525.Az

Dan üzünün duası - Məti Osmanoğlu yazır


 

Dan üzünün duası - <b style="color:red"> Məti Osmanoğlu yazır</b>

Əbülfət Mədətoğlu ilə təqaüdə çıxmaq yaşımızın - 65 illiyimizin bizi təxminən eyni vaxtda haqlaması onun yaradıcılığı haqqında söz demək, ona yubiley təbriki yazmaq səlahiyyətinə və məsuliyyətinə məni də ortaq eləyir. Biz dünyaya da, ədəbiyyata da - bir az aşağı, bir az yuxarı - eyni vaxtda gəlmişik və sözün dünyası haqqında düşüncələrimizin ortaq dayaqları, bağları çoxdur. Elə ortaq olmayan məqamları da bir-birimizlə bölüşməyimiz çətin deyil: sözə münasibətdə düşüncələrimizdəki fərqlərin nə olduğunu, nədən gəldiyini bilirik...

Əbülfət Mədətoğlunun imzası ilə oxucuların ilk ciddi tanışlığı 1980-ci illərdə olub. Onun bir şair kimi sözə yanaşması, sözdən şeir yaratmaq istəyi və bacarığı, yaratdığı şeirlərin bədii dünyası o illərin ədəbi iqliminin içində yoğrulub-yapılıb və o illərin ədəbi ənənəsi, aparıcı təmayülü ilə qırılmaz şəkildə bağlıdır.

Əbülfətin yaşı irəlilədikcə, təcrübəsi artdıqca baxışlar hədəfi uzaqda axtarsa, gözlər uzağa dikilsə, üfüqlər dərinləşib genişlənsə də, onun yaradıcılığının ilkin başlanğıc dayağı yerini dəyişmədi. Ən əsası da üstündən zamanın sərt yelləri əsən, fırtınalar, tufanlar görən bu başlanğıc öz ilkinliyini və təravətini saxladı...

Baxdım, ölçdüm, düşündüm

Gözüm yolda bozardı.

Mən həsrətdən üşəndim

Yanaqları qızardı -

kədərin!

 

Bu sevginin hər anı

Məni aldı qoynuna.

Yerdə qoyma bu qanı

Sən onu yıx boynuna -

kədərin...

Əbülfət Mədətoğlu bədii sözün qapısını döyəndə, ədəbiyyata "mən gəlirəm" deyəndə şeirin baş qəhrəmanı kədər olsa da, şairlərin gözündə dünya daha işıqlı idi və şeir insana da, dünyaya da işıq tərəfindən, ağ yanından baxmağa üstünlük verirdi. Kədərlə üz-üzə dayanan şeir nikbinlik axtarışında idi və həmin illərdə ədəbiyyata gələn ədəbi nəslin yaradıcılığı estetik başlanğıcını və gücünü işıqdan alırdı. Bu gün o zamanın şeirindəki işığı, sabaha ümidi görməmək və qiymətləndirməmək həmin dövrün poetik dünyasını görməmək demək olardı. O dövrün gəncliyinin yaradıcılığına daha çox təsiri olan Əli Kərimin dünya ilə vida yazısının - "Vəsiyyət" şeirinin də son misraları şeiri işığa əmanət etmişdi. Şair övladlarına da, oxucularına da, ədəbiyyata özündən sonra gələn şairlər nəslinə də öz təbəssümünün işığını yadigar qoyub getmişdi:

Asın təbəssümümü

              divar lampası kimi

              başı üstdən

üç canımın,

        üç

          igid oğlanımın,

              Paşamın,

                     Azərimin,

                              Orxanımın...

Əbülfət Mədətoğlunun 1988-ci ildə nəşr etdirdiyi ilk şeirlər kitabının, "Səməni nəğməsi"nin adı da oxucuya işıq vəd edirdi. Şairin özünü ədəbi ictimaiyyətə təbiətin dan üzünün - baharın rəmzinin adı və obrazı ilə təqdim etməsini onun yaradıcılığının mayasını, xəmirini müəyyənləşdirmək baxımından təsadüf saymaq doğru olmazdı.

Onun (və təmsil elədiyi şairlər nəslinin) yaradıcılığında işığın, ümidin leytmotiv təşkil etməsi ədəbiyyata sonradan gələn nəslin yaradıcılığı ilə müqayisədə daha qabarıq və parlaq görünür: bugünkü yeni və ən yeni poeziyamızın aparıcı motivi qaranlıq və qeyri-müəyyənlikdir. İndi şeir daha çox cavabı olmayan suallar qoyur və itdiyi qaranlığın içində ölümə, intihara, həyatın mənasızlığına tapınır. Əlbəttə, bu, toplum psixologiyası və sosiologiya baxımından arzuolunmaz təmayüldür və bunun arxasındakı ciddi ictimai səbəbləri görməzdən gəlmək olmaz. Sənət baxımından isə hər şairin yaradıcılığına fərdi yanaşmağa, hərəni istedadının səviyyəsinə və ədəbi prosesdəki yerinə görə qiymətləndirməyə ehtiyac var. Qaranlıqdan səslənən, çarəsizlik, ümidsizlik ifadə edən şairlərin istedadlıları və istedadsızları var. Onların yaratdıqları şeirlərin güclüsü və gücsüzü, orijinalı və bayağısı, yaxşısı və pisi var. Ancaq heç şübhəsiz ki, şeirimizin qaranlıq bolluğunda və qatılığında da "pessimist nəsil" modasından gələn israfçılıq öz işini görməkdədir. Yeni şeirin də "bədbəxtlik" sözünə qafiyə axtaran öz Moşuları var...

Tarixin tərsliyindən Əbülfət Mədətoğlunun ilk kitabı - "Səməni nəğməsi" nəşr olunan ildən etibarən ölkəmizin üzərində nikbin nəğmələrin deyil, sərt harayların kabusu dolaşmağa başladı və həmin qara kabus milli taleyimizi çulğaladı, tariximizin üstünə qatı bir qaranlıq çökdü. Əbülfət Mədətoğlunun işi isə lap nəhs gətirdi. Anadan olduğu Tuğ kəndi, Qarabağ torpağı milli psixologiyamızın tarix boyu ən güclü sarsıntısının episentrinə düşdü. Böyük güclərin məkrli oyununa çəkilən və bu oyuna həvəslə girən millətlər arasında ədavət getdikcə qızışdı, qatı qaranlıqlara qızıl qanlar töküldü, qaçqınlıq, didərginlik, Əbülfət Mədətoğlunun öz sözü ilə desək, "Vətəndə vətənsizlik" başladı. Otuz ildən uzun sürən bir müddətdə məğlubiyyət acısı ilə sarsıntı içində yaşamağa məhkum edildik. Həyat bədii əsərdən daha dramatik və daha faciəli oldu...

Bu qarışıq tarix içində sözünü inadla deyən və eşitdirməyə çalışan şairlərdən biri Əbülfət Mədətoğludur. O, publisistik yazılarında israrla "torpaqlarımız yalnız hərbi yolla azad edilə bilər!" qənaətindən çıxış etsə də, şeirin sehrinə inamını heç itirmədi. Əbülfətin və Qarabağdan yazan şairlərimizin xidməti onda oldu ki, onlar insanlarımızın içindəki Qarabağı, bədii ədəbiyyatın yaratdığı Vətən obrazını işğal olunmağa qoymadılar. Qaranlıq işğal illərində yurdun, torpağın taleyinə həsr olunan şeirlərin də fərqləndirici tərəfi oxucuya ümid, işıq aşılamasıdır:

Havalanmış ruhum şimşək

Bəsdi, mənə sən az şum çək!

Əbülfəti bir bayraq tək

Taxdım dağlara, dağlara...

Doğma yurd xiffəti, uşaqlıq xatirələrinə qayıdış, zamanı geri döndərmək istəyi dünyanın düz vaxtında da şeiri müşayiət edib və edir. Bu, təbii bir yaddaş hadisəsidir: gözünü açanda gördüyü dünyanın xiffətini hamı yaşayır. Şairlər isə "günahı öz boyunlarına çəkir", bu xiffətə şeir donu geyindirib, onun təsirini daha da artırırlar. Ən yeni tariximizin Qarabağ xiffətini isə təbiətin və yaddaşın qanunu ilə izah etmək, anlatmaq mümkünsüzdür. Azərbaycan öz müstəqilliyinin qürurunu yaşamağa macal tapmamış yaddaşımız sevər yerindən yaralandı və Qarabağ xiffətinə həsr olunmuş yazılara bu yaradan sızan qan hopdu...

Bu mürəkkəb ictimai psixilogiyanın içində işıqlı şeir yazmaq və ya axtarmaq məntiqdənkənar, paradoksal görünə bilər. Ancaq bu da bir həqiqətdir ki, bədii sözün adi nitqdən başlıca fərqləndirici keyfiyyətlərindən biri məhz onun paradoksallığı, məntiqin fövqündə olmağıdır.

Əbülfət Mədətoğlunun 2019-cu ilin ilk günündə yazdığı bir şeiri var: "60 yaşın ilk şeiri". Əslində, həmin günün dərinliyində bir bayram havasının əsintisi də gözlənilə bilərdi: Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, Yeni il, bir də yanvarın 1-də anadan olmuş şairin doğum günü. Ancaq əlini üzünə dayamış şairin iç dünyasının dərinliyində başqa bir əsinti dolaşır və bunu kiminsə kənardan görməsi imkansızdır:

İndi

əlim çənədə,

gözlərim pəncərədə,

xəyalım uzaqlarda...

səhərdən

çıxıb getmişəm

bu şəhərdən...

Tuğdayam,

qurşağa qədər

qarın içində -

dağdayam...

Şeirin mətni incə bir tabu, "adıdeyilməz" üzərində qurulub: burada nə düşmən əsirliyində qalan Tuğun, nə Qarabağın, nə də Azərbaycanın digər ərazilərinin işğal altında olması ilə bağlı hər hansı bir eyham və işarə var. Sadəcə, şeirin lirik qəhrəmanının (bu ədəbiyyatşünaslıq termininin burada nə dərəcədə yerinə düşdüyünü bilmirəm) xəyalı doğulduğu torpaqda, Tuğda dolaşmaqdadır. O, əhatəsində olduğu hər kəsdən, hər şeydən qopub ayrılmaq, "dörd divardan ibarət dibçəkdə yaşamaq mövcudluğundan" qurtulmaq, bir zamanlar Tuğda qarı xışmaladığı kimi indi də zamanı xışmalayıb, ovcunun içində saxlamaq, qayalardan sallaşan buz sırsırası arasında yer tutmaq, uzaqlarda, xatirələrdə qalmış, düşmən gülləsi ilə yaralanmamış, paralanmamış, parçalanmamış ilkinliyə qovuşmaq istəyir. Onun üçün yaşamaq - Tuğda qurşağa qədər qarın içində buz bağlayıb daş olmaqdır.

Amma

bir Allah görür

bir də sən

harda olduğumu

bu qarın içində

hıçqırıqlara boğulduğumu...

Yaşın, ömrün qürbəti ilə torpağın və yaddaşın qürbəti bir-birinə tən gələndə isə insanın içindəki uçurum dərinləşir. Uçurumun o biri qaşından adını dilinə gətirə bilmədiyin məlul-məyus, boynubükük segvi boylanır. Uzaq illərin və xatirələrin bu sahilində bayram süfrəsi başında yanlarında oturduğun ən yaxın, ən doğma insanların belə sənin haralara getdiyindən xəbəri olmur.

İndi əl çənədə

göz pəncərədə

ad günümdə

süfrə başında

oturub

geri qayıtmağımı

gözləyir

sakitcə uşaqlarım

hələ də...

Burada "geri qayıtmaq" frazasının iki mənada yozulması və qavranılması mümkündür. Bir - şairin daldığı və heç kimin görmədiyi həsrət dünyasından, xatirələr aləmindən geri qayıtmaq, bir də tərk etdiyimiz torpağa, xəyalın dolaşdığı yurda geri qayıtmaq...

Və biz qayıtdıq...

Geri qayıtmadıq. İtirdiyimiz torpaqları əsirlikdən xilas eləyib, irəli, tariximizin yeni və şərəfli başlanğıcına döndük.

Uzun sürən və bizim nəslin payına düşən ayrılıqdan sonra sözümüz Müzəffər Ordusu zəfər çalmış qalib dövlətin və millətin səsi kimi yüksəlməyə və eşidilməyə başladı.

Bizi bu şanlı tarixə qovuşduran, müqəddəs xatirəsi bizə daim əziz olan şəhidlərimizi ən təntənəli yığıncaqlarımızda bir qədiqəlik sükutla yad etmək isə yazılmamış qanunumuza çevrildi.

"Bir dəqiqləlik sükut"u əbədiləşdirən şairlərdən biri Əbülfət Mədətoğludur və bu şeir də dan üzünün duası kimi işıqla doludur.

Tətikdəki barmağı

Ürəyimlə öpəcəm!

Şəhid qanlı torpağı

Gözlərimə təpəcəm!

 

Son hücumun nidasını

Bayrağıma tən tutub...

Hayqıracam sədasını:

- Döyüşü vətən udub!

...Bu yazını Əbülfət Mədətoğlunun 60 illiyi münasibətilə yazmağı nəzərdə tutmuşdum və bu barədə özünə də "informasiya sızdırmışdım".

Beş ildən sonra yazmalı oldum. "Hər işdə bir xeyir var" deyiblər. Bu yazı beş il bundan əvvəl yazılmış olsaydı, yəqin ki, təsəlli ilə bitirməli olacaq və təsəlli üçün söz tapmaqda çətinlik çəkəcəkdim...

İndi isə 65 yaşını döyüşdən qalib çıxmış Vətəndə qarşılayan şairə var səsimlə gözaydınlığı verirəm!

 





12.12.2023    çap et  çap et