525.Az

Ekologiyaya mühüm töhfə: zubrlar Azərbaycan təbiətinə qaytarılır


 

Ekologiyaya mühüm töhfə: zubrlar Azərbaycan təbiətinə qaytarılır<b style="color:red"></b>

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən, zubrların reintroduksiyası ilə bağlı layihə çərçivəsində noyabrın 24-də Azərbaycana Almaniyadan daha 10 zubr gətirilib. Yeni gətirilən zubrlar bir müddət volyer şəraitində saxlanacaq, adaptasiya dövrünü keçdikdən sonra Şahdağ Milli Parkının ərazisinə buraxılacaq.

Qeyd edək ki, 2012-ci ilin sonlarından etibarən zubrların ölkəmizin vəhşi təbiətinə reintroduksiya edilməsi istiqamətində IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan ofisi tərəfindən intensiv iş aparılır. IDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanan Əməkdaşlıq Sazişinə əsasən, nəsli kəsilmiş zubrların bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması, digər növ vəhşi heyvanların elmi məqsədlərlə artırılması üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsində 305 hektar sahə ayrılıb, ərazidə zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib.

Zubrların Azərbaycanın təbiətinə qaytarılması üzrə sözügedən layihəyə 2019-cu ildə start verilib. 2019-cu ilin may ayından etibarən Almaniya, Belçika, Niderlanddan Azərbaycana zubrlar gətirilir. Belə ki, 2019-cu ildə 12 baş, 2020-ci ildə 5 baş, 2021-ci ildə 9 baş, 2022-ci ildə isə 10 baş zubr ölkə ərazisinə gətirilib. Təbii artımla birlikdə hazırda Şahdağ Milli Parkının ərazisində zubrların sayı 61-ə çatıb.

Layihənin 2028-ci ilə qədər davam etdirilməsi və zubrların sayının 100 başa çatdırılması nəzərdə tutulur.

Zubrlar vaxtilə Avrasiyada çox geniş arealda yayılsa da, ötən əsrin əvvəllərində vəhşi təbiətdə nəsli, demək olar ki, kəsilmişdi. Qafqaz dağlarında sonuncu zubr 1927-ci ildə öldürülüb. Hazırda dünyada mövcud olan zubrların böyük əksəriyyəti zooparklarda artırılıb və bu yolla növün bərpasına yönəlmiş səylər davam edir.

Zubrların Azərbaycanda biomüxtəlifliyinin daha da zənginləşdirilməsi və meşə ekosistemlərinin inkişafında potensial rolunu nəzərə alaraq, layihənin təşkilatçıları Azərbaycanın şimal bölgələrində yaşayan əhalini və ümumiyyətlə bütöv ölkə ictimaiyyətini Qafqaz zubrlarının təbiətimizə qaytarılması, onların mühafizəsi və qanunsuz ovlanmasının qarşısının alınması işində dəstək olmağa çağırır.

Ən böyük əraziyə malik olan Böyük Qafqazın Şahdağ Milli Parkını əhatə edən hissəsi bioloji müxtəlifliyi, flora və faunanın zənginliyi baxımından Azərbaycan ilə yanaşı, bütün Qafqaz üçün böyük əhəmiyyət kəsb edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Şahdağ Milli Parkının İsmayıllı bölməsi isə füsunkar təbiəti, dağ meşəsi, alp çəmənlikləri növ tərkibinə görə çox zəngindir. Milli Parkın İsmayıllı bölməsinin landşaftı dağ çəmənlikləri, alp çəmənlikləri, qayalıqlar və buzlaqlardan ibarətdir. Çəmənliklərin bitki aləmi dağlıq torf, dağlıq çəmən və dağlıq çöl-çəmən torpaqları ilə formalaşır. 3400-3800 metr arasında alp zonanın açıq assosiasiyaları mövcuddur. Burada çiçəkli bitkidən başqa, həmçinin, mamırlar və şibyələr rast gəlinir. Alp çəmənləri əsasən orta-sıldırımlı yamaclarda və yarım səhra bitkiləri ilə səciyyələnir. 3600 metrdən yuxarı ərazilərdə qayalar və daşlıqlar üstünlük təşkil edir. Burada meşə və dağ ekosistemləri, relikt və endemik bitki, heyvan növləri təbii halda qorunub saxlanılır. Bölmənin çox böyük ərazini əhatə etməsi səbəbindən burada həm təmiz, həm də qarışıq meşələrə rast gəlinir. Meşələrdə qarışıq halda göyrüş, qaraçöhrə, ağcaqayın, söyüd, qoz, gilas, alma, armud kimi ağaclar, dəmirqara, əzgil, yemişan, böyürtkən, itburnu, zirinc kimi kol bitkiləri yayılıb.

Nazirlikdən qeyd olunub ki, bioloji növ müxtəlifliyinin rəngarənliyi, yəni fauna və florası, ərazisində fərqli ekosistemlərinin bir-birini əvəz etməsi, əzəmətli dağ zirvələrinin cəlbediciliyindən əlavə, milli parkın İsmayıllı bölməsinə 2019-cu ilin may ayından vaxtilə Qafqazda mövcud olan və sonuncu fərdi 1927-ci ildə brokonyerlər tərəfindən məhv edilən zubr növü gətirilib. Onların sayı artır. Son 4 zubr balası isə bu ilin iyununda doğulub. Hazırda zubrların sayında artım müşahidə olunaraq ümumi sayı 45 başa çatıb

Nazirlikdən bildirilib ki, ölkəyə gətirilən zubrların daim nəzarətdə saxlanılması üçün boyunlarına GPS xaltalar taxılır. Zubrlar sözügedən ərazidə 2 il müddətində adaptasiya keçdikdən sonra hərəkət trayektoriyalarının izlənilməsi və sonrakı mərhələdə həyat tərzləri haqqında məlumatların toplanılması məqsədilə boyunlarına GPS cihazları quraşdırılmış boyunbağılarla vəhşi təbiətə buraxılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyinin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev deyir ki, Azərbaycana gətirilən zubrlar yerli mühitə, öncə gətirilən zubrların genetikasına uyğun olaraq xüsusi seçilir: "Zubrlar Azərbaycan mühitinə, öncə gətirilən zubrların genetikasına uyğun olaraq xüsusi seçilir və öncə Şahdağ Milli Parkının ərazisinə gətirilir, orada saxlanılır, sonradan sərbəst olaraq təbiətə buraxılır. Azərbaycanda zubrların nəsli kəsilmişdi. Bunun bərpası üçün bizim uzun müddətdir ki, xüsüsi proqramımız var və bu istiqamətdə işlər davam etdirilir".

Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov deyir ki, 2028-ci ilə kimi ümumilikdə, 100 baş zubrun Azərbaycana gətirilməsi planlaşdırılır: "Alimlər hesab edir ki, onlar 500 baş olduqda, populyasiyası dayanıqlı olacaq və məhv olma təhlükəsi azalacaq. Bu heyvanlar Belarusda, Polşada, Amerikada və s. yerdə də yaşayır. Ancaq onlar bizə yad olduğu üçün yalnız Qafqaza xas olan genləri daşıyan heyvanları axtarıb tapırıq. Ölkəyə gətirilən zubrun hər biri Qafqaz geninin daşıyıcısıdır. Azərbaycana köçürülən zubrlar yerli şəraitə adaptasiya oluna bilirlər və ölkəmizdə olduqları 5-6 ay ərzində burada sağlam şəkildə yaşaya bilirlər".

Onun dediyinə görə, Şimali Qafqazda sonuncu zubr XX əsrin əvvəllərində öldürülüb, Cənubi Qafqazda isə onların nəsli daha əvvəl kəsilib: "Qafqazda tarixən zubrlar olub, onların əcdadları burada yaşayıblar. Bu gün biz artıq deyə bilərik ki, Qafqaz zubru Azərbaycan təbiətinə qaytarılıb. Zubrların ölkəmizə gətirilməsi təbii irsimizin bərpasının elementidir. İndiki nəsil üçün zubr görünməmiş, naməlum və yeni heyvandır. Hətta bu gün dilimizdə zubru adlandırmaq üçün öz sözümüz yoxdur. Bax, buna görə çoxsaylı insanlar yanımıza gəlir. Zubrlara tamaşa etmək və layihəmizin necə inkişaf etdiyini görmək onlar üçün çox maraqlıdır. Cənubi Qafqazda zubrların populyasiyasını ilk dəfə hələ ötən əsrin 60-cı illərində bərpa etmək cəhdi göstərilib. Lakin bu cəhd uğursuzluqla nəticələnib, müasir şərait yüz il əvvəlkindən fərqli olduğuna görə heyvanlar nəsil verməmiş tələf olub. Bu gün alimlər təkcə zubrları təbiətə deyil, təbiəti də zubrlara uyğunlaşdırmağa çalışırlar".

Fonddan bildirilib ki, hər il yay aylarında IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Elm və Təhsil Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə "Azərbaycanda zubrların reintroduksiyası" proqramının gənclərin maarifləndirilməsi və inkişafı istiqaməti üzrə "Zubrları təbiətimizə qaytaraq!" adlı ekoloji yay düşərgəsi təşkil olunur. Məktəblilərin qatıldığı yay düşərgəsinin əsas məqsədi reintroduksiya olunmuş zubrlar və onların qorunmasının vacibliyi haqqında gənclərin məlumatlandırılması, onların məktəb yaşlarından ətraf mühit sahəsində maarifləndirilməsi, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasıdır. Düşərgənin ilk günündə məktəblilər zubrların həyat tərzi, ölkəmizdə məskunlaşma tarixi, yayıldığı ərazilər və təbiətdəki rolu, bu nadir canlı növünün təbiətimizə qaytarılması üzrə görülən işlər haqda təqdimatlar təşkil olunur. Zubrların populyasiyasının məhvinə səbəb olan amillərlə bağlı təlimlər, o cümlədən, müxtəlif ekoloji müsabiqələr, biomüxtəlifliklə bağlı əyləncəli bilik yarışmaları keçirilir.

Düşərgənin ikinci günündə iştirakçıların Şahdağ Milli Parkına ekskursiyası təşkil olunur. Burada məktəblilər Milli Parkın zəngin bioloji müxtəlifliyi ilə tanış olub, eyni zamanda, reintroduksiya proqramı çərçivəsində Azərbaycana gətirilən zubrları canlı izləmək şansı əldə edirlər. Məktəblilərə ölkəmizə gətirilərək uğurlu adaptasiya dövrü keçmiş zubrlar, layihənin icra mərhələləri və uğurları haqda məlumatlar verilir. Bununla yanaşı, uşaqlar heyvan izlərinin və bitki növlərinin təyin edilməsi, ərazinin xəritəsinin hazırlanması, meşədə sığınacaq yerlərinin təşkili və təhlükəsizlik qaydaları, ərazinin bitki və heyvan növlərinin təyini üzrə təlimlərdə iştirak edirlər.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva deyib ki, nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması sahəsində layihələr davam etdirilir: "İşğal dövründə bioloji müxtəliflik komponentlərinə ciddi ziyan dəymiş Qarabağ bölgəsində də bu layihələr həyata keçirilir və davamlı şəkildə icrası planlaşdırılır. Azad edilmiş ərazilərdə fauna növlərinin - ceyran, bezoar keçisi, Şərqi Qafqaz turu və nəcib maralın, o cümlədən, balıq və yırtıcı quş növlərinin cari il ərzində öz tarixi areallarına reintroduksiyası nəzərdə tutulub.

Onun dediyinə görə, Şərqi Qafqaz turu fərdlərinin Qarabağ və Şərqi Zəngəzur ərazisində əvvəllər məskunlaşdıqları areallarına qaytarılması üçün hazırlıq işlərinə başlanılıb: "İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyinin birgə fəaliyyəti nəticəsində xüsusilə ceyran, zubr kimi növlərin tarixi məskunlaşma yerlərinə qaytarılması prosesi də uğurla davam edir".

Sevinc QARAYEVA

 





12.12.2023    çap et  çap et