525.Az

Bir az pul, bir az da ingilis dili...


 

GƏNC RƏSSAM RUHULLA HƏSƏNZADƏ: "SƏNƏTDƏ UĞURUMU MƏŞHURLUQDAN, ŞÖHRƏTDƏN GİZLƏNƏNDƏN SONRA QAZANMAĞA BAŞLADIM"

Bir az pul, bir az da ingilis dili...<b style="color:red"></b>

Ruhulla Həsənzadə yaşca xeyli gənc olsa da, rəssamlıq, heykəltaraşlıq, illüstrasiya və konseptual incəsənət sahəsində kifayət qədər tanınan addır. 1993-cü ildə Bakıda rəssam ailəsində dünyaya göz açıb. 2005-ci ildə əsəri ilk dəfə ictimai sərgidə nümayiş etdiriləndə cəmi 12 yaşı olub. Bir neçə ay sonra isə adı "XXI əsrin istedadları" adlı kitabda yer alıb. 2018-ci ildən Avropa Təbiət Elmləri Akademiyasının üzvüdür, ilk əsərləri Belçika, Rusiya və Türkiyədə keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilib. 2020-ci ilin iyun ayından etibarən rəssamın Martin Micallef və Ruh Zadeh adı altında ətir üzərindəki əl işi məhdud sayda satışa çıxarılıb.

Qeyd edək ki, gələn həftə - dekabrın 15-də "Metamorfik bağlar:70/30" adlı sərgidə Ruhulla Həsənzadənin və atası İbrahim Həsənovun müxtəlif əsərləri sərgilənəcək. Sərgidə ümumilikdə 65 rəngkarlıq, 22 heykəltaraşlıq nümunəsi nümayiş olunacaq.

Gənc rəssam Ruhulla Həsənzadə ilə müsahibəni təqdim edirik.

 

 - Ruhulla bəy, Azərbaycandan örnək aldığınız rəssamlar varmı?

- Bu yaxınlarda Tahir Salahovun ev-muzeyinə getdim. Əvvəl də getmişdim, sərgilərdə də izləmişdim əsərlərini. Amma bu dəfə nəsə başqa cür təsir etdi, başqa şeylərin fərqinə vardım. Əsərləri necə təravətli və təzədir, bir əl hərəkətilə nə etmək istəyini göstərir. Artıq mazok yoxdur onun əsərlərində. Yaxından baxandan sonra bir müddət təsirində qaldım. Belə baxanda aşağı-yuxarı bütün rəssamlar eyni şeyi işləyir, amma vacib olan burada "Necə işləyir?" sualıdır. Heç bir yenilik icad edilməyib, hər kəs nöqtələri fərqli formada birləşdirir. Fikrimcə, Tahir Salahov indiyə qədər gördüyüm, tanıdığım rəssamlar içində qırmızıdan ən yaxşı istifadə edən rəssamdır. Çox rəssamların əsərlərinə baxırsan, 2 dəqiqədən sonra istəyirsən gedib uzanıb dincələsən. O qədər yorulur ki, adam. Baxırsan ki, əsər də yorulub, dili olsa deyər ki, əl çək məndən. Mənim özümdə də belə hallar olub, köhnə işlərimdən bəziləri bir də görürsən emalatxanada qarşıma çıxır, elə olanda üzünü divara çevirirəm.

Tahir Salahovda gördüyüm təzəliyi atamda da görürəm. Müasirliklə ənənəviliyi bir üst səviyyəyə qaldırır və onu izləmək çox zövqlüdür. Ümumiyyətlə, çalışıram daha çox fərqli üslubda, fərqli yanaşmada olan rəssamlara baxım. Onların öz reallığında qaydalar başqadır. O qaydaları mən öz reallığımda necə dəyişə bilərəm? Bu sual məndə həmişə aktualdır. Rasim Babayev, Museyib Əmirov, Cəlil Hüseynov, Altay Sadıxzadə... belə rəssamlar az deyil bizdə, kətan üzərində bir problem qoyurlar və onu ustalıqla həll edirlər.

- Azərbaycanda rəssamlığa gəlir, biznes sahəsi kimi baxmaq olarmı?

- İstər rəssamlıq olsun, istər incəsənətin başqa sahəsi, dünyanın hər yerində gəlir baxımından çətin sahədir. Rəssamlıq iqtisadi baxımdan gec yetişən peşələrdəndir. Amma yetişəndə də milyonların fırlandığı sahədir. Burada imic və farmazonluğun rolu da var. Amma əsl sənətdən danışırıqsa, onu deyə bilərəm ki, onsuz da çətin olan rəssamlıq sənəti üçün Azərbaycan münbit məkan deyil. Çünki bizdə kütlə hələ də impressionist rəssamlara müasir rəssamlar kimi baxır. Hələ müasir konseptual sənəti demirəm. O, başqa bir dərddir. Amma mən pessimist deyiləm, indi elə bir zamandır ki, sənin əsərini çox asanlıqla xarici bir ölkədə oturan milyonçu da görə bilər. Sadəcə deyinmək əvəzinə imkanları araşdırmaq, dünyanın görə biləcəyi səhnələrə çatmaq lazımdır. Hazırkı dövrdə dünyanın hər bir yerində sərgilərə qoşulmaq, əsərlərini satmaq olar. Sərgilərə, yay məktəblərinə, simpoziumlara, rezidensiyalara qoşulmaq üçün bir az pul, bir az da ingilis dili lazımdır. Düzünü desəm, mən Azərbaycanda əsərlərini aktiv sata bilən rəssamlardan deyiləm. Elə bir məqam gəldi ki, insanlara işimi, üslubumu sevdirməyin başını buraxdım. Amma dünyanın müxtəlif yerlərində əsərlərinin kolleksiyalarda, divarlarda asıldığını bilmək zövq verən duyğudur. Ümid edirəm və arzulayıram ki, bizim insanlar da standartlardan kənara çıxıb yeni üslubları qəbul edəcəklər. Mənim ətrafımda çox zövqlü insanlar var ki, onların heç bir sənətlə məşğul olmadan necə yaşadıqlarına təəccüb edirəm həmişə. Yəqin ki, necəsə təmizləyirlər ruhlarını.

- Bu sənətdə uğur qazanmaq üçün ən önəmli olan detallar hansılardır?

- Uğur sözü də indiki zamanda bir ayrı xəstəlikdir. Anlamıram, ekranlara çıxanda, hansısa məşhurla birgə şəkil çəkdirəndə və ya nəsə mənasız işbirliyi edəndə insanlar niyə "Uğurların bol olsun" deyirlər. Niyə hamı məşhurluğu, şöhrəti, zənginliyi uğurun hədəfi kimi seçir? Mən sənətdə uğurumu məşhurluqdan, şöhrətdən gizlənəndən sonra qazanmağa başlamışam. Qazanc onsuz da olur. Müəllimim həmişə deyir ki, deşik daş yerdə qalmaz. Rəssamın uğuru emalatxanada kətanın qarşısında təmtəraqlı şəkildə baş verir. Bu, uğurun tamaşasıdır. Amma onun bünövrəsi əvvəlcə beyində, ruhda baş verir. Nə vaxt ki, azadlığı hiss edirsən, fərqinə varırsan ki, qollarındakı qandalların açarı elə öz cibində imiş, sakitcə onları açıb çıxırsan qulların arasından və kətan üzərində bunun eyforiyasını qeyd edirsən. Uğur budur mənə görə - daxilindəki harmoniyanı, xoşbəxtliyi duymaq, onu təsdiqləmək və onu yaşamaq. Təbii ki, azadlıq deyəndə iqtisadi azadlıq da buna daxildir. Bunun üçün də qolunu çırmalamaq lazımdır. Qazanmaq da bir bacarıqdır. Mən öz iqtisadiyyat nazirimi təbiətə etibar etmişəm və öhdəsindən məndən daha yaxşı gəlir. Ağlım, ruhum və bədənim öz hüzurunu tapandan sonra məşhurluq da, şöhrət də, zənginlik də gələcək. Bu, bir az da seçim məsələsidir. Sosial passivliyim mənə insan kimi, rəssam kimi daha üst səviyyə qazandırdı, ətrafımdakılara daha üst səviyyə bir dost, sevgili, yoldaş, ailə qazandırdı. İctimai insan özünü yaxınları ilə ictimaiyyət arasında bölüşmək məcburiyyətindədir. Mən anladım ki, balaca çevrədə daha tez böyüyürəm. Enerjimi özümə və ətrafıma tam verə bilirəm. Bundan sonra əgər daha böyük çevrəyə təsir edə biləcəyəmsə də, bu, təbii formada və mənə ziyan vurmadan baş verəcək. Məşhurluğun nə qədər zəhərli və asılılıq yaratdığını çox gözəl bilirəm. Bu narkotik azad olmağa qoymur, gərək çox güclü immunitetin olsun. Məndə o immunitet yoxdur hələ ki.

- Gələn həftə "Metomorfik Bağlar. 70/30" adlı sərgin baş tutacaq. Sərginin adı nədən qaynaqlanır?

- Sərgi bildiyiniz kimi, ata və oğulun sərgisidir. Uşaq vaxtı hamıdan soruşurdular ki, böyüyəndə nə olmaq istəyirsən? Onda cavabım bu olurdu ki, böyüyəndə rəssam olacağam və atamla birlikdə sərgi keçirəcəyik. Bu arzunun 70 və 30-da bizi birləşdirəcəyini bilmirdim, çox maraqlı zamanlama oldu. Bu, iki rəssamın bir-birinə metamorfik bağlarıdır. Hansi ki zamanla yaradıcı müstəvidə bir-birindən ayrılırlar. Üslub fərqi yaranmasına baxmayaraq, əsas bağlar düşünürəm ki, həmişə qalacaq. Bu, təbii formada yaratdığımız sənət dəyərləridir. Ənənə eynidir, amma fərqli formada müasirləşir. Sərgiyə gəlsəniz, hər iki rəssamın öz köklərinin üstündə müasirləşdiyini görərsiniz. Axtarışlar, yeniliklər, cəhdlər həmişə var, amma möhkəm bağlarla yanaşı, fərqli nöqtələrə də toxunulub. Sərginin adı da buradan gəlib.

- Gənc bir rəssam necə addım atmalıdır ki, əsərlərini satsın və həm də uğur qazansın?

- Özüm də gənc olduğumdan gənc rəssamlara ancaq özümə məsləhət gördüyümü deyə bilərəm. Əsərlərinin satılmasına fokuslanmaq çox vaxt yaradıcılığa bərpası mümkün olmayan ziyan vura bilir. Mən bir müddət gəlirimi yaradıcı sahədən uzaq tutdum. Təbii ki, digital rəssamlıq da yaradıcılıqdır, amma düşünürəm ki, ənənəvi rəssamlar nə demək istədiyimi anladılar. Üslub, düşüncə və mahiyyət nisbətən oturuşandan sonra əsərlərini satmaq, sərgiləmək olar. Belə olan halda heç bir tərif, heç bir tənqid, heç bir büdcə səni sən olmaqdan yayındıra bilməyəcək.

Havar ŞƏFİYEVA

 





11.12.2023    çap et  çap et