525.Az

Ziyalılığın və millətsevərliyin Abdulla Sur nümunəsi


 

Ziyalılığın və millətsevərliyin Abdulla Sur nümunəsi<b style="color:red"></b>

Əlimuxtar MUXTAROV
AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru

 

"...Mərhum Abdulla Sur pək çalışqan, pək sahibməslək, pəkhimmətli bir müəllim idi. Həm də pək durbin (uzaqgörən), pəkmünəqqid bir ədib idi. Qafqas toprağı bir də pək güc öylə cavanlar yetişdirə bilər. Onun haqqıda beş-üç sətir deyil, tərcümeyi-hal olmaq üzrə yüzlərcə səhifə yazıb doldurmaq icab edər. Abdulla Tofiq (Sur) ölmədi, öləməz. O yaşar, tarixin ağuşi-səmimiyyətində, millətin qəlbində yaşar" - ulu Hüseyn Cavidin böyük Abdulla Sur haqqında qələmə aldığı bu fikirlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin ədibə və onun qədirşünas fəaliyyətinə olan sonsuz rəğbətinin təzahürüdür. Bu dünyadakı ömrü bir qərinəyə çatmayan, 29-cu yaşının yazında həyata vida deyən Abdulla Sur qərinələrlə xalqımızın yaddaşında 140 ildən bəri yaşadığı kimi, bundan sonra da əbədi yaşayacaq. Onu əbədi yaşadan və yaşadacaq iksir isə "Üsuli-cədid üslubunca hər şəhərimizdə, qəsəbəmizdə, qeyri yerlərimizdə məktəblər təsis edəlim. Bisavad böyüklərimiz üçün dəxi məktəblər təsis edəlim. Övlad və millətimizə insaniyyət qanunu təsfir və təhfim etməyə çalışalım. Hər yerdə "cəmiyyəti-xeyriyyələr" təsis və tərtib edib fəqirlərimizə, yetimlərimizə, bikəslərimizə, dullarımıza, qocalarımıza, şikəstlərimizə və korlarımıza ianət edəlim. Onları evləndirəlim. Millət və Vətənə sadiq, doğru xidmətkarlar yetirəlim" kimi yüksək maarifçilik və millətsevərlik təfəkkürü əsasında formalaşan irs və düşüncələridir.

Bioqrafiyasına nəzər saldıqda görürük ki, Abdulla Sur qədim Gəncə torpağının XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycana bəxş etdiyi görkəmli ziyalılardan biri olub. 1883-cü ilin 23 iyulunda Gəncədə anadan olmuş və ilk təhsilini də buradakı Xeyriyyə məktəbində almışdı. Təhsil illərində dünyəvi elmlərlə yanaşı, ərəb və fars dillərini də mükəmməl öyrənmişdi. 1899-cu ildə 17 yaşında olarkən təhsil aldığı məktəbdə müəllim kimi fəaliyyətə başlaması onun sahib olduğu yüksək zəkanın və ona göstərilən böyük etimadın bir təzahürü idi. Abdulla Surun şəxsiyyəti, ictimai fəaliyyəti, elmi görüşləri bir daha Gəncənin XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanın tarixində, ədəbiyyatında oynadığı rolun bariz bir nümunəsidir. 1906-cı ildə Türkiyədə İstanbul Universitetində təhsil almağa yollanmış və iki il yarım İstanbul Darülfünununun Ədəbiyyat fakültəsində oxumuşdur. Həyatında yeni bir mərhələnin başlanğıcı olan Türkiyə təhsil illərində eyni zamanda bu şəhərə həm müalicə, həm də təhsil almağa gələn Hüseyn Cavidlə tanış olur. Abdulla Surun qardaş ölkədə Hüseyn Cavidə göstərdiyi diqqət və qayğı, xüsusilə Tofiq Fikrətlə onları tanış etməsi Abdulla Surun olduğu məkandan aslı olmayaraq Azərbaycan gənclərinə, onların gələcəyinə verdiyi əhəmiyyətin göstəricisi və gerçək bir ziyalılıq örnəyi idi.

O, bir Azərbaycan ədəbiyyatı sevdalısı idi! Türkiyədə olarkən 1906-1908-ci illərdə 1000 səhifə həcmində "Türk ədəbiyyatına bir nəzər" adlı irihəcmli kitab yazsa da, təəssüflər olsun ki, həmin əsəri sağlığında çap etdirə bilmədiyi kimi, ayrı-ayrı məqalələr formasında kiçik bir hissəsi günümüzə gəlib çatmaqla böyük bir hissəsi itib batmışdır. Onun ədəbiyyata xidmətlərini görkəmli ədəbiyyat tarixçimiz Firudin bəy Köçərli belə xatırlayırdı: "Azərbaycan türklərinin ədəbiyyatı" irihəcmli əsərimin yazılmasında Abdulla Surun böyük əməyi olmuşdur. Şəxsən biz mərhum Mirzə Abdullaya "Azərbaycan türklərinin ədəbiyyatı" əsərimizə Gəncə şair və yazıçılarının tərcümeyi-halları və əsərlərindən nümunələr, qiymətli materiallar göndərdiyi üçün minnətdarıq. Mərhum doğma ədəbiyyatı böyük məhəbbətlə sevər və bizim əsərimizə lazım olan məlumatları toplamaqda bütün xahiş və tapşırıqlarımızı həvəslə yerinə yetirərdi".

Akademik İsa Həbibbəyli yazır: "XX əsrin əvvəllərində ədəbiyyat tarixçiliyi istiqamətində araşdırılmaların genişləndirilməsi Azərbaycan cəmiyyətində xalqın milli-mənəvi özünüdərk proseslərinin genişlənməkdə olması ilə əlaqədar idi. Yazıçı və şairlərin milli-mənəvi özünüdərk və oyanış sahəsində ədəbiyyatda həyata keçirdikləri böyük işi tənqidçi və ədəbiyyatşünaslar elmi-nəzəri və ədəbi-tarixi əsərlərin yazılması ilə yerinə yetirirdilər. Bu dövrdə yazıçıların da həmin proseslərə qoşulması ilə elmi-ədəbi mühitdə yazıçı-ədəbiyyatşünas, şair-tənqidçi formatında yaradıcı qüvvələr formalaşmışdır. Şair-ədəbiyyatşünas kimi çıxış edən Abdulla Surun (1877-1912) bədii yaradıcılıqla eyni səviyyədə ədəbiyyatşünaslıq fəaliyyəti ilə də ardıcıl məşğul olması və araşdırmalarında ədəbiyyat tarixçiliyinə üstünlük verməsi onun cəmiyyətdə və ədəbiyyatda getməkdə olan milli-mənəvi özünüdərk proseslərində daha geniş miqyasda iştirak etməsinin nəticəsi idi. Bu baxımdan Abdulla Surun "Füyuzat" jurnalında 1907-ci ildə çap olunmuş "Füzuliyə bir nəzər" adlı məqaləsi "Azərbaycanda Füzuli araşdırmalarının təməli" (Mehdi Gəncəli) hesab olunur. Bundan başqa, Abdulla Surun "Türk ədəbiyyatına bir nəzər", "Ədəbiyyati Osmaniyyə" kitabları da ədəbiyyat tarixi istiqamətində yazılmış elmi araşdırmalardan ibarət olub, ayrı-ayrı dövrlərdə yaşayıb-yaratmış yazıçı və şairlərimizi yeni nəsillərə tanıtmağa xidmət edir".

O, istər ədəbiyyatla, istərsə də ictimai hadisələrlə bağlı yazdığı yazıları Abdulla Sur, Məhəmmədzadə, Qafqazlı, Abdulla Tofiq, Gəncəli, Abdulla Məhəmmədzadə, Bir adam və başqa imzalarla qələmə alırdı.

Ana dilimizin ən böyük təəssübkeşlərindən biri idi! Doğma, şirin ana dilimizin saflığı və yad təsirlərdən qorunması uğrunda çox mübarizə aparırdı. Hətta bu mövzuda ən yaxın silahdaşlarına, yoldaşlarına da güzəştə getmir və onları hər bir təbəqənin anlayacağı səviyyədə yazmağa səsləyirdi. Abdulla Sur yazırdı: "Məhəmməd Hadinin, Əlabbas Müznibin dili çox ağırdır və xalqın danışdığı, qandığı dildən uzaqdır". Bu məqamda bir faktı da qeyd edək ki, Abdulla Şaiqin və Əhnəd Cavadın şeirlərini xüsusən çox sevirmiş.

Abdulla Surun geniş milli təhsil konsepsiyası kimi irəli sürdüyü bu mülahizələr onun gündəlik həyat tərzi idi. İctimai, ədəbi və maarifçilik həyatının mərhələlərinə baxdıqda şahidi oluruq ki, o etmədiyi, həyata keçirmədiyi heç bir işi başqasına tövsiyə etməyib ki, bu da öz növbəsində onun sahib olduğu sağlam əqidənin göstəricisi idi. Eyni zamanda Abdulla Surun bu yanaşması, iradəsi, əqidəsi günümüz də daxil olmaqla bütün dövrlərdə müəllimlik fəaliyyətinin əsas meyarı olmalıdır. Əgər belə olmasaydı, Firidun bəy Köçərlini müəllimi, Hüseyn Cavidi silahdaşı, Əhməd Cavadı isə şagirdi, yetirməsi hesab edən o parlaq şəxsiyyət bu gün də bu qədər sevilə və Türk dünyasının qəlbində taxt qura bilməzdi.

Təsadüfi deyil ki, Abdulla Surun maarifçi və pedaqoji fəaliyyətində təməl prinsip kimi əsas götürdüyü "Bizə də sevgili millətimizin cəhalət qaranlığından mərifət aydınlığına çıxması üçün xərclər, məsrəflər lazımdır. Başqa dövlətlilər yanında ibrət alın! Onlar öz millətləri xeyrinə yüz minlərcə, bəlkə milyonlarca ianələr veriyorlar. Siz  də millətimizin qeydinə qalın!" fikirləri illər sonra, 1912-ci ildə vəfat edərkən sevimli şagirdi, istiqlal şairimiz Əhməd Cavadın ona həsr etdiyi şeirlə səsləşir ki, bu da öz növbəsində Abdulla Surun şagirdlərinə, tələbələrinə ölkəmizin parlaq gələcəyi kimi baxmasından irəli gəlirdi. Əgər 20 yaşlı gənc bir müəllim 29 yaşında dünyadan köçən cavan müəllimi haqqında belə bir məfkurə dolu əsər yazırsa, deməli, həm müəllim, həm də şagird öz vəzifələrini ən ləyaqətli şəkildə yerinə yetirmək bəxtiyarlığına çatıblar. Abdulla Surun dəfn mərasimində şagirdlərinin xorla oxuduğu bu nəzm parçası onun 29 illik həyatında yer alan elmi, ədəbi, maarifçilik və publisistik fəaliyyətinin mahiyyətini, özəyini, ideyasını ehtiva edən bir qəhrəmanlıq nəğməsidir.

 

Quran nədir? Anlamazdıq. Vətən nədir? Bilməzdik.

Qarşımızda yetimlərin göz yaşını silməzdik.

Ağlanacaq bir hal idi, kəndimiz də görürdük,

Dilimizin, dinimizin getməsinə gülürdük.

Bu vətənin bunu görən südü təmiz evladı,

Bir qaç kişi o gün bizim qara günü anladı.

Ağladılar, sızladılar, yalvardılar Allaha,

Ulu Haqqın rəhmi gəldi könlü sınıq qullara...

Ancaq dünən başımıza kölgə salan bir bulut,

Önümüzdə!..

Haqqın varsa, ey daş yürək, gəl unut!

Yoq... Yoq... Sizin məzarınız qəlbimizin ən dərin,

Bir yerində saqlanmışdır, sənin o pak ruhunçin.

 

Əhməd Cavadın qələmindən çıxan bu misralar Abdulla Surun timsalında cismini şagirdlərinin, vətən övladlarının yolunda şam kimi əridən bir Azərbaycan müəlliminin ömür manifesti, poetik çalarda təqdim edilən real həyat bəstəsidir.

(Ardı var)

 

 

 

 





07.12.2023    çap et  çap et