Dekabrın 7-də Bakı Kitab Mərkəzində məşhur rumın şairi, yazıçı, ictimai xadim, insan hüquqları müdafiəçisi Ana Blandiana ilə görüş keçirilib. Görüşdə müəllifin seçmə şeirlərinin toplandığı "İndi mən sənə ibadət edirəm" adlı kitabı təqdim olunub. Kitab Azərbaycan Yazıçılar Birliyinin "Ana Blandiananın Bakı görüşləri" ədəbi layihəsi çərçivəsində hazırlanıb.
Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı qısa açılış nitqində qonaqları salamlayaraq, Ana Blandiananın Bakıda olmasını əlamətdar ədəbi hadisə kimi qiymətləndirib.
Qonağı tədbir iştirakçılarına geniş şəkildə təqdim edən Azərbaycan Yazıçılar Birliyinin (AYB) beynəlxalq əlaqələr üzrə katibi, şair Səlim Babullaoğlu A.Blandiananın müasir Avropa və dünya poeziyasının görkəmli nümayəndəsi olduğunu bildirib. S.Babullaoğlu rumıniyalı şairin maraqlı, çətin həyat yolu keçdiyini, zəngin və dəyərli yaradıcılığa imza atdığını qeyd edib. AYB katibi təqdim edilən "İndi mən sənə ibadət edirəm" kitabının yaranma tarixçəsi və özəllikləri haqqında da məlumat verib. S.Babullaoğlu deyib ki, A.Blandiana ilə AYB-də də görüş keçirilib, Birliyin sədri Xalq yazıçısı Anar tərəfindən ona qurumun fəxri üzvlük vəsiqəsi verilib. Eyni zamanda A.Blandiana "Vaqif Səmədoğlu Medalı"na layiq görülüb. Tədbirdə həmin medalı Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri Nüşabə Vəkilova A.Blandianaya təqdim edib.
Gecədə çıxış edən Rumıniyanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Vasile Soare bildirib ki, 60-cılar ədəbi nəslinin görkəmli nümayəndəsi kimi tanınan Ana Blandiana Stalin rejiminin süqutundan sonra digər həmkarları ilə birgə rumın şeirinin intibahı üçün böyük işlər görüb. Səfir vurğulayıb ki, A.Blandiananın şeirlərinin ilk dəfə olaraq Azərbaycan dilinə tərcüməsi və sayca yüzüncü şeirlər kitabının burada nəşri Rumıniya və Azərbaycan ədəbi-mədəni həyatı üçün olduqca önəmli hadisədir.
A.Blandiana Azərbaycanda kitabının nəşri, özünün Bakıya dəvət edilməsi və səfərinin təşkili üçün həmkarı S.Babullaoğluya dərin təşəkkürünü bildirib. Şeirlərinin Azərbaycan dilinə məhz şairlərin - Səlim Babullaoğlu və Jalə İsmayılın tərcüməsində çevrilməsini xüsusilə mühüm məqam kimi diqqətə çatdırıb. O, Azərbaycan oxucusu ilə əyani ünsiyyətdən zövq aldığını, burada yaradıcılığına göstərilən diqqətdən hədsiz məmnunluğunu dilə gətirib.
Gecədə A.Blandiana, S.Babullaoğlu və J.İsmayılın təqdimatında "İndi mən sənə ibadət edirəm" kitabından şeirlər, pianoçu Afaq Qarayevanın ifasında musiqi əsərləri dinlənilib. Sonda A.Blandiana Azərbaycan dilində şeirlər kitabının nüsxələrini oxucular üçün imzalayıb.

çap et