Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri “Kitabxana kataloqları” fənni üzrə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) təcrübi dərs keçiblər.
Bu barədə 525.az-a BDU-dan məlumat verilib.
Fakültənin dosenti Rəşad Qardaşovun rəhbərliyi ilə tələbələr kitabxananın Komplektləşdirmə, Kataloqlaşdırma, Avtomatlaşdırma və proqram təminatı şöbələrinin fəaliyyəti, kitabxana sistemində ilk olan fond - Qarabağ müharibəsi qəhrəmanları fondu ilə yaxından tanış olublar.
MEK-in Komplektləşdirmə şöbəsinin rəhbəri Gülnar Məmmədova kitabxanada tətbiq edilən proses barədə ətraflı məlumat verib. Gələcəyin mütəxəssisləri kitabxanaya daxil olan ədəbiyyatın uçotu və işlənməsi, təsnifləşdirilməsi və kataloqlaşdırılması, kitabxana fondundan çıxarılmış ədəbiyyatlar üzrə aktların tərtibi, cari daxil olan sənədlərin və retrospektiv sənədlərin elektron kataloqlaşdırması və biblioqrafik təsvirlərinin yaradılması, elm sahələri üzrə sistemləşdirilməsi və indeksləşdirilməsi kimi işlərin aparılmasına əyani baxıblar. Tələbələrə, həmçinin kitabxanada tətbiq edilən IRBIS64+AKIS proqramı və onun texnoloji proseslərinin tənzimlənməsi haqqında məlumat verilib.
Kitabxanada keçirilən dərslər təcrübə mübadiləsi ilə yanaşı, mütaliə alışqanlığının formalaşması və inkişafı baxımından da böyük əhəmiyyət kəsb edir.
Sevinc Qarayeva