Gələn ildən etibarən 2014-cü il istehsalı olan avtomobillərin də ölkəyə idxalı məhdudlaşdırılacaq. Avtomobillərin istehsal tarixinə görə Azərbaycana idxalının məhdudlaşdırılması Nazirlər Kabinetinin bu ilin martında qəbul etdiyi qərara əsasən həyata keçirilir. Həmin qərarın 2-ci bəndinə görə, istehsal ili 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalı azaldılıb. Məsələn, artıq 2024-cü ildə də istehsal ili 2014 və ya əvvəlki illərdə olan avtomobillərin ölkəyə idxalı məhdudlaşdırılacaq.
Azərbaycanda köhnə avtomobillərin ölkəyə idxalının qarşısının alınması ilə bağlı tədbirlər yeni deyil. Belə ki, hələ 2014-cü ilin aprel ayından "Avro-4" ekoloji standartına cavab verməyən avtomobillərin ölkəyə idxalı qadağan edilib. Hazırda da qüvvədə olan bu Qərarla ölkəyə istehsal ili maksimum 2004-cü il olan avtomobil gətirmək mümkündür. Bu da ABŞ istehsalı olan avtomobillərə aiddir. Avropa İttifaqına daxil olan ölkələrdən 2005-ci ildən, Cənubi Koreyadan 2006-cı ildən, Türkiyədən 2009-cu ildən, Çin və Yaponiyadan 2011-ci ildən, Rusiyadan 2013-cü ildən başlayaraq istehsal edilən avtomobilləri ölkəyə gətirmək olar. Başqa sözlə, hələ 2014-cü ildə ölkəyə yaşı 10 il olan ən yaxşı halda ABŞ istehsalı avtomobil idxal etmək mümkün idi. Digər ölkələr üzrə isə bu yaş xeyli az olub.
2022-ci ildən ölkəyə idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz vergisi hesablanan məbləg?ə benzin mühərrikli minik avtomobillərinə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanır. Başqa sözlə, ölkəyə istehsal ili 7 ildən çox olan benzin mühərrikli minik avtomobili gətirən 20 faiz, dizel mühərrikli gətirən isə 50 faiz daha çox aksiz vergisi ödəyir. Eyni zamanda, istehsal tarixi 3 ildən, mühərrikinin həcmi 3 min kubsantimetrdən çox olan minik avtomobilləri üçün aksiz vergisinin dərəcələri artırılıb.
Bu dəfə isə vəziyyət tam fərqlidir. Söhbət ondan gedir ki, 10 il müddət qoyulub və bu müddətin təsiri ilə illər keçdikcə ölkəyə gətirilən avtomobillərin ili də yüksələcək.
Millət vəkili Vüqar Bayramov deyir ki, praktiki olaraq növbəti illərdə də Azərbaycana gətirilən avtomobillərin məhdudlaşma ilinin artacağı müşahidə ediləcək. Məsələn, 2015-ci ildə də istehsal edilən avtomobillərin idxalı 2025-ci ildə məhdudlaşdırılacaq: "Gözlənilir ki, avtomobil parkında köhnə avtomobillərin payının azalması müşahidə olunacaq".
V.Bayramovun sözlərinə görə, bu, maşın bazarının strukturuna da təsir göstərir. "Bazarda da ili nisbətən köhnə olan avtomobillərin sayında azalmalar müşahidə olunacaq. Ancaq bütövlükdə biz 2023-cü ilin geridə qalan aylarında avtomobil bazarında qiymət artımlarını müşahidə etdik. Köhnə avtomobillər üzrə qiymət artımlarının davam edəcəyi gözlənilir".
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov hesab edir ki, istehsal ili 10 ildən artıq olan avtomobillərin Azərbaycana idxalının qadağan olunması müsbət dəyişikliklər verəcək: "Əvvəllər ölkədə sanki köhnə avtomobillərin "ölüxana"sı və ya anbarı formalaşmışdı. Azərbaycana ikinci və ya üçüncü əl avtomobillər gətirilirdi. Düşünürəm ki, biz nə qədər inkişaf etsək də, dünya ilə ayaqlaşmalıyıq. Yəni dünyadakı müasir texnoloji yeniliklərin Azərbaycanda da tətbiq olunması vacibdir. Nəqliyyatda da bu texnoloji üstünlüklərdən yararlanmaq lazımdır. İstehsal ili 10 ildən yuxarı olan avtomobillərin Azərbaycana idxalının məhdudlaşdırılmasından sonra daha çevik, innovativ və enerjiyə qənaət edən avtomobillər ölkəyə idxal olunacaq. Bu avtomobillərin ölkə ərazisində yayılması özünü müsbət tərəfdən göstərəcək".
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, ölkədə artıq avtomobil parkı köhnəlmiş nəqliyyat vasitələri ilə doludur. Bunun qarşısını almaq üçün Nazirlər Kabineti avtomobillərin idxalına dair qərarı illər öncə qəbul etməli idi: "Köhnə istehsal olan nəqliyyat vasitələrini biz sıradan çıxartmağı düşünürük. Onlar həm təhlükəsizlik baxımından, həm ekoloji cəhətdən çox zərərlidir. Bu baxımdan onların dövriyyədən çıxarılmasını düşündüyümüz bir zamanda ölkəyə hələ də köhnə nəqliyyat vasitələrinin gətirilməsinə davam edir. Hansı ki, Avropa ölkələrinin, Koreyanın, Yaponiyanın, Amerikanın işlənmiş avtomobilləri və sıradan çıxmış avtomobilləri ölkəmizə daşınırdı. Bu da təbii ki, yaxşı bir şey deyil. Bununla da, bizim ərazilərimizin onların köhnə avtomobilləri ilə zibilləmək mənasına gəlirdi. Bu baxımdan bu qərarın verilməsi çox yerində olan addımdır".
Ekspertin sözlərinə görə, bunu 10 il deyil, hətta 5 ilə qədər də endirmək lazımdır: "Çünki 10 istehsal, 10 il öncə istehsal olunan avtomobillər artıq köhnəlmiş avtomobillər sayılır. Artıq onların müəyyən funksiyaları, müəyyən standartları dəyişdiyinə görə, daha yeni avtomobilləri ölkəyə gətirməyə təşviq etmək lazımdır. Yəni qanunla bunu tənzimləmək lazımdır. Burada əsas məsələ insan sağlamlığı faktorudur. Biz ucuz avtomobil gətirib ekologiyamıza, atmosferimizə ciddi zərər vurmaqla, həmçinin o təhlükəsizlik qaydaları, təhlükəsizlik sistemləri zəif olan avtomobillərdə, insanlarımızı həlak olmağı tərəzinin bir gözünə qoyaq, sağlamlığı və təmiz havanı da bir gözünə. Əlbəttə ki, biz ikincisini seçərik. Bu baxımdan, cüzi artım olacaqsa belə, biz daha təmiz havada yaşamağı, daha sağlam yaşamağa üstünlük verməliyik".
Məhdudiyyət ili köhnə, ancaq ucuz olan minik avtomobilləri ilə bağlı təklifin azalmasına gətirib çıxaracaq. Bu da özü-özlüyündə qiymət artımını da aktuallaşdırır. Yəni "ikinci əl" bazarda ancaq ölkədə istismar edilmiş köhnə avtomobilləri görmək olacaq. Digər tərəfdən ölkəyə gətiriləcək avtomobillərin yaşının az olması qiymətinin yüksək olacağı deməkdir. Bu isə alıcıları istər-istəməz bazardakı yaşı çox olsa da, ucuz avtomobillərə üz tutmağa sövq edə bilər. Nəticədə qiymət artımına gətirib çıxarmış olacaq.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, sözügedən məhdudiyyət avtomobil bazarında ciddi qiymət artımına səbəb olmayacaq: "Son illər Gürcüstandan ölkəmizə istismar müddətini başa vuran, yararsız avtomobillər daşınırdı. Bu qərar bunun qarşısını qismən alacaq".
O, həmçinin bu qənaətdədir ki, qərarın verilməsi digər yeni bir qərarın qəbul edilməsini şərtləndirir. Bu da Azərbaycanın "Avro-5" ekoloji standartına keçid ola bilər. Məsələnin sahibkarlıq tərəfinə nəzər salanda isə məlum olur ki, istehsal ili 10 ildən çox olan minik avtomobillərinin idxalının məhdudlaşdırılması "birinci əl" avtomobil bazarına töhfə verəcək. Aksiz vergisindəki ötənilki dəyişikliyin bu bazardan "yan keçməsi", həmçinin elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışının və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının 3 il müddətinə əlavə dəyər vergisindən azad edilməsi ilə bərabər, ölkəyə köhnə avtomobil idxalının məhdudlaşdırılması sektora yeni imkanlar yaradır.
Köhnə minik avtomobillərinin idxalı ilə məşğul olan sahibkarları isə bir müddət qeyri-müəyyənlik gözləyə bilər. Təbii ki, vəziyyət alıcıların dəyişikliyə verdikləri reaksiyadan asılı olacaq.
Rəsmi statistikaya görə, ölkədəki 1 milyon 400 min nəqliyyat vasitəsindən 1 milyon 300 mini minik avtomobilləridir ki, bunun da 80 faizini yaşı 10 ildən çox olanlar təşkil edir. Üstünlük avtomobil satışı elanları saytlarında da əksini tapır. Bu mənada yaşı 10 ildən çox olan minik avtomobillərin say və qiymət baxımından avtomobil bazarında hələ bir müddət üstünlüyə malik olacaqlarını demək olar.
Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə əsasən, yararsız avtomobillərin dövriyyədən çıxarılması, avtomobil parkının yenilənməsi, ekoloji təmiz avtomobillərin sayının artırılması məqsədilə artıq bir neçə ölkə öz qanunlarını dəyişib, müvafiq qərarlar qəbul edib. Azərbaycan da dünyanın bir parçasıdır və bu qərarlardan bəhrələnməli, belə bir qərar qəbul etməli idi: "Avtomobil parkının yenilənməsini biz başa düşürük, yol təhlükəsizliyi baxımından olduqca önəmlidir. Çünki qəzalı və digər zərbələrə məruz qalmış avtomobillərin Azərbaycana gətirilməsi təhlükəsizliyimizə təhdiddir. Analoji addımlar atmaqla, qarşısı alına bilər. Ancaq düşünürəm ki, gələcəkdə gömrük rüsumlarına bir daha baxmaq lazımdır. Çünki yeni avtomobillər baha olur, əlçatanlıq təmin edilməlidir. Belə olan halda təbii ki, bazara təsir göstərəcək, 10 ildən köhnə olan avtomobillərin qiyməti qalxa bilər. Çünki vətəndaşlar xaricdən gətirə bilmədiklərinə görə məcbur burada olanlardan istifadə edəcəklər. Qiymətlər isə bahadır. Ona görə də kredit şərtlərinə də baxılmalıdır. Şərtlər sərfəli, əlçatan olmalıdır ki, insanlar öz avtomobilini yeniləyə bilsinlər. Ümumiyyətlə, təzə avtomobil ətraf mühitin qorunması, yol təhlükəsizliyi baxımından önəmlidir. Yəni qəzalar zamanı insanların sağ qalması, təhlükəsizlik sisteminin yeni olması arzuolunandır və bütün dünya buna çalışır. Hətta bəzi ölkələrdə 2035-ci ildə ümumiyyətlə benzin mühərrikli avtomobillərin istehsalına və istismarına qadağa qoyulması planlaşdırılır. Biz isə bu müddəti 10 il götürürük".
Sevinc QARAYEVA