Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 7 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 14 iddiaçıya diplom və attestatlar təqdim edilib.
Bu barədə 525.az-a AAK-dan məlumat verilib.
Bildirilib ki, biologiya elmləri, texnika elmləri, tarix, hüquq elmləri və filologiya elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 10 iddiaçıya elmlər doktoru diplomları təqdim olunub.
Texnika elmləri sahəsində “Qida məhsullarının texnologiyası”, hüquq elmləri sahəsində “Konstitusiya hüququ; bələdiyyə hüququ”, sənətşünaslıq sahəsində “Musiqi sənəti” və fəlsəfə sahəsində “Fəlsəfə tarixi” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.
Elmi dərəcə iddiaçılarına elmlər doktoru elmi dərəcəsinin, elmi ad iddiaçılarına professor elmi adının verilməsi və xarici ölkədə verilmiş elmi dərəcə barədə sənədin təkrar attestasiya əsasında tanınması məsələlərinə baxılıb.
Komissiyanın nəzdində fəaliyyət göstərən dissertasiya şuralarının tərkibində dəyişikliklər edilib və müxtəlif elm sahələri üzrə dissertasiya şuraları yaradılıb.
Elmi müəssisələrin (təşkilatların) akkreditasiyasının keçirilməsi məqsədilə yaradılan ekspert şuralarının tərkibinin təsdiq edilməsi məsələsinə baxılıb.
Elmi dərəcə və elmi ad verilməsi üçün elmi məqalələrin Azərbaycan Respublikasında dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına yeni nəşrlər daxil edilib.
Sevinc Qarayeva