525.Az

Gəncədə gürcü şairi Nikoloz Barataşvilinin xatirə lövhəsi açılıb


 

Gəncədə gürcü şairi Nikoloz Barataşvilinin xatirə lövhəsi açılıb<b style="color:red"></b>

Qonşu gürcü xalqının böyük şairi Nikoloz Barataşvilinin (1817-1845) adı ölkəmizlə də bağlıdır. N. Barataşvili 28 illik qısa ömrünün bir hissəsini öz məmur xidməti ilə əlaqədar olaraq  Azərbaycanda - Naxçıvan və Gəncədə keçirib. O, Gəncədə malyariya xəstəliyindən vəfat edib və buradakı xristian kilsəsinin ərazisində torpaşa tapşırılıb. Amma ölümündən 45 il sonra gürcü ziyalıları onun nəşini şairin doğulduğu Tiflisə köçürərək, yenidən dəfn ediblər.

525.az xəbər verir ki, ötən il N.Barataşvilinin anadan olmasının 205 illiyi ilə bağlı Gəncəcə onun həyat və yaradıcılığına həsr olunmuş konfrans keçirilməsi, eləcə də  həmin tədbir zamanı şairin Azərbaycan dilinə tərcümə olunmuş “Merani” adlı kitabının təqdimatı haqda “525-ci qəzet”in 10 dekabr 2022-ci il tarixli buraxılışında yazı da  vermişdik.

Bu il isə şairin doğum tarixinə Gəncədə daha bir hadisə həsr edilib. Gəncə Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət Nazirliyinin və Gürcüstanın Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə Nikoloz Barataşvilinin  Gəncəçayın sağ sahilində yerləşən “Cavad xan dəftərxna muzeyi”nin önünə vurulmuş  xatirə lövhəsinin açılış mərasimi olub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Mədəniyyət nazirinin müavini Murad Hüseynov, millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Arzu Nağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gürcüstan Yazıçılar Evinin direktoru, parlament deputatı Ketevan Dumbadze, dövlət və ictimai idarə, müəssisə, təşkilat rəhbərləri, şəhərin mədəni, elmi və ədəbi mühitinin nümayəndələri qatılıblar.
Şəhər rəhbəri Niyazi Bayramov qonaqları salamlayıb və qeyd edib ki, gürcü xalqının mütərəqqi ideyalar daşıyıcısı olan böyük övladı Nikoloz Barataşvilinin xatirəsini Gəncədə əbədiləşdirən lövhə vaxtilə onun çalışdığı, hazırda muzeyə çevrilən, əvvəllər Cavad xana məxsus dəfətərxananın önünə vurulub.

Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze bu nəcib addıma görə əməyi keçən hər kəsə öz dərin təşəkkürünü bildirib. O, gürcü xalqının fəxri Nikoloz Barataşvilinin Gəncə şəhərində xatirə lövhəsinin ərsəyə gətirilməsini xalqlarımızın tarixin sınaqlarından keçən dostluğunun daha bir təcəssümü kimi xarakterizə edib. 

Çıxışlarda Nikoloz Barataşvilinin qısa, lakin şərəfli ömür yoluna bir daha nəzər salınıb. 

Sonra Niyazi Bayramov və Zurab Pataradze tərəfindən xatirə lövhəsinin üzərindəki ağ örpək götürülüb və onun önünə tər güllər düzülüb.
Tədbirdə  “Xəmsə” Uşaq Rəqs Ansamblının, Gəncə şəhər 1 nömrəli Musiqi Məktəbinin, eləcə də Qax rayonunda fəaliyyət göstərən “Şvitkatso” Gürcü Xalq Xorunun və  “İmedi” rəqs kollektivinin çıxışları izlənilib.

Sonda iştirakçılara Nikoloz Barataşvilinin kitabları hədiyyə olunub və konsert proqramı ifaçılarına təşəkkürnamələr təqdim edilib.

Zakir Muradov, Gəncə

 





06.12.2023    çap et  çap et