525.Az

TDUBAB işçi qrupunun ilk iclası gələn il Kazanda keçiriləcək


 

TDUBAB işçi qrupunun ilk iclası gələn il Kazanda keçiriləcək<b style="color:red"></b>

Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Tatarıstan Respublikasının (Rusiya Federasiyası) Elmlər Akademiyasının prezidenti, akademik Rifkat Minnixanov ilə görüşüb.

525.az xəbər verir ki, onlayn rejimdə keçirilən görüşdə iki qurum arasında humanitar sahədə mümkün əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər qarşılıqlı faydalı tərəfdaşlıq çərçivəsində birgə elmi layihə və tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə Türk Dünyası Milli Akademiyalar Birliyi (TDUBAB) tərəfindən 2024-cü ilin may ayında Kazanda keçiriləcək Baş Assambleya toplantısının təşkili məsələsi də müzakirə olunub.

Rifkat Minnihanov görüş təklifinin Beynəlxalq Türk Akademiyası tərəfindən qəbul edilməsinə görə minnətdarlığını bildirib və elmi əməkdaşlığın daha da genişləndirilməsinin tərəfdarı olduğunu bildirib.

Akademik Şahin Mustafayev Rifkat Minnihanovu Tatarıstan Respublikasının Elmlər Akademiyasının prezidenti seçilməsi münasibətilə təbrik edib. O, rəhbərlik etdiyi Akademiyanın fəaliyyəti haqqında ətraflı məlumat verib, Türk dünyasının elmi əlaqələrinin artırılmasında Tatarıstan Elmlər Akademiyasının böyük potensialının olduğunu vurğulayıb.

Görüşün sonunda tərəflər TDUBAB işçi qrupunun ilkin iclasının gələn il Kazanda keçirilməsi barədə razılığa gəliblər.

 





11.12.2023    çap et  çap et