525.Az

"Qədimdən gələn karvan" - "Bir rəsmin dedikləri"


 

"Qədimdən gələn karvan" - <b style="color:red"> "Bir rəsmin dedikləri"</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nigar Hətəmovadır. Nigar xanımla tanınmış rəssam İntiqam Ağayevin "Qədimdən gələn karvan" əsərindən danışmışıq.

İntiqam Ağayev 1965-ci ildə Sumqayıt şəhərində anadan olub. Rəssam Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin məzunudur. O, 2012-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. İntiqam Ağayevin kompozisiyalarında adətən imza olaraq mavi səma mənasını verən "Asiman" kəlməsini görürük. Rəssamın sözlərinə görə, bu təxəllüs, ona 1992-ci ildə könüllü getdiyi Birinci Qarabağ müharibəsi zamanından yadigar qalıb. Onun rəssamlığa marağı çox gənc yaşlarından, hətta uşaq yaşlarından etibarən başlayıb, daha sonra inkişaf edərək, yüksək səviyyəyə çatıb.

 

 

- Nigar xanım, bu əsərə baxarkən diqqəti cəlb edən ilk məqam Şərq motividir.

- Rəssam İntiqam Ağayevin yaradıcılığında müxtəlif, maraqlı mövzularda işlənmiş sənət nümunələrinə rast gəlmək mümkündür. "Qədimdən gələn karvan" kompozisiyası da rəssamın maraqlı əsərlərindəndir. Ümumiyyətlə, rəssamlıq peşəsi daha çox fərdi təşəbbüslərlə formalaşıb, inkişaf edən bir sahədir. Şübhəsiz ki, sənət mahiyyətcə rəssamın yüksək fərdi daxili dünyasının sərbəstcəsinə ifadə refleksidir. Ümumiyyətlə, şərq mədəniyyətini, fəlsəfəsini, tarixini, şərq insanlarını və təbiətini müşahidə etmək imkanı qazanaraq, şahidi olduğu gözəllikləri rəsmləri vasitəsilə sənətsevərlərə təqdim edən İntiqam Ağayevin əsərləri gələcək nəsillərə ötürülən çox qiymətli mədəni irsdir. Bu əsərdə biz, rəssamın uzun yollar qət etməyi hədəfləyən karvan yolunun əslində Azərbaycanın, xalqımızın qədim tarixini, zəngin mədəniyyətini əsrlərdən əsrlərə daşımaq cəhdinin ifadəli təsvirini görürük. Bu əbədiyyətə uzanan zəngin karvan yolunun əsla bitib-tükənməməsi yeni üfüqlərə yelkən açması bir növ rəssamın gələcəyə, gənc nəsilə, inkişaf etməkdə olan yeni bir mədəniyyət çağına olan inamı, güvən duyğusudur. Müharibə iştirakçısı olan rəssamın məhz belə nikbin, şux çalarlar ilə daxili aləmini, mədəniyyətə, həyata olan baxış bucağını ifadə edə bilməsi olduqca qiymətlidir. Təsviri sənət özü də bir növ savaş, rəssamın kətanla mübarizəsi, bədii müqavimət cəhdidir.

- Əsərin rəng həlli necədir?

- Səmimiyyəti və sadəliyi özünəməxsus, dərin fəlsəfi baxış bucağı və təntənəli Şərq tarixi ilə birgə təsvir edərək, düşüncələrini kətanda ölümsüzləşdirən rəssamın istifadə etdiyi kolorit bu əsər üçün xüsusi bir rol oynamaqdadır. Kolorit doğma Abşeronun qüdsi çalarlarını özündə yansıtaraq, rəssamın ilkin duyğu və idrak yaddaşının zənginliyini isbata yetirir. Bu, təbii, səmimi, zəngin və rəngarəng palitra rəssamın Şərq mədəniyyətinə tamamilə dəqiq müşahidəçi və təfərrüat yönümlü bir perspektivlə yanaşdığını göstərən əsas amildir. Buna görə də rəng sənətçilərin özlərini, inanc və düşüncələrini ifadə etməsi, tamaşaçılara intellektual və emosional təsir göstərə bilmələri üçün son dərəcə vacib bir vasitə hesab olunmaqdadır. Hər daim rəngdən səmərəli bir şəkildə istifadə edən rəssam İntiqam Ağayev isə təkcə bu rəngləri göz ilə görmür. O, həmin rəngləri eşidir, duyur, həm də analiz edir. Məhz onun yaradıcılığını məhsuldar edən də bu dərin baxış tərzidir. Rəssam üçün əslində rəng özü çox böyük bir cəsarətdir.  Açıqcası, rəngin mahiyyəti fərqliliklərə və təzadlara mənalı bir çalar, xüsusi dəyər qatmasında gizlidir. Bu kompozisiyada da izləyicilərin qəlbinə toxunan əsas sirli nüans; şux çalarların kətanın hər zərrəsinə ələnərək, mərkəzdə bütövləşməsidir.

- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?

- Musiqi, poeziya, təbiət, fəlsəfə və tarix rəssamın bütün həyatını və sənət diapazonunu işıqlandıran və istiqamətləndirən əsas amillər hesab oluna bilər. Rəsmdə sanki başqa bir dünya, zəngin, sehrli və daha çox nağılvari bir aləm əks olunub. Bu kompozisiyada gördüyümüz əsrarəngiz karvan yolu qiymətli bir metaforanı təmsil edir. Sivilizasiyalar və xalqlar arasında mədəni əlaqələr qurmağın ən mühüm vasitəsi olan karvanlar mədəniyyətlərin daşıyıcısı kimi önəmli rol oynayır.

- Ümumiyyətlə, İntiqam Ağayev yaradıcılığında rənglərə özünəməxsus yanaşma var. Həmin baxışı bu əsərdə necə görürük?

- İntiqam Ağayevin əsərlərinin ortaq cəhəti, onların hər birinin zamanın sənədli filmi kimi əsaslı və labüd mənalardan ibarət olmağıdır. Fırça ustası orijinal əsərlərindən heç vaxt uzaqlaşmayaraq, yaradıcılıq fəaliyyətində tez-tez rastımıza çıxan obrazlı kompozisiyalarını özünəməxsus təxəyyül zənginliyi ilə dolğunlaşdırır. Onun rəsmlərindəki rəng ahəngi və rəng zənginliyi hər müraciət etdiyi mövzu və ya janrın əlahiddə xüsusiyyətləri ilə kombinasiya olunur. Rəssamın mövzu seçimləri nağıl aləmində başlayıb xəyal dünyasında sona çatan gerçək tarixi, həqiqi mənanı təmsil edir. Sənətkarın kompozisiya seçimlərindəki hər yeni bədii yol fərqli perspektivlə orijinallaşır. Məhz buna görə də, izləyicilər onun bir-birindən fərqli mövzu seçimlərinə nəzər saldıqca müxtəlif duyğu və düşüncələrə bürünür, hər əsərdə yeni bir hekayə kəşf edirlər.

- Sizcə, bu əsər bizə nə deyir?

- İntiqam Ağayevin əsəri bizə bəşəri dəyərlərimizi və xüsusiyyətlərimizi, keçmişimizi, xatirələrimizi, xüsusilə də hər gün dünyamızda baş verməsinə rəğmən hiss edib, dərk edə bilmədiyimiz hər daim irəliləməkdə olan inkişaf yolumuzu, irəliyə yönələn addımlarımızı xatırladır. Rəssam bəşər övladının sonu bəlli olmayan bu həyat döngüsündə daim hərəkət halında olmaq ideyasına xüsusi diqqət yetirir. Həyatın axarı, onun dilemması, keçdiyimiz şəhərlər, iqlimlər, kitablar, yetkinləşən düşüncələr, həyatı mənalı etmək üçün yaratdığımız illüziyalar hər biri bu uzun döngünün ayrılmaz parçasıdır. Həmin fərqliliklər, təfərrüatlar isə "qədim diyarlardan yola çıxan, amma hələ də gələcəkdəki son mənzilinə çatmağa tələsməyən nəhəng karvana" rəngarənglik bəxş edən əsas prinsiplər arasındadır. Bu karvanın mədəniyyət yükünü, tarixi məsuliyyətini həmin cığırda irəliyə aparmaq vəzifəsi isə gələcək nəsillərin öhdəsindədir. İntəhası, dərk etmək lazımdır ki, həmin karvan da bizimdir, dəvə də bizimdir, yol da bizimdir...

Aytac SAHƏD 

 

 





06.12.2023    çap et  çap et