525.Az

Dillərin maraqcıl "səyahətçiləri" - sözlər - Təranə Mahmudova yazır


 

Dillərin maraqcıl "səyahətçiləri" - sözlər - <b style="color:red"> Təranə Mahmudova yazır</b>

Dil sistemində sözlər ən çevik və "rahat" vahidlər sayılır. Hər bir dildə ilk eşidilən və az-çox dərəcədə anlaşılan da ayrı-ayrı sözlər olur. Ən əsası da yadda qalan. Xüsusilə də doğma və xarici dildəki sözlər arasında hər hansı əlaqə, oxşarlıq olduqda. Bu, bəzən aldadıcı bənzərlik olsa da, dil daşıyıcıları üçün maraqlı proseslərdən biridir. Bundan əlavə, ayrı-ayrı sözləri xatırlamaq, onları sonradan düşünmək üçün beynin "daxılına" atmaq asan olur. Daha doğrusu, bir çox hallarda bütün bunları asanlıqla beyin özü edir. Bunun da əsas səbəbi, təkrar çıxsa da, sözlərin çevikliyi, xatırlama üçün asanlığı və kontekstdən müəyyən sərbəstliyidir. Bu özəlliklər sözləri səyahətçilərlə müqayisə etməyə imkan verir -  mütəhərrik, şəraitə tez uyğunlaşan, maraqlı...

Təsadüfi deyil ki, xarici dil öyrənənlər bu prosesə ayrı-ayrı sözləri mənimsəməklə başlayırlar. Çoxları da inanırlar ki, bununla xarici bir dili öyrənə biləcəklər. Əlbəttə ki, yalnız sözləri öyrənməklə xarici dili öyrənmək olmaz. Ancaq bu da bir faktdır ki, bəzən bildiyimiz tək bir söz belə müəyyən durumlarda bizi vəziyyətdən çıxara bilər. Səbəb yenə də sözlərin nisbi sərbəstliyi, yəni tək-tək işləndikləri üçün yadda saxlamaq üçün asanlığıdır.

 

Sözlər - "səyahət etməyi" sevənlər

 

Hər bir dildə digərlərindən keçən leksik vahidlərə rast gəlmək olar. Yəni sadəcə öz sözlərindən ibarət olan xalis dil yoxdur. Bu, dilçilikdə sübuta ehtiyacı olmayan bir həqiqətdir. Buna onlarla, yüzlərlə, hətta minlərlə misal göstərmək olar. Bu zaman həmin vahidlərin qohum dillərdən olmaması da mümkündür. Bu sözlərdən bir qismi böyük bir bölgədə yayılır, kültürün yaxınlığı, ümumiliyi baxımından və ya bir sıra səbəblərdən bölgə xalqları və təbii ki, onların dilləri üçün ortaq vahidə çevrilir. Əlbəttə, bu prosesdə bəzi ictimai-siyasi, hərbi hadisələr də çox böyük rol oynayır. Məsələn, işğal, müharibə və oxşar hadisələr. Bir sıra ekspertlər sözlərin bir dildən digərlərinə keçidində məhz işğal və müharibələrin, müstəmləkə rejimlərinin böyük rol oynadığını göstərirlər. Əslində bu amilin çox məntiqli və ağlabatan olduğunu söyləməyə xeyli əsas var. Başqa sözlə, işğal, səlib yürüşləri və bənzəri hadisələrin çoxsaylı ağır fəsadları ilə yanaşı, dildə belə izlər buraxmaq kimi təsiri də olur ki, bu da az və ya çox dərəcədə müsbət hal kimi qiymətləndirilə bilər. Yəni "yayıcı" rolunda bu cür hərbi-siyasi proseslər də ola bilər. Başqa bir ehtimal sözlərin yuxarıda sadalanan özəllikləri, yəni mütəhərrikliyi, konteksdən nisbi sərbəstliyi, qavramada asanlığıdır. Bu proseslər olmadan söz-kəlmə "alış-verişi" nə qədər sürətli - fəal və effektiv olardı, biz bunu bilmirik. Sözlərin "səyahəti" sevmələri haqqında danışarkən isə həm də onu nəzərə alaq ki, bəzən bu "səfərlər" zorən olub və olmaqdadır.

 

"Masaya" misallar gəlsin...

 

Misal haqqında danışılan məsələnin praktik yönlərini göstərməklə onu daha anlaşılan və görümlü edir. Xüsusilə söhbət sözlərdən gedirsə, misalsız heç ötüşmək olmaz. Hamımızın bilib-eşitdiyimiz-işlətdiyimiz sözlər hansısa səbəbdən müxtəlif ölkələrdə mənimsənir və istifadədə geniş populyarlıq qazanır. Məsələn, "çanta" sözünü misal gətirə bilərik. Azərbaycan və türk dilləri ilə yanaşı, ərəb (bu söz ərəb dilində "şanta" kimi tələffüz edilir), yunan, gürcü, bolqar, alban dillərində (mümkündür ki, başqa dillərdə də) eyni əşya üçün məhz bu sözün işləndiyini görə bilərik. Balkan ölkələrində yaşayan bir çox xalqların dillərində - polyak, boşnak, serb, makedon və xorvat dillərində eyni əşyaya "torba" deyilir.

Məsələn, türk dilində "dobra" sözü var. Mənası "gözəl və yaxşı" deməkdir. Bolqar və serb dillərindən alıntı sayılır. Bu, bizə dərhal rus dilindən yaxşı tanış olan "dobraya/dobrıy" sözünü xatırladır.

Əks bir yön, yəni rus dilindəki sözün türkcədəki kəlməni xatırlatmasına da misallar gətirmək mümkündür, həm də çox. Məsələn, rus dilində "belmes" sözü var. Bu, Azərbaycan və Türkiyə türkcəsindəki "bilməz", "bilemez" sözünü xatırlatmırmı? Bunu təsbit etmək üçün hər iki sözün ifadə etdiyi mənaya baxmalıyıq. Aydın olur ki, rus dilindəki bu söz "dünyadan xəbərsiz", "məlumatsız" mənalarını ifadə edir. Yəni elə öz dilimizdəki "bilməz", "bilməyən" sözünü. Oxşarlıq həddən artıq çox deyilmi? Üstəlik, bunu Azərbaycan dilində ilk dəfə qrammatik kontekstdə eşidərkən öz dilindəki "belmes" sözünün məna komponentlərini bütün incəliklərinə qədər anlayan rus dili istifadəçisinin etirafları bunu təsdiq edirsə, şübhəyə, demək olar ki, yer qalmır.

Rus dilindəki "san" sözü bəzi şəxslərə xüsusi mövqeyə malik olduqlarını bildirmək üçün verilən rütbədir. Azərbaycan dilindəki "ad-san" ifadəsindəki "san" bununla əlaqəli deyil ki? Axı bunların məna yaxınlığı da çox güclüdür. Biz "adlı-sanlı", "ad-san" dedikdə bir şəxsin xüsusi statusa, mövqeyə malik olduğunu da diqqətə çatdırırıq. Araşdırma apararkən məlum olur ki, rus dilindəki "san" sözünün kökü qədim slavyan dilinə bağlanır ki, oraya da türk dillərindən keçib. Türk dillərində isə bu söz "ləyaqət" anlamında işlənib.

Türk və franız dilləri də daxil olmaqla bir sıra dillərdə qalstuka "kravat" deyilir. Əslində bu sözün bir çox digər kəlmələr kimi türkcəyə fransız dilindən keçdiyini təxmin edə bilərik. Fransız və digər dillərə isə xorvat dilindən keçib. Daha doğrusu, bu, elə xorvat sözünün özüdür deyə bilərik. Necə? Xorvat hərbçilərin və ümumiyyətlə, xorvatların geyimlərində qalstuk olduğuna görə digər millətlərin böyük marağına səbəb olub. Beləcə indi bizim qalstuk adlandırdığımız əşya o zamanlar xorvatlarla assosiasiya olunub. Nəticədə bəzi dillərdə "xorvat" kəlməsini açıq-aydın xatırladan "kravat" sözü yaranıb.   

 

Uzaq Kanadadan bizim kəndə və geriyə

 

Güman ki, ilk baxışdan "Kanada" ilə "kənd" sözləri arasında güclü əlaqə olduğu az adamın ağlına gəlir. Amma var, həm də çox güclü bir bağlantı var. Şimali Amerikada yaşayan Hindu tayfalarının birinin dilində, daha dəqiq desək, vayandot və ya vendotlar kimi də tanınan Quron tayfaları arasında yayılan quron və ya irokezs dilində "kanada" - "kənd" deməkdir. Artıq 1547-ci ildən etibarən indiki ABŞ və Kanadanın ərazisindən axaraq Böyük Gölləri Atlantik okeanı ilə birləşdirən Müqəddəs Lavrentiya çayından şimalda yerləşən bütün torpaqlar "kanada" kimi tanınırdı.

Bir çox ölkələrdə Kent adında şəhərlər və ya məskənlər (məskunlaşma yerləri) var. Bildiyimiz kimi, Türkiyə türkcəsində "kent" sözü də yenə yerleşim yeri ilə bağlı olub "şəhər" anlamında işlənir. Amma yaxını qoyub uzaqlara niyə gedək? Dilimizdəki "kənd" sözünün mənşəyi aydın deyilmi? Üstəlik, mənası da, forması da (hərfbəhərf olmasa da) eynidir.  Şimali Amerikadakı quron tayfalarının bu sözü çox qədim vaxtlardan, yəni hələ şəhərləşmənin olmadığı dövrlərdən işlətdiklərini nəzərə alsaq, haqqında danışdığımız leksik vahidin ("kanada") mənasının dilimizdəki "kənd" sözü ilə birbaşa bağlılığı aydın olur. 

 

Sözlərin arxasınca - hər yerə...

 

İsveçrədə "Caran d'Ache" (eynilə dilimizdəki "karandaş" kimi tələffüz olunur) adlı bir şirkət var. 1915-ci ildə "Fabrique Genevoise de Crayons Ecridor" adı ilə təsis olunub. 1924-cü ildə Arnold Şvaytzer (Arnold Schweitzer) qurumun başına keçərkən fransız satiriki, karikaturaçı Emmanuel Puağanın (Emmanuel Poire) təxəllüsü olan "Caran d'Ache"ı seçərək şirkətin adını dəyişib. Bu söz "karandaş" kimi tələffüz edilir, yəni eynilə bizim bildiyimiz və dediyimiz kimi. Güman ki, o ölkədə çox az adam bilir ki, bu şirkət öz adını türk kökənli "karandaş" sözündən götürüb. Türkiyə türkcəsində bu əşya fərqli bir sözlə ifadə edilsə də, "karandaş" sözünün "sədası" başqa yerlərdən gəlir.

"Apelsin" sözü hamımıza tanışdır. Çünki bu sözün ifadə etdiyi nəsnə lüğətdə "portağal" olsa da, danışıq dilində böyük əksəriyyət "apelsin" sözünü işlədir. Yəni rus dilində olduğu kimi. Rus dilinə isə bu söz Niderland dilindən keçib. Niderland dilində "Appelsien" (hazırda daha çox "sinaasappel" kimi işlədilir)  alman dilində isə "Apfelsine" kimi yazılan söz fransız dilindəki "pomme de Chine" ifadəsinin kalka üsulu ilə mənimsənilməsi hesabına yaranıb. Bunun da mənası "Çin alması" və ya "Çindən gələn alma" deməkdir. Yeri gəlmişkən, hazırda fransız dilində bu meyvəni ifadə etmək üçün "orange" ("orinc" kimi tələffüz edilir) sözündən daha çox istifadə edilir ki, bu da ingilis dilinin təsiri sayılmalıdır.

 

Bütün yollar Romaya aparır! Elə sözlər də...

 

Sözlər çox maraqlı bir izlənim qaynağıdır. Dünyaca məşhur bəzi deyimlər və ifadələr də sözlərdən qurulub dildən-dilə keçib. Məsələn, "Bütün yollar Romaya aparır" kimi deyim ən məşhurlardan biridir. Bu deyim niyə xatırlanır? Böyük Roma İmperiyasının bəşər tarixində çox böyük rolu olub. Proseslər və hadisələr olubsa, onun dil(lər)ə yansıması da qaçılmazdır. Odur ki, doğma dilimizdə Roma imperiyasının dil etkisi ilə qarşılaşdıqda da təəccüblənməmək lazımdır. Amma ehtimal etmək olar ki, bəzən də təəccüblənməmək olmur.

Məsələn, bilirsinizmi ki, müasir italyanca da "piede" sözü "ayaq" deməkdir. Daha dəqiq desək, ayağın ayaqqabı geyilən və ya yerlə təmas edən hissəsi nəzərdə tutulur. Dilimizdəki "piyada" sözünün də "piede" ilə birbaşa bağlantısı var. Biz "piyada getmək" feilini həm də "ayaqla getmək" kimi ifadə edirik. Hətta sonuncunu daha fəal işlədirik. 

Başqa bir misal - italyancada "giovane" ("covani" kimi tələffüz edilir) "gənc" deməkdir. Bu, sizə Azərbaycan dilindəki "cavan" sözünü xatırlatmırmı? Üstəlik, mənası da eynidir. Müasir italyan və ispan dillərində "yetər","dayanın artıq", "bitsin artıq" mənalarında işlənən "Basta" sözü necə də bizim "bəsdir" kəlməsini xatırladır. Üstəlik, mənaları da tamamilə eynidir. Doğrudur, "basta" və "bəsdir" sözləri arasındakı  bənzərlik onların qrammatik quruluşlarının eyniliyi anlamına da gəlməməlidir. Ancaq bunu istisna etmək də çətindir. Bunun üçün italyan dilini bilmək lazımdır. Çox maraqlıdır ki, hindi dilində də "bəsdir" sözü ilə eyni mənada işlənən "bas" sözü var.

Hamımız bilirik ki, nəhəng Roma İmperiyasının ərazisi bizim bölgəni də əhatə edib. Nəinki bizim bölgəni, hətta dünyanın çox böyük bir qismini. Bir o qeyri-müəyyən qalır ki, bu və ya digər söz hansı dildə olub? Haradan haraya və necə keçib?

 

Misalmı, masalmı?

 

Sözlərin oxşarlığına o qədər tez-tez rast gəlinir ki, buna maraq göstərən insanların fantaziyası durmadan kəlmələri bir-birilə əlaqələndirir. Başqa deyimlə, bir sözdə digər dillərdəki kəlmələrin izini, təsirini duyanlar "Bəlkə bu, filan sözdən törəyib? Bəlkə bu söz o dildən keçib?", "Bəlkə bu sözün kökü filan kəlməylə bağlıdır?" deyə özlərinə sual verirlər, bunlar arasında mütləq bir əlaqənin olduğunu düşünürlər. Bunu şəxsi təcrübəmə əsasən ehtimal edirəm. Məsələn, "Pomidor-yumurta" kimi adlandırdığımız yeməyin Türkiyə türkcəsindəki qarşılığı olan "menemen" sözünü eşidərkən ağlıma ilk növbədə  "Mən həmən" gəlir. Yəni "tez hazırlayaram, indi bişirib gətirərəm" mənasını. Və ya Türkiyə türkcəsində xüsusi günlərdə, məsələn, əsasən Ramazan ayı boyunca icra edilən və daha çox bizim bayatılara bənzəyən oxşamaları, deyimləri, dini ritualı ifadə edən "mani" sözünü və "mani okumak" feilini eşidərkən ağlımıza nə gəlir? Güman ki, bir çoxlarının ağlına dilimizdəki "mahnı oxumaq" feili. Göründüyü kimi, yenə də oxşarlıq çox güclüdür.

Əlbəttə, haqqında danışdığımız bu sözlər arasında əlaqənin nə dərəcədə gerçək olduğunu söyləmək çətindir. Bunun üçün ciddi və əsaslı tədqiqat aparmaq lazımdır. Lakin bu, sözlər arasında əlaqənin olmadığı anlamına da gəlməməlidir. Bəlkə də var, həm də çox güclüdür. Bəlkə də yoxdur, bu, sadəcə xəyal gücümüzün "məhsuludur". Sadəcə bu da yenə əsaslı araşdırma əsasında müəyyən edilə bilər. Həqiqiliyinə əmin olduğumuz fikir isə odur ki, sözlər dilçiliyin ən maraqlı vahidləridir. Həm də "qloballaşmağa" ən meyilli kateqoriyasıdır. İstər bu, istərsə də digər səbəblərdən dünyanı "gəzib-dolaşmağı" sevən sözlərin bir maraqlı cəhəti də var - onlar dil istifadəçilərini də öz arxasınca aparmağı bacarır.

 





11.12.2023    çap et  çap et