|
|
|
|
Əməkdar rəssam, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Rais Rəsulzadə “Şirməmməd Hüseynov mükafatı”nın qalibi olub.
525.az xəbər verir ki, bu barədə Parlament Jurnalistləri Birliyinin nəzdində yaradılmış “Şirməmməd Hüseynov mükafatı”nın Ekspert Komissiyasının sədri Alim Hüseynli bildirib.
O qeyd edib ki, “Şirməmməd Hüseynov mükafatı”nın Əsasnaməsində nəzərdə tutulan prosedur qaydalarına uyğun olaraq, Komissiya üzvləri arasında aparılan geniş müzakirələrdən sonra mükafatın builki qalibi Rais Rəsulzadə olub.
A.Hüseynli bildirib ki, R.Rəsulzadənin əsərləri Kuba, Polşa, ABŞ və başqa ölkələrdə nümayiş etdirilib: "Bakı, Moskva və İstanbulda rəssamın fərdi sərgisi açılıb. Keçmiş sovet respublikaları, eləcə də ölkə mətbuatında onun əsərləri barədə elmi-publisistik məqalələr dərc olunub. Ümumilikdə Rais Rəsulzadə 800-ə yaxın sənət əsərinin müəllifidir. Hazırda Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasına rəhbərlik edir. Bu baxımdan o, Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi xidmətlərə görə, “Şirməmməd Hüseynov” mükafatına layiq görülüb”.
Qeyd edək ki, “Şirməmməd Hüseynov mükafatı” ilə bağlı qərar Parlament Jurnalistləri Birlyinin İdarə Heyəti tərəfindən 12 noyabr 2019-cu il tarixində qəbul edilib. 2020-ci ildə “Şirməmməd Hüseynov mükafatı”nın qalibi diplomat, araşdımaçı alim, diaspor fəalı Ramiz Abutalıbov, 2021-ci ildə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, 2022-ci ildə isə Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev olub.
Xatırladaq ki, R.Rəsulzadə 1946-cı ildə anadan olub. O, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir.