525.Az

İşıq olan oğullar


 

İşıq olan oğullar<b style="color:red"></b>

Əliağa Eldəniz oğlu Məmmədov işıq operatoru idi. Tamaşalar zamanı səhnənin işıqlandırılması - qaranlığı yaran işıq onun üçün məftunedici sirr kimiydi. Əliağa özü də qaranlıqda işıq kimiydi. Olduğu yerə işıq səpirdi elə bil. Ona görə də 2008-2017-ci illərdə Sabunçu rayon Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbdə doqquzillik təhsilini bitirdikdən sonra  teatr səhnələrinin işıqlanmasına xüsusi marağı olan Əliağa sənədlərini Buzovnadakı 5 nömrəli Bakı peşə məktəbinə verir. İşıq operatoru ixtisasına yiyələnir. Yaxşı oxuduğundan təcrübə keçmək üçün Azərbaycan Dövlət Akademik Musiqili Dram teatrına göndərilir. Az müddətdə bütün kollektivin hörmətini qazandığından təhsilini başa vurduqdan sonra Musiqili Dram teatrının direktoru Əliqismət Lalayev onu teatrda işləməyə dəvət edir. "Beləcə kollektivimizin ən gənc üzvü oldu" - deyən Əliqismət müəllim Əliağadan böyük sevgiylə danışır: "Çox məsuliyyətli idi, davranış mədəniyyəti, nizam-intizamı ilə seçilirdi. Bütün kollektiv onu sevirdi. Çox saf uşaq idi. Bizdə təcrübədə olandan onu sevmişdim. Ağrılıdı. Amma qürurumuzdu. Kollektivimizin yeganə şəhididir. Xatirəsi əzizdi bizə".

Musiqili teatrın işıq sexinin rəisi Nicat Həşimov: "Ləyaqətli, məsuliyyətli, qavramlı bir işçi idi. Az müddətdə böyük sevgi qazanmışdı iş yoldaşları arasında. İşindən çox razı idik. Bircə dəfə də olsun ona irad bildirməmişdik, yəni elə bir hərəkətə yol verməzdi".

2001-ci il iyulun 26-da Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində dünyaya gəlmişdi. 2019-cu il iyulun 26-da - doğum günündə həqiqi hərbi xidmətə yola düşmüşdü.

Anası Samirə xanım Məmmədova: "Çox sakit, təmkinli idi oğlum. Heç bizi incitmədi. Uşaqlıqdan cüdo ilə məşğul olurdu. Müxtəlif yarışlarda da iştirak etmişdi, mükafatları da vardı. Amma Musiqili teatrı çox sevirdi, səhnənin işıqlandırılması ilə maraqlanırdı. Ona görə bu sənəti seçdi. Teatrda işləməyə başlayanda o qədər sevinirdi ki! Hərdən gecə də qalırdı, səhnənin hazırlanmasına baxırdı, kömək edirdi. Daha təcrübəli işıqçılardan nəsə öyrənməyə çalışırdı. Teatrı evi bilirdi. Elə həvəslə söhbət edirdi ki, teatra getmək istəyirdin hər gün. Teatr onunçün başqa bir dünya idi. Hərbi xidmətdən sonra İncənət universitetində təhsil almaq istəyirdi. Arzuları vardı hamı kimi. Hərdən də deyərdi ki, "torpaqlar işğaldadı deyə, adam ürəklə işləyə, sevinə bilmir". Elə bil sevincində də bir narahatlıq vardı. Xidmətə çağırışı da səbirsizliklə gözləyirdi. Elə öz doğum günündə yola saldıq hərbi xidmətə. Çox söhbətləşərdik. Məni bir az kefsiz görəndə narahat olurdu. İndi də yuxularıma gəlir "Ana, narahat olma,mən yaxşıyam" deyir. Ən yüksək amal, sevgi uğruna şəhid olan oğul necə ola bilər?

Düşünürəm ki, mən ağlayanda, o, narahat olur, çalışıram ağlamayım, axı oğlum deyir "yaxşıyam". Çox diqqətli, qayğıkeş idi oğlum".

Kövrəlir ana... Sən şəhid övladı yuxularına gələn ananın şəhid oğlunun  sevgisinə həsrətində çilik-çilik olursan...

Əliağanı bir az da tanımaq istərsən, onu tanıyanlarla söhbətləşərsən.

Seyidəkbər Xalıqov Əliağanı həqiqi hərbi xidmətdə tanıyıb: "Hərbi xidmətə eyni vaxtda başlamışıq demək olar ki. Birlikdə keçib günlərimiz. Dost idik. Müharibədə ayrı-ayrı postlarda olurduq. Hər dəfə ona "özündən muğayat ol" desəm də, olmadı. Bir-birimizə "özünü qoru" desək də, əslində hər birimiz vətəni qoruyurduq. İnsan nə üçün yaşayır? İlk növbədə vətənə gərək olmaq - onu qorumaq üçün. Əliağa da vətəni qorudu canı bahasına".

"Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medallarına layiq görülüb Əliağa Eldəniz oğlu Məmmədov.

Eldəniz Məmmədov yeganə oğlunun itkisini daşıyan ürəyinin ağrılarını gizlətməyə çalışır, göz yaşını ürəyinə axıdır: "Mina səsini eşidən Əliağa komandirini qurtarmaq üçün özünü onun üstünə atıb. Komandiri sağ qalıb. Biz gəncliyimizdə Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun igidliyini öyrənmişdik. Adam heyrət edirdi, qürur duyurdu. İndi bu heyrəti, bu qüruru oğlum yaşatdı mənə".

İsmayıl Yaşar oğlu Süleymanlı da Əliağa ilə birlikdə həqiqi hərbi xidmətdə olub. İsmayıl okyabrın 1-də tərxis olunmalıydı. Müharibə başladığından döyüşlərə qatılıb. Döyüşdə yaralanıb, müalicə alsa da, tam sağalmamış bədənində 48 qəlpə olan İsmayıl könüllü olaraq yenidən xidmətə qayıdıb: "Həyat boyu, eləcə də hərbi xidmətdə  çox insanlar tanıyırsan. Əliağanı unutmuram. Hərbi xidmətə məndən 3 ay sonra gəlmişdi. 2020-ci ilin yanvarından bir yerdə olmuşuq. Dost, qardaş olduq. Çox mərd oğul idi. Çox gözəl ürəyi vardı. Sadiq, güvənli dost idi. Mina yaxınlığımıza düşdü, qəlpələrdən yaralandım, onun da yaralandığını düşünürdüm, şəhid olduğunu sonra öyrəndim. Əliağa tam fərqli idi mənim üçün. İnsan kimi, döyüşçü kimi fərqli idi".  

Əliağa, Əliağalar tam fərqlidir. Nə yaxşı ki, belə oğullarımız var və olacaq. İllər ötəcək, yenə belə igid oğullar dünyaya gələcək, böyüyəcək, yaşayacaq. Gecələrə nur kimi səpiləcək. İşığımız olacaq.

Kamalə ABİYEVA

 





07.12.2023    çap et  çap et