525.Az

"Rəssam öz əsərin xəyanət etmədən sevməlidir" - MÜSAHİBƏ


 

"Rəssam öz əsərin xəyanət etmədən sevməlidir" - <b style="color:red">MÜSAHİBƏ</b>

Bu gün dünyanın bir çox ölkələrində rəssamlıq bir sənət qolu olaraq çox irəlidədir. Rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Təsviri incəsənət, rəssamların fırçasından çıxan əsərlər həqiqətən də tamaşaçıların marağını cəlb etməyə qadirdir. Onu da qeyd edək ki, Azərbaycan təsviri incəsənət ustalarının çəkdiyi əsərlərin çox az hissəsi dünyada tanınıb. Azərbaycan incəsənətini, ölkəmizi tanıtmağa qadir olan, rəssamlardan biri də bugünki müsahibimiz əməkdar rəssam İbrahim Həsənovdur.

Onun yaradıcılıq bioqrafiyası müxtəlif istiqamətlərdə aparılan axtarışlar zəminində formalaşıb.1990-cı ildə Bakıda onun ilk fərdi sərgisi təşkil olunubdu. Sərgidə rəngkarlıq, heykəltaraşlıq, qrafika və yaradıcılığına yeni bir nəfəs gətirən, sənətşünasların dili ilə desək “yumşaq heykəltaraşlıq” janrı sənətsevərlərin marağına səbəb olub. Norveçdən, Almaniyadan, qardaş Türkiyədən və digər ölkələrdən bu janra böyük maraq göstərilib.

Sənətkarın ikinci fərdi sərgisi 1991-ci ildə London şəhərində baş tutub. Nümayiş olunan bütün əsərlər London muzeyi tərəfindən alınıb. O, 1991-
ci ildən Azərbaycan Rəssamlar ittifaqının üzvü olur. 1995-ci ildə Türkiyənin baş naziri Tansu Çillər onu şəxsən Türkiyədə iş birliyinə, orada yaşayıb yaratmağa dəvət edib.

Rəssamın emalatxanasında çoxlu proektlərə, eskizlərə rast gəlmək olar. Emalatxanada həmçinin “Nuru Paşa və onun İslam Ordusu”na həsr olunmuş kompleks layihəsini, bir çox sərgilərdə sərgilənmiş "Təcavüzə son", "Hacı Zeynəlabdin Tağıyev" kimi digər layihələri də görmək olar.

İbrahim Həsənovun bir çox yaradıcılıq əsəri xarici ölkələr tərəfindən alınıb və bir neçəsi şəxsi kolleksiyalarda saxlanılır. Daşdan yonulmuş “Gözləmə” əsəri Tokio şəhərindəki Şərq Muzeyində saxlanılır. Bu təvazökar, qaynar təbiətli rəssam həm də xeyriyyəçi rəssam kimi də tanınır. Belə ki, o Qarabağ müharibəsi şəhidlərinin bir neçəsinin büstünü təmənnasız hazırlayıb. Buna misal olaraq Qəbələ şəhərində Mübariz İbrahimovun büstü, Keşlə qəsəbəsində şəhidlərin xatirəsinə yüksələn böyük abidə və sair kimi xeyriyyə əməlləri onun nə qədər vətənpərvər, kamil rəssam təfəkkürünə, geniş dünya görüşünə sahib olmasının göstəricisidir 

Qeyd edək ki,  15 dekabr 2023-cü ildə saat 18:00-da Muzey Mərkəzində tanınmış rəssam və heykəltaraş İbrahim Həsənov və rəssam Ruhulla Həsənzadənin ““Metamorfik bağlar:70/30” adlı yubiley sərgisi keçiriləcək. Sərgi öncəsi tanınmış rəssam İbrahim Həsnovla söhbətləşdik.

  - İbrahim bəy, rəsm çəkərkən özünüzə xüsusi bir mühit yaradırsınız?

   - Kənar fikirlərdən, problemlərdən müvəqqəti də olsa uzaqlaşmadan heç bir xüsusi mühit yarana bilməz. Rəssam üçün yaradıcılıq mühiti çox önəmlidir. Onun üçün öz fikirlərinlə təkbətək qalmaq vacibdir. 

  - Siz həm də xeyriyyəçi rəssam kimi də tanınırsınız. Bu istiqamətdə hansı işlər görmüsünüz və hazırda davam edirsinizmi?

  - Gördüyüm xeyriyyə işləri şəhidlərimizin, qəhramanlarımızın xatirəsini əbədiləşdirmək məqsədi daşıyır. Hələ Birinci Qarabağ Müharibəsi illəri Babəkin, Koroğlunun, Cavanşirin, qəsəbəmizin şəhidlər xiyabanında ucalan xatirə abidəsi, son dövlərdən isə Milli Qəhrəmanımız, general Polad Həşimovun ev muzeyindəki büstü və bir neçə şəhidimizin xatirə lövhələrini nümunə gətirə bilərəm. Nə qədər ki, Allah mənə ömür verib bu missiyanı bacardığım qədər davam etdirəcəyəm.

   - Oğulunuz da rəssamdır. Siz bu peşənin sahibi olmasaydınız oğlunuz da başqa peşə seçərdi? Yəni oğlunuzun da rəssam olmasında rolunuz nə dərəcədədir?  

   - Hər bir sənəti insan özü seçir. Lakin yaradıcılıq Allah vergisidir. Nəsildən nəsilə keçərək sanki ruhumuza hopur. Mənim atam da rəssam olub, teatr və kino rəssamı. Əgər ikinci dəfə dünyaya gəlsəydim yenə bu sənəti seçərdim. Çox güman ki, oğlum Ruhulla da bu fikirlə razı olar.

   - Azərbaycanda bu sahənin iş imkanları haqqındakı fikirləriniz nədir?

  - Bu və digər sahələrdə çətinliklər olub və olacaq. Lakin yaradıcılıq həssas bir sahədir. Arxası azadlığa söykənməyən, məhdud imkanlarla üzləşən sənətkarın fəaliyyəti məhvə məhkum ola bilər. Bu isə bütövlükdə incəsənətin inkişafına zərbə ola bilər. Həyat ə qədər qəddar olsa da çox gözəldir və uğrunda mübarizə aparmağa dəyər.

  - Əlavə olaraq, heykəltəraşlıq edirsiniz. İki sənəti müqayisə etsəniz, hansı sahədə daha rahat işləyə bilirsiniz?

   - Rəssam təsviri sənətin hər bir sahəsində özünü uğurla ifadə edə bilər yetər ki, xəyanət etmədən onu sevsin. Hər iki sahə heykəltaraşlıq və rəngkarlıq ruhuma çox yaxın və doğmadır.

- Yumşaq heykəltaraşlıq janrı haqqında danışmağınızı istəyərdim.

   - Birinci fərdi sərgim 1990-cı ildə çox çətin vaxtlarda baş tutub. Rəngkarlıq, heykəltaraşlıq və qrafika işlərindən ibarət sərgi idi. Mən o zaman yeni bir janra da müraciət etmişdim. Bu parça və pambıqdan hazırlanmış müxtəlif personajların şarjları idi. Sənətşünasların dili ilə desək yumşaq heykəltaraşlıq janrı. Bu sahədə tərəf müqavilim anam idi. O çox istedadlı dərzi idi, bütün personajların geyimlərini o tikmişdi. Sərgidə 30 fiqurdan ibarət Azərbaycan xalçasının yaranması kompazisiyası böyük marağa səbəb olmuşdu. Əsasən də xarici qonaqlar tərəfindən. Tez bir zamanda sərgi bütövlükdə İngiltərənin London şəhərində təşkil olundu və bütün əsərlər Şərq Muzeyi tərəfindən alındı.

Havar Şəfiyeva

 





06.12.2023    çap et  çap et