525.Az

Azərbaycanın daha bir qələbəsi 


 

BAKI COP29-a EV SAHİBLİYİ EDƏCƏK

Azərbaycanın daha bir qələbəsi <b style="color:red"></b>

Dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. Dünən isə Dubayda (BƏƏ) COP29 konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar rəsmən elan edilib.

Qeyd edək ki, COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı - COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir.

Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.

Sonuncu COP28 cari il Dubayda keçirilib. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Sözügedən tədbirdə ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürmüşdülər. 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bolqarıstan da bundan sonra öz namizədliyini geri çəkdi və nəticədə Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyən edib.

Əlbəttə ki, bu qərarın qəbulu beynəlxalq müstəvidə Azərbaycan dövlətinin növbəti qələbəsidir. Azərbaycan indiyədək ölkəmizdə keçirilən bir sıra beynəlxalq əhəmiyyətli, qlobal xarakterli tədbirlərə uğurla ev sahibliyi edib. Yüksək inkişaf göstəricilərinə nail olan Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik olması və təhlükəsizlik baxımından sabit ölkə olması bütün dünya ictimaiyyətinə məlumdur.

Eyni zamanda Bakının təşəbbüsü ilə dünya üçün aktuallıq kəsb edən bir sıra məsələlər müxtəlif dövlətlərin rəsmilərinin, tanınmış siyasətçilərin, ekspertlərin iştirakı ilə məhz paytaxtımızda müzakirəyə çıxarılıb.

Ölkə Prezidenti tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olub. Vətən müharibəsində qazandığımız şanlı zəfər ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb. Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır. Azərbaycan son 4 il ərzində BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik edib və növbəti sədrliklərə uğurlu miras buraxıb.

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Respublikası Prezidentinin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübut etdi. Dövlət başçısı bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaqdır.

2023-cü il Azərbaycanın öz suverenliyini tam bərpa etməsi ilə tariximizə qızıl hərflərlə yazıldı. Bu möhtəşəm ili növbəti qələbə ilə yekunlaşdırırıq.

Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilmişdir ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir.

Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib. Bütövlükdə, Şərqi Zəngəzur və Qarabağın 10 min meqavat yaşıl enerji potensialı var. Buraya həm Günəş, həm külək, həm də su elektrik stansiyaları aiddir. O cümlədən Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur və bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilir. Eyni zamanda, ilkin araşdırmalara əsasən, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olması müəyyən edilib. Postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərin "yaşıl enerji" potensialından səmərəli şəkildə istifadə olunması üçün konkret layihələr hazırlanaraq həyata keçirilməsinə başlanıb. Hazırda Cəbrayıl rayonu ərazisində Araz çayı üzərində 140 MVt gücündə "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi və istismarı üzrə işlər davam etdirilir.

"Yaşıl enerji" zonasının yaradılması ilə bağlı 2022-2026-cı illəri əhatə edən tədbirlər təkcə bərpaolunan enerjinin inkişafı ilə məhdudlaşmır, enerji keçidinin bütün komponentləri üzrə fəaliyyəti də əhatə edir. Bu çərçivədə azad olunan ərazilərdə ümumi gücü 636 KVt olan Arximed qurğusu, 200-dən çox fərdi yaşayış evində günəş kollektoru, 170-dən çox evdə günəş paneli, ictimai və sosial binalarda ümumi gücü 800 kVt-dan çox olan günəş enerjisi sistemləri, 2300-ə yaxın LED lampalarla təchiz olunmuş və günəş enerjisi əsaslı, enerji səmərəli işıq dirəkləri, "ağıllı" dayancaqlar, elektrik doldurma məntəqələri quraşdırılıb. Ümumiyyətlə, ölkəmizdə təmiz ekoloji mühitin yaradılması üçün ardıcıl işlər görülür. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" strategiyasında istilik effekti yaradan qaz emissiyalarının azaldılması məsələsi xüsusi qeyd olunub.

Azad edimiş ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi hədəfi də qeyd edilən məqsədə xidmət edir.

 

 

 





12.12.2023    çap et  çap et