525.Az

"Yaradıcı insan ədəbiyyat yolunda ömrünü sərf etməlidir"


 

XALQ ŞAİRİ, MİLLƏT VƏKİLİ SABİR RÜSTƏMXANLI İLƏ MÜSAHİBƏ 

"Yaradıcı insan ədəbiyyat yolunda ömrünü sərf etməlidir"<b style="color:red"></b>

Ədəbi gəncliyin yanında olan görkəmli qələm adamlarının sayı elə də çox deyil. Bugünkü müsahibimiz də elə həmin azsaylı nəcib sənətkarlarımızdandır. Gənc yazarların təşkil etdiyi görüşlərdə, kitab təqdimatlarında, poeziya məclislərində tez-tez rastlaşdığımız ağsaqqal ədibimlərimizin sırasında Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının adını ürəklə çəkmək olar. Ara-sıra öz spesifik yanaşmaları ilə mətbuatda çıxış edən Xalq şairimizlə həmsöhbət olmuşuq.

 

- Sabir müəllim, hazırda ölkəmizdəki ədəbi prosesləri izləyirsinizmi? Ümumi ab-hava sizdə hansı təəssüratı yaradır?

- Ədəbi proses çox geniş məfhumdur. Nazir olduğum vaxtlar dostlarımla çox əlaqədə ola bilmirdim. Xalq şairi Xəlil Rza Ulutürk yanıma gələrdi. Ədəbi mühitdə baş verənləri ondan soruşardum. O da deyərdi  ki, bu axşam nə yazmısan?  Sən nə yazmısansa, ədəbi mühitin simasını müəyyənləşdirən şeylərdən biri də elə odur.

Ədəbi proses ədəbiyyat adamlarının düşüncəsindən, fikrindən, yazı masasından keçir. Ədəbi prosesin mənzərəsini son dəfə keçirilən  Beynəlxalq Bakı Kitab Sərgisində gördüm. Nə qədər kitab və oxucu var idi. Ailələri, uşaqları ilə gələnlər çanta-çanta kitab alıb gedirdilər. Bu o deməkdir ki, ədəbi proses davam edir və get-gedə inkişaf edir. Xalqımız istedadlı xalqdır, ədəbiyyatın alovu sönmür. Ədəbi proses ümumiyyətlə kainata bənzəyir. Bir ulduz parıldayır, birisi sönəndə o birisi yanır. Bu gün Azərbaycanın bütün  bölgələrində gənc yazarlar fəaliyyət göstərirlər. Həmin bölgələrin havasını, ruhunu ədəbiyyata gətirən yeni nəsil mövcuddur. Sovet dövründə senzura var idi, kitab nəşrində müəyyən çətinliklər mövcud idi. İndi o məhdudiyyətlərin heç birisi yoxdur. Kitabı redaktə belə etmədən çap etmək mümkündür. O dövrün başlıca üstünlüyü  kitablara qonarar verilməsi idi. Bu, bir növ, maddi dəstəkdir, indi o dəstək yoxdur. Bir kitab çap olunacaqsa, onun xeyiri də, ziyanı da müəllifindir. Amma sevinirəm ki, bu proses ildən-ilə güclənir və yeni imzalar üzə çıxır. Ədəbi mühitdə canlanmanın bir üstünlüyü də nəşriyyatların sayının artmasıdır.

 - Bu yaxınlarda "Qızıl qələm" mükafatının verilməsi dayandırıldı. Ümumiyyətlə, bu kimi adlar, fəxri ordenlər yaradıcılığa necə təsir edir?

- İnsan zəhmətinin dəyərləndirilməsini gözləyir, buna sevinir. Mənim yüzlərlə mükafatım var. Əksəriyyəti Türkiyədən verilib. Bu məsələlərə əvvəllər pis baxmırdım. Vaxtilə, "Qızıl qələm", Komsomol, "M.F.Axundzadə adına  mükafat" və bir çox təltiflərim olub. Əlbəttə, fəaliyyətin  dəyərləndirməsi müsbət işdir. Bir də görürsən hansısa müstəqil təşkilat zəng vurur ki, sənə filan mükafatı, tərifnaməni təqdim edirik. Bunu verən qurum münsifi olan,  tanınan və nüfuzlu bir qurum olmalıdır. Bəzən bir gəncin yaradıcılığı ilə tanış oluram, tərcümeyi-halında  görürəm ki, şeirlərdən çox mükafatları var. Bu mənada, bəlkə də, bir sıra mükafatların ləğv olunması daha yaxşıdır. Amma bəzi yaradıcı ittifaqlar var ki, bunların ləğv olunmasının tərəfdarı deyiləm. Yazıçı da bir əsgərdir. Əsgər gedib döyüşür, vətənə xidmət edir və müəyyən mükafatlarla təltif olunur. Onun uğurlarının  dəyərləndirilməsi normal hadisədir.

- Gənc ədiblərlə münasibətiniz necədir, kimləri oxuyursunuz?

- Çox müəllifləri oxuyuram. Təbii ki, hamını izləmək imkanım olmur. Amma mənə verilən kitabların hamısını oxuyuram. Daha çox kitablar cavanlar tərəfindən hədiyyə olunur. "Gənclər bizdən nə istəyir?" adlı məqaləmdə bir çox istedadlı gəncin adını çəkmişəm. Lakin üstündən xeyli vaxt keçib, o vaxt adlarını çəkdiyim gənc nəsil hazırda orta nəsildir. Jurnalları, qəzetləri oxuyuram,  xoşuma gələn cavanlar çoxdur. Sevinirəm ki, yeni bir nəsil yetişir. Bir dəfə "Azərbaycan" jurnalından bir neçə gəncin şeirlərini oxuyurdum. Şeirləri o qədər bəyəndim ki, 5-10 ildən sonra onların daha gözəl yerlərdə olacağını düşündüm. Jurnalı  bağlayanda gördüm ki, təxminən 10 il əvvəlin jurnalıdır. İçimdə bir sual yarandı: bəs 10 ildir bu uşaqlar niyə ortada yoxdurlar? Görünür, ya şərait olmayıb, ya da imkanları. Ədəbiyyat yolu çox çətin və əziyyətli yoldur. İnsan ədəbiyyat yolunda ömrünü sərf etməlidir.

 - Son zamanlar Azərbaycan Yazıçılar Birliyi ətrafında xeyli söz-söhbətlər oldu. Bu qurumun üzvü kimi baş verənlər sizə necə təsir edir?

- İstəməzdim Yazıçılar Birliyi ətrafında belə söz-söhbətlər olsun. Yazıçılar Birliyi bizim mənəvi evimizdir. O vaxtlar Yazıçılar Birliyinin üzvü olmaq bizim üçün əlamətdar bir hadisə idi. Gözləyirdik nə vaxt qəbul olunacağıq. Amma indi bir az asanlaşıb. Sovetlər Birliyi dağılandan sonra bir çox ölkələrdə köhnə rejimin ideoloji platforması hesab olunan Yazıçılar ittifaqları dağıdıldı. Amma AYB dağılmadı. Gənclər başqa-başqa təşkilatlar da  yaradıblar. Bunlar ədəbiyyat naminə edilibsə, ancaq sevinə bilərik. Yazıçılar Birliyinin öz ənənəsi və yolu var. Müəyyən dərəcədə ora bağlıyıq. Birliyin orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində 10 il  şöbə müdiri işləmişəm. 10 il də "Yazıçı" nəşriyyatının baş redaktoru oldum. Yazıçılar Birliyi ilə bağlı xoşagəlməz söz-söhbətlər istər-istəməz ürəyimizə toxunur. Bu mənada ev  bölgüsü ilə bağlı gedən söz-söhbətlər xoş olmadı.

Söz düşmüşkən, jurnalistlər üçün mənzil məsələsinə bir də qayıtmaq olar. Dövlətin bu istiqamətdə addım atması humanist jest olar. Qarabağa dönən məcburi köçkünlərdən qalan evlər var, həmin evlərin şəhid ailələrinə verilməsi daha məqsədəuyğundur. Jurnalistlər üçün tikilmiş mənzillərə toxunulmasını istəməzdim. Balaca bir şəhərcikdir və Prezident onun təməlini sırf jurnalistlər üçün atıb. İmkanı məhdud olan yazıçılar və jurnalistlər üçün ayrıca evlərin tikilməsi çox yaxşı olardı. Yazıçılar Birliyinin üç min nəfərə qədər üzvü var. Bu qədər adama mənzil verilməsi mümkünsüzdür. Kimin daha çox ehtiyacı varsa, ona verilməlidir. Bir neçə cavan şairə də mənzil verildi, bu, məni çox sevindirdi. Müəyyən  işçilər də var ki, onlara ev verilməsi narazılıq doğurdu. Yazıçılar Birliyi bir ittifaqdır, ömrünü ora sərf etmiş bir çox adam var. İstər texniki işçisi olsun, istər katibə. Yazıçılara sənəd, arayış verən məhz onlardır. Onlar ömürlərini yazıçılara xidmət etməklə keçiriblər. Ona görə də onlara mənzil verilməsi narazılığa səbəb olmamalıdır.

Havar ŞƏFİYEVA

 

 





08.12.2023    çap et  çap et