(Əvvəli ötən şənbə sayımızda)
Avstriyalılar həm də öz irsləri ilə özlərini rahat hiss etmirdilər, çünki irs, kiçik bir milli dövlət olan müasir Avstriya üçün olduqca böyük idi. XX əsrin ikinci yarısının ilk illərindəki Avstriya dövləti olduqca varlı və şöhrətli babanın kasıblaşmış və ehtiyac kimi dövrün damğasını gəzdirməklə, yoxsulluğun nə olduğunu aydın dərk edən və bir az əvvəl düşdüyü vəziyyətdən dəhşətə gələn fağır nəvəyə bənzəyirdi. İrs həm də yüksək milli xarakteri, çoxmillətli olması və çox etnik müxtəlifliyi ilə seçilirdi. Bu irs demək olar ki, dünyanın bütün hissələrinə genişlənmişdi. Attsek hökmdarı Montesumanın lələkdən olan tacı Mexikoda deyil, Vyanada idi, onu hədiyyə kimi ispan konkistadorları Habsburq kralına vermişdilər. Əks qaydada Avstriya mədəni irsinin parlaq hissələri yalnız 1938-ci ildən sonra dünyanın başqa tərəflərinə götürülməklə xilas edilmişdi. Müasir dünyada Avstriyanın əldə etdikləri eksponatların əksəriyyətinin kökü Vyanada deyil, dünyanın başqa şəhərlərində idi.
Güman ki, avstriyalılar Avstriya tarixinin böyüklüyünün nə demək olduğunu anlayırdılar.
2006-cı ilin yanvarında Avstriyada nə vaxtsa yaşamış ən böyük insan olan Volfqanq Amadey Motsartın anadan olmasının 250 illiyi bayram edildi. Motsart isə əslində, avstriyalı deyildi, onun ilk göz açdığı Zalsburq həmin vaxt Avstriyanın tərkibindən kənarda idi. Motsart öz kamil karyerasının əksəriyyətini on il ərzində yaşadığı Vyanada keçirmişdi, Bethoven də onun ölümündən sonra Vyana sakini olmuşdu, ancaq alman bəstəkarı olaraq qalırdı. Onlar kosmopolit Avstriyasının qiymətli irsi idilər. Motsart, həqiqətən, bir model idi, bugünkü Vyanada da hər yerdə Motsartın heç də real olmayan, virtual izinə, portretlərinə rast gəlmək mümkündür. Motsartın gur saçlı portreti istənilən əmtəəni tez satılan mala çevirir. Burqqarttendə isə Motsartın möhtəşəm heykəli ucalır.
Motsart məşhur bəstəkar, görkəmli musiqiçi olmaqla yanaşı, frimason idi, Maarifçilik tərəfdarlarından birinə çevrilmişdi. O, həmçinin Venetsiyada məşhur qadın düşkünü kimi tanınan və macəralar sahibi olan Kazanovanın dostu idi.
Böyük fransız heykəltaraşı Ogyüst Roden 1911-ci ildə onun büstünü yaratmışdı. Mərmər daşdan boylanan bəstəkarın başı ona həsr edilən esse olsa da, əslində, yəhudi bəstəkar Qustav Malerin cizgilərini əks etdirirdi. Axı iki il əvvəl Roden onun da bürüncdən olan büstünü yaratmışdı. "Əbədi bahar" kimi qeyri-adi məhəbbət himni təsiri bağışlayan heyranedici kompozisiyanın ecazkarlığını nümayiş etdirən bir dahi müəllifə belə xətaları bağışlamaq olar. Böyük fransız heykəltaraşı Ogyüst Roden dünyada şöhrət tapmış "Cənnət qapısı" əsərini, "Mütəfəkkiri" heykəlini, "Ədəbi bahar" adlı məhəbbətin gur coşqunluğunu təsvir edən mərmər və bürünc kompozisiyalar yaratmışdı. Yubiley şənliklərinə gəldikdə, Avstriyanın sərhədlərindən kənarda olanlar da, onun daxilində yaşayanlarla birlikdə Motsarta həsr olunmuş bayramda göstərdilər ki, onlar dahi həmyerliləri qarşısında öz borclarını ləyaqətlə yerinə yetirirlər.
Avstriya böyük keçmişə malik olan indi kiçik, olduqca müasir Avropa ölkəsidir. Onun öz tarixinin çox saydakı səhifələri ilə fəxr etdiyi kimi, kiçik zamanı əhatə etsə də, utancaqlıq bəxş edən əlamətlərlə dolu bir həyatı da yaşamalı olmuşdur. Ona görə də Avstriya və ayrıca avstriyalıların tarixinə səyahət maraq kəsb etdiyindən, nəzərə çarpan cəhətlərə, yəqin ki, oxucular da müəyyən həvəslə yanaşacaq, onun əhvalatlarına qiymət vermək təsadüfünə heç də laqeyd qalmayacaqlar.
Kursalon. İohann Ştraus və Motsart konserti
Biz Vyanada 2022-ci ilin Milad bayramı günlərində olduq. Vaxtilə mən Parisdə, bir az əvvəl isə Praqada Milad bayramı vaxtı olmuşdum. Paris Miladı qeyd edəndə öz gözəlliyini, bəlkə də, dəfələrlə artırmışdı. Yelisey çölü avenyüsündə ağaclar kiçik lampalarla elə bəzənmişdi ki, Afrikada gördüyüm flogiston ağacını yada salırdı, onların çiçəkləri od saçır, işıq verir. Burada maşınla gedəndə Lido gecə klubunun yaxınlığında küçənin yuxarısından asılmış güzgü parçalarından olan şarlar fırlandıqca projektorlardan düşən işıq, güzgüdən bərq vurur, ətraf binaları, yolun döşəməsini gur işıq hissələrinin burulğanına çevirirdi. Hərəkət etdikcə bu qəribə mənzərəli mağaranın, tunelin qurtarmasını arzu edirsən, çünki işıq seli fantastik, sənə məlum olmayan bir sehrli mənzərə yaradır. Parisin binaları gül-çiçəklərlə, illüminasiya ilə elə bəzədilmişdi ki, toy üçün özünə hər cür yaraşıq vermiş gəlinə bənzəyirdi. Buradakı Milad bayramı günləri, bahalı şampan şərabının yaratdığı sevinc və şadlıq hisslərinin coşğunluğunu yada salırdı.
Praqanın da bayram libası Parislə müqayisə olunmasa da, nisbətən kasıblıq təsiri bağışlasa da, şəhərin simvolu sayılan Karlov Mosta yaxın olan küçələri, meydanları işıqla, elektrik lampaları ilə yaxşı bəzədilmişdi. Bir kiçik meydanda iki hündür, ingilislərin Christmass tree (Mövlud ağacı), rusların yolka adlandırdıqları ağac oyuncaqlarla və kiçik lampalarla bəzdilmiş bir libasa qərq olmuşdu, onların zirvəsində beş guşəli ulduz parlayırdı. Küçələr qarlı, həm də onun əriməsindən əmələ gələn lehməli olmasına baxmayaraq, güclü insan axını ilə dolmuşdu, adamların çoxluğundan piyada hərəkətdə ilk dəfə tıxaclarla rastlaşmalı olmuşduq. Soyuq, şaxtalı havaya baxmayaraq, axşamlar şəhər sakinləri və turistlər sayı xeyli çoxalmış açıq kafelərdə, Parisdəkindən fərqli olaraq elektrik sobaları ilə yuxarıdan o qədər də yaxşı qızdırılmayan terraslarda yeyib-içirdilər. Onlardan ətrafa əsl bayram əhval-ruhiyyəsi, şadlıq hissləri yayılırdı.
Etiraf etməliyəm ki, bunların heç birini Vyanada görmədik. Axı Vyana katoliklər ölkəsinin paytaxtıdır, mən orada Parisin şən, parlaq mənzərəsini görəcəyimə ümid bəsləyirdim. Lakin yanıldığım qənaətinə gəldim. Yaşadığımız otelin foyesi istisna olmaqla, şəhərdə bol bəzəkdən əsər-əlamət yox idi, tək-tək gözə dəyənlər Türkmənistanın saksaul ağaclarını yada salırdı, bir-birindən çox aralı idi. Bəlkə də, iqtisadi böhran, pandemiyanın vurduğu maddi zərbə şəhərin bayrama layiqincə hazırlaşmamasına da öz təsirini göstərmişdi. Avstriyalıların praqmatizmini də yaddan çıxarmaq olmazdı.
Ancaq inanmaq olmurdu ki, qədim katolik şəhəri olan Vyana müqəddəs bayram sayılan bu Allah oğlunun - xristianların sitayiş etdiyi Üçlüyün biri olan, bizim eranın I əsrinin başlanğıcında meydana gələn və onun adı ilə adlanmış dinin banisi İisus Xristosun anadan olduğu günün qeyd edilməsinə belə laqeydliklə yanaşırlar. Axı Müqəddəs Roma imperatorları olan Habsburqlar Romada papa tərəfindən taclanmalarını böyük şərəf hesab edirdilər. Bu tədbir əsasən Vatikanda, Müqəddəs Pyotr kilsəsində (Basilica de San Pedro-da) keçirilirdi. Möhtəşəm məbəd Renessans dahiləri tərəfindən inşa edilməklə, həm də İisusun baş apostolu və həmçinin Romanın ilk yepiskopu (papası) sayılan Müqəddəs Pyotrun adını daşıyır. Yəqin ki, Vyananın qonağı olan digər katoliklər bayrama belə məhəl qoyulmamasını heç cür anlamazdılar, bir halda ki, bu, hətta İslam dininə sitayiş edənlərin də təəccübünə və təəssüf hissinə səbəb olmuşdu.
Başqa bir izahı güzəşt xatirinə, qəribə də olsa, yəqin ki, tapmaq olardı. Vyana öz gözəlliyi ilə, möhtəşəm sarayları, əzəmətli binaları, fəvvarələri və cazibədar heykəlləri ilə öyünə bilər. Yəqin ki, şəhər tarixin yadigarı olan bu gözəlliklərin kifayət olduğunu hesab etdiyindən, əlavə bəzək-düzəyə vaxt və vəsait sərf etməyi lazımsız sayır. Axı gözəl xanımlar da təbiətin ona bəxş etdikləri ilə daha çox öyündüklərindən daş-qaşa, sifətin makiyajına o qədər də əhəmiyyət vermirlər. Lakin yüksək zövqdən xəbər verən azacıq süni gözəllik əlavələri də təbii olanları tamamlamağa, gözə çarpdırmağa kömək edir. Vyana meriyasının isə hakim Xristian dininin yaradıcısının doğum gününü (Miladı) təmtəraqsız keçirmək qərarına heç də haqq qazandırmaq mümkün deyildir. Ancaq bir cəhəti də etiraf etmək vacibdir ki, Vyananın küçələrini dolaşdıqca, tarixin iyini hiss edirsən.
Xristianlar, xüsusən katoliklər üçün Milad günü müqəddəs bayram hesab olunur, hamı ona xüsusilə hazırlaşır, hədiyyələr daşqını baş verir. Bayram, hər bir şəhər üçün zahiri əlamətini özünü bəzəməkdə, adi günlərdən fərqli olan libasa bürünməkdə ifadə edir. Daxili əlamət isə kütləvi şənlik, şadlıq əhval-ruhiyyəsidir. Bu iki əlamət birlikdə bayramı doğrudan da ilin çox fərqlənən bir dövrünə çevirir. Nədənsə, Vyana bu həqiqətləri ötən ilin Milad bayramında lazımınca nəzərə almamışdı.
Lakin Vyana sadə bir şəhər, ya paytaxt deyildir. O, yaşı əsrlərlə ölçülən qədim şəhər olsa da, öz cavanlığını, şux gəncliyə xas olan xüsusiyyətlərini qoruyub saxlayır. Dunayın layla dediyi, ona həsr olunan valsda ruhən incəliklə fırlanan şəhər öz möhtəşəmliyi ilə adamda onsuz da bayram əhval-ruhiyyəsi yaradır və biz də onu məhz belə hisslərlə tərk etdik.
SON
12 iyul 2023-cü il