525.Az

Şərəfli ömrün poetik salnaməsi


 

Şərəfli ömrün poetik salnaməsi<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Abduləziz Xanəhmədoğlunun "Şərəfli ömür" sənədli poeması II Dünya müharibəsinin qəhrəman döyüşçülərindən olmuş Məmiş Şahbaz oğlu Abdullayevdən bəhs edir. A.Xanəhmədoğlu bu gün regionda yaşayıb-yaradan şairlərimiz içərisində öz dəst-xətti ilə seçilir. Şairin 50 ildən artıq bir dövrdə yaratdığı əsərləri öz təbiiliyi və koloriti ilə diqqəti cəlb edib. Müharibə, vətənpərvərlik, qəhrəmanlıq şairin müraciət etdiyi əsas mövzulardandır. İdeya və məzmununa görə diqqət çəkən, oxucular tərəfindən maraqla oxunacaq bu kitabda A.Xanəhmədoğlu xalqımızın ləyaqətli övladı, 1945-ci ilin 24 martında Sovet İttifaqı Qəhrəmanı adı verilmiş Məmiş Abdullayevin faşist işğalçılarına qarşı qanlı döyüşlərdə göstərdiyi şücaət nəzmə çəkib, onun dolğun, yaddaqalan obrazını yaradıb. Müəllif qəhrəmanın mənəvi dünyasını, dövrün atmosferini janrın imkanları səviyyəsində təsvir edə bilir, tarixin səhifələrini vərəqləyir, Məmişin keşməkeşli, çətin və şərəfli döyüş yoluna nəzər salır, müharibənin gətirdiyi faciələrdən, itki və dağıntılardan təsirli dillə bəhs edir. A.Xanəhmədoğlu bir incə keçid edərək, müstəqillik arzusu ilə alovlanan Azərbaycana xəyanətkarcasına qəsd edən rus ordusunun 1990-cı ilin yanvarında Bakıda, daha sonra Xocalıda xalqımıza qarşı törətdiyi qanlı cinayətlərə də diqqət yönəldir:

Onda inanmazdıq bizə qəsd edər,

"Bizim" bildiyimiz o "şanlı" ordu.

Bilmirdik bir axşam qana qərq edər,

Müstəqil yaşamaq istəyən yurdu.

Faşizmə qarşı mübarizədə əsl mərdlik, mübarizlik göstərən qəhrəmanın mətin xarakteri əsərdə parlaq ifadəsini tapır. Obrazın yenilməz iradəsi, Vətənə, torpağa olan hədsiz məhəbbəti və ehtiramı, faşizm üzərində qələbəyə inamı sözün qüdrəti, poetik ifadə tərzi ilə oxucuya çatdırılır:

Düşmən bilmirdi ki, yetişib artıq,

Yağıya, namərdə çəpər oğullar.

Bilmirdi torpağa tökülən qanı,

Susuz dodağıyla öpər oğullar...

Poemanı sevdirən cəhətlərdən biri də hər misrasında dilimizin imkanlarından, şirinliyindən bacarıqla istifadə olunmasıdır. Şairin dili sanki ozan dilidir, alqışlarla, dua ilə, öymələrlə zəngindir. Onun sadə qafiyələrə meyilli olması xalq şeir üslubuna, zəngin folklorumuza bağlılığını göstərir.

Əsərin qəhrəmanı Məmiş Abdullayevin keçdiyi döyüş yolları "Kiçik döyüşlər", "Kursk döyüşləri", "Oryol döyüşləri", "Narev çayını keçən əsgər" bölmələrində elə təbii təsvir edilib ki, sanki döyüş səhnələri ilə zəngin film izləyirik:

Oryol da qurtardı yad tapdağından,

Hələ sönməmişdi evlərin közü.

Yanmış texnika da tüstüləyirdi,

Daha görünmürdü düşmənin izi...

Məmişin yaralandığı "Drovski əməliyyatı" bölümündə qəhrəmanın, ağır yaralarına baxmayaraq, düşmənə qan uddurması da son dərəcə canlı, əyani təsvir olunub:

Unudub yaralı olduğun belə,

Dönmüşdü yaralı şirə Məmişim.

Son anda atdığı qumbara ilə,                    

Sərdi düşmənləri yerə Məmişim...

Faşizmin yırtıcı xarakterini, alman qəsbkarlarının insanların yaşayışına, mənəviyyatına, varlığına vurduğu zərbəni xatırladan, belə səhnələri misralarında təbii şəkildə canlandıran şair, belə bir amansız düşmənə qarşı yaralı aslan kimi döyüşən qəhrəmanını məharətlə ön plana çəkir. Düşmənin  mövqeyini öyrənmək, kəşfiyyat aparmaq üçün coşqun, gur sulu Narev çayını gecənin ayazında üzərək keçmək... Bütün baxışlar Məmişə dikilir. Bu çətin tapşırığın öhdəsindən yalnız bizim qəhrəmanımız - Məmiş gələ bilər və batalyonun xilası, bu çox vacib cəbhə xəttinin yarılması, döyüşün qalibiyyətlə bitməsi onun hünərinə bağlıdır:

Məmiş gülümsəyib etdi zarafat,

"Hazıram, - söylədi, - çoxdan bu günə.

Kənddə evimizin yanından keçən,

"Qarasu" üzməyi öyrədib mənə".

 

Keçdi üzə-üzə Narevi Məmiş,

Keçdi çəkinmədən, keçdi qorxmadan...

 

İyirmi səkkiz əsgər, iki zabiti,

Təkcə Məmiş özü məhv etdi burda.

Onun sayəsində döyüş dostları,

Yeridi irəli, qalmadı darda...

Müəllifin təsvir etdiyi hadisəyə və qələmə aldığı qəhrəmanın kimliyinə dərindən bələd olması, düzgün ifadə tərzi əsərin uğurlu alınmasına yol açıb. Sonuncu bölümdə - "Son döyüş"də Məmişin cismani ölümü oxucunu sarsıtsa da, mənən yenidən və unudulmaz qəhrəman kimi doğulması, igidlik simvolu, cəsurluq abidəsi olaraq əbədiyyətə qovuşması ilə nəticələnir:

45-in yanvarı, onun ölüm yox,

Yenidən doğulma tarixi oldu.

O, məhv edə bildi mənfur düşməni,    

Ancaq ürəklərdə Məmiş doğuldu...

 

Döndü abidəyə şərəfli ömrü,

Polşa torpağında yaşayır indi.

Olduğu məkanda şərəfli, fəxri

Vətəndaş adını daşıyır indi.

Poemanın epiloqunda Məmişin - sadə kəndli ailəsindən getmiş bir gəncin doğma Azərbaycana, öz el-obasına mənəvi dönüşü, qəhrəman kimi qayıtması təsvir edilir:

İndi Kürdəmirdə böyük bir küçə,

Məmişin adına ünvan olubdu.

"Qələbə" parkında ucalıb büstü,         

Üstünə çiçəklər kölgə salıbdı...

Polşa torpağının fəxri vətəndaşı olan, Rusiyanın paytaxtı Moskva şəhərindəki hərb muzeyində "Hünər kitabı"na adı yazılan Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin doğma rayonunda, kəndində hörmət və ehtiramla xatırlanması, adına küçə, məktəb verilməsi, abidəsinin qoyulması xalqımızın qəhrəmanına sevgisinin, Vətən üçün edilən xidmətin hər zaman yüksək dəyərləndirilməsinin bariz nümunəsidir.

 

 





07.12.2023    çap et  çap et