525.Az

Laçında muğam və caz axşamları


 

​​​​​​​ŞƏHƏRİ ŞƏHƏR EDƏN MƏDƏNİ MÜHİTDİR...

Laçında muğam və caz axşamları<b style="color:red"></b>

Laçında hər həftə azı 3 maraqlı tədbirin afişaları paylaşılır. İlk sakinlərin köç etdiyi vaxtdan bəri müxtəlif konsertlərin, kitab və film təqdimatlarının təşəbbüskarı kimi çıxış edən Bakı Abadlıq Xidməti mədəni həyatın dirçəlməsini quruculuğun ən vacib şətri sayır.

Həkəri çayı kənarında musiqili poeziya gecələrinin keçirilməsi artıq ənənə halını almaqdadır. Beynəlxalq Muğam Mərkəzinin bu təşəbbüsə verdiyi dəstəklə ölkənin məşhur xanəndələrinin, gənc muğam ifaçılarının Laçına mütəmadi səfəri gözlənilir. Yenicə istifadəyə verilmiş müasir kinoteatr - “Lacınema” isə hələ tikilməkdə olan şəhərin ilk səhnəsi kimi daha fəaldır. “Hicaz” qrupunun bu səhnədə verdiyi ilk konsert test xarakteri daşısa da, peşəkarlar, salon olaraq, “Laçınema”nın klassik musiqi, hətta caz festivallarını qarşılamağa hazır olduğunu deyirlər.

Bakı Abadlıq Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyevanın sözlərinə görə, Laçının müasir şəhər kimi dirçəlməsinə çalışan Prezident Nümayəndəliyinin və Laçın Abadlıq Xidmətinin birgə səyləri nəticəsində bu məkan qısa müddət ərzində Qarabağın rəqəmsal İncəsənət mərkəzinə çevriləcək. Azərbaycanın ən mükəmməl kinopavilyonlarından biri - “Hoçazfilm”  Zəfər xronikasını qeydə alan kinostudiyanın formalaşmasına təkan verəcək. Dünyada imzası brendə çevrilmiş fotoqraf Reza Degatinin Laçında açacağı tədris studiyası yeni nəslin nəinki foto sənətinə yiyələnməsinə, eyni anda dünyaya baxışının düzgün fokuslanmasına xidmət edəcək.

Böyük zövqlə qurulan Laçında, Yeni il ərəfəsi təntənəli açılışı planlaşdırılan Yarmarka layihəsi də alış-veriş mərkəzindən çox, insan əməyinin ən gözəl nümunələrinin sərgilənəcəyi mərkəz kimi düşünülüb. Laçın Yarmarkası etno bazar kimi  fəaliyyət göstərəcək - musiqili, dolğun, rəngarəng olacaq. Sakinlərin özlərinin birbaşa iştirakı və idarəçiliyi ilə şəkillənəcək bu mühit  31 il yurdundan ayrı düşmüş insanların yenidən bir-birinə qaynayıb qarışması üçün  ünsiyyət məkanına çevriləcək. Laçın torpağının yetişdirdiyi məhsullardan başqa, Yarmarkada laçınlı  xanımların  və istedadlı uşaqların əl işlərindən ibarət ayrıca köşələr yaradılacaq. Bu məqsədlə, Bakıdan əsil sənətkarlar təlimlərə cəlb edilib.  Davamlı master klaslar nəticəsində şəhərdə yeni peşələr formalaşacaq.   

Laçın haqqında mütəmadi maraqlı paylaşımlar edərək, yeni xəbərləri gündəmə gətirən L. Əliyevanın fikrincə, heç bir əlvan forma, gözqamaşdırıcı dəbdəbə məzmun qədər dəyərli ola bilməz. Şəhəri şəhər edən - onun canlı ruhu, mədəniyyətidir.                                    

 





06.12.2023    çap et  çap et