İsveç Kralı XVI Karl Qustaf Stokholm Filarmoniyasında tibb, fizika, kimya, ədəbiyyat və iqtisadiyyat üzrə Nobel mükafatlarını təqdim edib.
525.az xəbər verir ki, 10 laureata monarx tərəfindən diplom və qızıl medallar təqdim edilib.
Mərasimi giriş sözü ilə açan Nobel Fondunun İdarə Heyətinin sədri Astrid Söderberq Viddinq qeyd edib ki, azad fundamental tədqiqatlar vasitəsilə elm insan biliklərinin sərhədlərini genişləndirir, gözlənilməz gələcək hadisələrə hazırlığı təmin edir. O, vurğulayıb ki, “bu axşam mükafatlandırılan laureatlar elmin və ədəbiyyatın qüdrətindən xəbər verir”. "Onlar bizə göstərir ki, təkcə və birlikdə dünyanı dəyişə bilərik", - Viddinq deyib.
Söderberq Viddinq mükafatın yaradıcısını da xatırladıb: "O, dünyanı bəşəriyyətin rifahı naminə dəyişdirmək üçün elmin, ədəbiyyatın və sülh fəaliyyətinin bənzərsiz gücünə inanırdı. Bütün bunlarda beynəlxalq əməkdaşlıq və biliyə hörmət əsasdır".
Nobel Komitəsi sədrinin açılış nitqindən sonra 2023-cü il laureatları ənənəvi olaraq tər çiçəklərlə bəzədilmiş səhnəyə çıxaraq qızıl medallarını və fərdi diplomlarını qəbul ediblər.