525.Az

Özgə Zamanın şairi – Adil Mirseyid...


 

Özgə Zamanın şairi – <b style="color:red">Adil Mirseyid...</b>

Oxucuların xoşbəxt saydıqları şairlərin taleyində xoşbəxtlik anlıq olur.

Şairlər tək bir insan ömrü yaşamırlar. Şairlər nə qədər insan ömrü yaşayırlar. Öz ömürlərini yaşamağa vaxtları qalmır. Şair ömrünün pis günü yaxşısından çox olur. Özgə ömürlərin dərdləri şair ömrünü yeyib talayır. Özünə nə zaman, nə də həvəs qalır yaşamağa. Bu şair ömrüdü, şair taleyidi. Ona “niyə belə yaşadın”, deyə bilməzsən.

Sən şair taleyi yaşadın, qardaş.  Amma bu məmləkət, bir az fərqlidi...

Sən həm də rəssam ömrü yaşamalı oldun. Sənin işin bir az da ağır oldu...

Doğrudur, adamı özündən yaxşı heç kim tanıya bilməz. Mən Adili ən yaxşı tanıyanlardanam. Adilin dairəvi eynəyinin arxasından o xırda, iti gözlərinin nələr gördüyünü, nələr anlatdığını, nələr demək istədiyini yaxşı anlayırdım. Onun nələri etdiyindən, nələri etmək istədiyindən, etmədiyindən xəbərdaram.

Biz başından istifadə ediləsi adamın əlindən, ayağından; əlindən, ayağından istifadə ediləsi adamın başından istifadə edirik.

Adil Mirseyid başqa bir məmləkətdə yaşasaydı dəyəri başqa olardı. Daha çox tanınardı. Təbii ki, həyat tərzi də fərqli olardı.

Adil son vaxtlar gördüyü qarlı, şaxtalı günlərin sayının çoxluğundan üşüməyə başladı. Qışda cins kürkdən paltoya keçdi. Yayda pencəyə. Qızmadı. Çünki artıq könlü də üşüyürdü. Amma könlündən küsmədi. Artıq son günlər can ağrılarına tab gətirə bilmirdi. Onu sıxan, incidən, küsdürən ağrılar da bir tərəfdən.

Mənə zəng edəndə çox danışmazdı. “Salam. Necəsən? Hardasan? Yarımsaatdan sonra Nərimanov parkında olacam”, deyib, danışığı kəsərdi. Bilirdim ki, görüşmək, söhbətləşmək istəyir. Saatlarla oturub söhbətləşərdik.

Adil, bu gün Nərimanov parkına gəldim. Həmişə məni gözlədiyin, var-gəl etdiyin yerə. Yalquzaq kimi gəzdim oraları. Mənə elə gəldi ki, hamı mənə baxır. Mənim təkliyimə. Ağacın altındakı çayxanada (Adil oranı belə adlandırırdı) oturdum. Həmişəki kimi bu dəfə “kəkotulu çay” sifarişi olmadı. Qəhərdən boğuldum. Tez durub çıxdım “məni öyrəşdirdiyin” çayxanadan. Artıq bütün çayxanalardan qaçıram. Daha sənsiz qalan çayxanalar məni özünə çəkmir. Darıxdırır, qovur, itələyir məni oralardan.

Əvvəllər həftədə bir dəfə içalat kababı yeməyimiz vardı. Sənin üçün bu daha rahat idi deyə. Sonralar içalatın səni yedi. İndi mən içimi yeyirəm.

“Sevdiyim bir qadın var, adı – ehtiyac”- deyən Adil Mirseyid, bu sevgisinə; həm də əqidəsinə, yoluna, ədəbiyyata, poeziyaya sonadək sadiq qaldı. Dəyişmədi. Bundan sonra da heç dəyişməz.

Adilin ürəyincə olmayan, əlacsızlıqdan etdiklərinin mənəvi peşmançılığının acısını necə yaşadığını da görmüşəm...

Sənin sonuncu gecədəki ağrılarına dözə bilmədim. İynənin belə sənə təsir etmədiyini görüncə halım dəyişdi. Yaddaşımda həmişə sənin əvvəlki kimi qalmağını istədim. Hərdən eynəyini bir az geri itələyib şirin-şirin danışan; “Gəl bir Torqovını gəzək”- deyib, təxminən hər küçəsində kirayənişin qaldığın, işlədiyin şəhərlə bağlı xatirələrini danışa-danışa mənimlə asta-asta addımlayan Adil kimi...

Bu gecə sənin bu halına tab gətirə bilməyəcəyimi duyub səndən ayrıldım. Bunun son ayrılıq olduğunu düşünmək belə ağlımdan keçmədi. Demək ki, bizi ayrılıqdan saatlar ayırırmış. Səninçün dayanan, bizi səndən ayıran, döyən saatlar.

Amma mənə yenə də elə gəlir ki, sən hansısa çayxanada hamısı səni tanıyan çayçıların birinə çay sifariş verib, söhbətə başlamısan...

Dünya ədəbiyyatı, mədəniyyəti, incəsənətindən kimlərisə bilgiləndirirsən.  Qızışan məclisdə söhbət şeirdən, əsl poeziyadan, esselərindən gedir.

nə cavan ölmək istərəm

nə də yüz il yaşamaq gələr ağlıma – deyirdin-ağ rəng.

Emersonun “hər ağızda bir dua var” fikrini də tez-tez işlədirdin.

“Vağzallarından tanınar şəhərlər”, söyləyən Adil olanlarını götürüb Ləki vağzalından Bakı vağzalına gəldi. İndi də içində, beynində, yaddaşında qalanlarını – yazmadıqlarını, demədiklərini, neçə-neçə kitablıq yazıları özüylə Ağdaşa apardı. Dolu gəldiyi kimi dolu da getdi. Nə qədər ideyalar, layihələr, fikirlər, şeirlər ürəkdə, beyində qaldı. Beşikdə öldü. Oxunası Adil Mirseyid oxunmamış qaldı. Maraqlı söhbətlər, əksəriyyətin bilmədiyi məlumatlar Adillə getdi. 

Adilin apardığı, qoyub getdiyindən çox oldu.

Adil bizim zamanla uzlaşmayan özgə bir Zamanın adamı idi.

İşığı özündən uzaqlara düşən, şam kimi əriyən şair idi, Adil Mirseyid. Gün-gün, il-il əridi...

Adil Mirseyid bir şair kimi taleyi ilə oynadı.

Tənhalığı sevən Adil Mirseyid son gedişi ilə bizi tənha qoydu.

“Şair ömrü yaşamaq, qaranlıqda qıl körpüdən keçmək kimi bir şeydir”, deyirdi, Adil Mirseyid.

Aparan kimi apardığını bildi. İtirən itirdiyinin fərqindədirmi?!

Bulud adam, Güzgü adam, Nəğmə adam qara lentli şəkildən boylanan adam oldu.

Ağdaşda sonuncu kitabına son kərə ürək sözlərini yazıb bütün yazdıqlarını bizlərə bağışlayırdı...

Olanını bağışlamağı sevən Adil Mirseyid.

Ruhun şad olsun, qardaş...

Daha bundan sonra heç nə köçməyəcək sənin akvarelinə, Adil Mirseyid. Köçənlər də köçürənlərlə köçdü...

Adil Mirseyidin akvarelləri

uzaqdan dənizə qovuşan
sevdalı buludlar
Adil Mirseyidin akvarelinə köçəcək bir azdan
sonra da dolub-dolub boşalacaq
yumaq istəyəcək
gümanı yağışa yağmura qalan
bu məmləkətin günahlarını
ya da qəfil gələn rüzgar
qovub aparacaq
əlində fırça tutmuş
bir divanə rəssamın
ümidləri üstünə
buludların ovqatı
qarışıb rəssamın ovqatına
köçəcək rənglərin yeddinci qatına
bu başqa bir mənzərədi
              rəssamın akvarelində
                                   hüznlü göyüzü və biz
təkcə Adil Mirseyidin akvarelində qalacaq
sevdalı buludlarağ-qara ümidlər
bir də gözünü göy üzünə dikən dəniz.

 





01.09.2014    çap et  çap et