun tüfəngini almaqdır. Qaçaqlar işğalın ilk dövrlərində "sıxıntısız bir həyat sürsələr" də, rus idarəsi ölkənin ən ucqar ərazilərini bürüdükcə onlar daha çox təqibə məruz qalırdı. Bununla belə, qaçaqlar mücadiləyə fasilə vermir, xalq arasında getdikcə daha çox rəğbət qazanır, qəhrəman kimi ad-san çıxarırdılar.

Publisist ayrı-ayrı qaçaqlar haqqında söz açmazdan "öncə qaçaqların ümumi həyatını qısaca anlatmaq" - istədiyini bildirir. O yazır: "Qaçaqların birləşməsinə "qaçaq dəstəsi" deyirlər. Hər qaçaq dəstəsinin bir başı olur və dəstə onun ismi ilə anılır. Məsələn, Qaçaq Nəbinin dəstəsi, Qaçaq Hüseynin dəstəsi. Dörd ay qış mövsümü qaçaqların ölüm ayıdır. Öz aralarında belə deyirlər: "Qışı adlada bilən qaçaq həm taleli, həm də qəhrəmandır".

N.Şeyxzamanlı qışda qaçaqların hansı çətinliklərlə üzləşdiyini, sağ qalmaq uğrunda necə mücadilə etdiklərini, hətta Türkiyəyə, İrana keçdiklərini, "ömürlərinin məsud çağı" başlayanda, ağaclar yaşıllaşanda" isə "dəstə əfradı (fərdlər - T.A.) bir-birlərini axtardıqlarını və yenə birlikdə mücadilələrini davam etdirdiklərini" yazır.

Yuxarıda qeyd etdiyimiz kimi, N.Şeyxzamanlıya qədər və ondan sonra da qaçaqların, o cümlədən, Qaçaq Nəbinin rus əsarətinə qarşı mübarizəsi barədə xeyli yazı qələmə alınmışdı. "Qaçaq Nəbi" oçerki N.Şeyxzamanlının irsinin də  diqqətçəkən nümunələrindəndir. Qaçaq Nəbinin tərcümeyi-halına qısaca nəzər salan müəllif qeyd edir ki, o, təkcə doğulub boya-başa çatdığı Qarabağda yox, ətraf bölgələrdə də ruslara qarşı amansız mübarizə aparmışdı: "...Gəncə vilayətinin yeddi qəzasında at oynatmışdır. Bununla da qalmamış, İrəvan və Zaqatala vilyətlərində də dolaşmışdır. Bütün Azərbaycan xalq şairləri bir-biri ilə yarışırcasına Nəbiyə qoşmalar söyləmişlər və xalqa əzbərlətmişlərdir". N.Şeyzamanlı əsərində Qaçaq Nəbini xalq qəhrəmanı, sədaqətli həyat yoldaşı, vəfalı dost, ədalətli, xeyirxah insan olduğunu məhəbbətlə qələmə alır.  O, məşhur qaçaqlar arasında yalnız Qaçaq Nəbinin xanımı Həcərin də onunla çiyin-çiyinə savaşdığını, bununla da qəhrəman xanımın Rus idarəçilərini heyrətə saldığını vurğulayır. Müəllif Həcər xanımın şücaətini, mərdliyini, övlad sevgisini göstərən ibrətamiz hadisəni ustalıqla təsvir edir: Həcər 6 yaşındakı qızı ilə birlikdə qonşu kənddəki toya getmək üçün kişi paltarı geyir, tüfəngi çiyninə keçirir, Bozatın təkinə minir. Həcər xanımın izinə düşən rus əsgərləri toya gəlir, bunu duyan Həcər xanım özünü itirmir, soyuqqanlı hərəkət edir, qızı ilə məclisdən çıxır, kənddən uzaqlaşırlar. Əsgərlərin onları təqib etdiyini görən Həcər xanım atı Kürə salır. Bu zaman qız sulara qərq olur. Həcər xanım bayılır, əsgərlər fürsəti fövtə vermir, onu tutur, Gəncəyə gətirib həbsxanaya salırlar. Gəncə xalqı - kişili, qadınlı hər kəs bundan qəzəblənir və valiyə etirazlarını bildirir, Həcər xanımın dərhal azad olunmasını tələb edirlər: "Açın, həbsxana qapısını, içəri girəlim, biricik qızını nehir sularında qeyb etmiş anaya başsağlığı verəlim, dərdini paylaşalım. Sizin bu yapdıqlarınız tamamən vəhşilikdir, bu hal heç bir millətə, heç bir dövlətə yaraşmaz". Publisist bu cümlələrlə xalqın qaçaqlara məhəbbətini, eyni zamanda çar hökumətinə nifrətini nümayiş etdirir.

Əsərdə erməni xislətinə xas xəyanət, satqınlıq, qorxaqlıq, yaltaqlıq kimi sifətlər inandırıcı dəlillərlə əks etdirilir və mənfur qonşuların iç üzü məharətlə ifşa olunur. Qarabağ erməniləri Qaçaq Nəbinin aradan götürülməsi üçün valiyə, məmurlara dəfələrlə müraciət etmişlər.

N.Şeyxzamanlı bu əsərini daha çox 20-30-cu illər publisistikasına xas tərzdə - sovet rejimi və kommunist ideologiyasını da kəskin tənqid etmək üslubunda qələmə almışdır. O, ara-sıra Bakı radiosunun musiqi proqramlarını, tez-tez səsləndirilən Qaçaq Nəbi dastanlarından parçaları dinləməyi xoşladığını gizlətmir, onlardan əzbərlədiyi nümunələri oxucularla da bölüşür: Sonra yazır: "Ancaq  nəzər-diqqətimi çəkən nöqtə budur: Nəbi dastanlarında ruslar ilə mücadilədən bəhs edilmir". Publisisti daha çox qəzəbləndirən isə "Azərbaycan kommunist yazarlardan" birinin Qaçaq Nəbiyə həsr etdiyi bir pyesdir. Dramaturq, Qaçaq Nəbinin igidliyindən söz açır, onu göylərə qaldırır, xalq qəhrəmanını elə təqdim edir ki,  "məgərsə, Nəbi Lenini kölgədə qoymuş "proletar mücahidi" bir kommunist imiş. Belə ki, Qaçaq Nəbi yol kəsir, soyğunçuluq edir, göbəklərini şişirtmiş mollaların ticarət malı yüklü karvanlarını durdurur, malları alır, sonra da soyğun yerlərinə yaxın kəndlərə xəbər göndərir. Nəbinin arşını olmadığından kəndlilər gəlincəyə qədər tüfənginin boyu ilə qumaşları ölçüb kəndlilərə paylayır. Nəbinin bütün qaçaqçılıq həyatı bəylər ilə savaşda keçir". N.Şeyxzamanlı bu tənqidlə də kifayətlənmir, pyes müəllifini daha sərt ifadələrlə ittiham edir.

(Ardı var)

 

 





05.12.2023    çap et  çap et