525.Az

Nəyi bölüşmək olmaz?


 

Nəyi bölüşmək olmaz?<b style="color:red"></b>

Laçın. Dekabr. Qədim amfiteatra bənzəyən, sanki pillələrlə buludlara qədər qalxmaq istəyən şəhərin ən yüksək nöqtəsində tikilmiş məktəb pəncərəsindən Günəş içəri boylanıb çətin suala doğru cavab tapmaqçün bir-birinin sözünü kəsən uşaqların gözlərini qamaşdırır...

Azərbaycanda ən məşhur uşaq yazarı, Mürşid İsmayılzadənin kitabını almaq üçün, məntiqli suallara cavab tapmaq lazımdır: “Nəyi bölüşmək olmaz?”

Qonşu masada gülüb-danışaraq, Bakıdan gəlmiş sənətkarların köməyi ilə təbii daşlardan qolbaq, bilərzik, ətirli bayram şamları düzəldən - öz zövqünü, ustalığını göstərmək üçün yarışan anaların - laçınlı xanımların da bu çətin sual diqqətini cəlb edir. Artıq onlar da Mürşid müəllimin canlı söhbətinə qoşulurlar, hərə öz variantını təklif edir. “Torpağı”, “dostu”, “qisməti”...

Yazıçı cavablar arasından yalnız birini seçir: “Afərin!” Hamının gözü qalib əda ilə mərkəzə keçib kitabını alan, sonra da fotokameralara gülümsəyən qızcığaza dikilir: “Sən bilirsən, bizə də de, qızım, nəyi bölüşmək olmazmış, əzizim?” Uzun saçlarını gözündən çəkib gülümsəyir: “Sirri!”

Laçının günəşli şaxtasından məktəbin isti, rahat yeməkxanasında sığınacaq tapanların hamısı əl çalır: “Əhsən!” Doğrudan da, sirri bölüşdünsə, daha onun bir mənası qalmaz...

“Mənsə anamla hazırladığım bu bilərziyi kimsəylə bölüşmərəm, özümüz düzəltmişik axı, həm də gözəl gündən bir xatirə kimi saxlayacam...”
“Bəs əl işini Yeni il yarmarkasına çıxarmayacaqsan?”

Dekabrın 28-də Laçında Yeni ili ilk dəfə qeyd edən sakinlər üçün bayram yarmarkasının qurulacağanı eşidəndən bəri şəhərdə canlanma var.
“Bakıdan o uzaqlıqda yolu niyə əziyyət çəkib Yarmarkamıza nəsə gətirsinlər ki? Özümüzə nə gəlib? Şirniyyat, mürəbbə, tutma hazırlamaqda Laçın xanımlarına çatan olar?..”

“Lazımsa, lap xalça da toxuyaq...”

Bakıdan Laçına elə məxsusi bu məqsədlə gələn “Sariban” Peşə İnkişaf Mərkəzinin sənətkarları söhbəti “havada tutub” xanımları bir az da həvəsləndirirlər: “Əlbəttə! Bu dəfə bəzəklər, ətirli şamlar hazırladıq, gələn həftə toxuma, tikmə dərslərində yığışarıq. Vitraj, suvenirlər – nə istəsəz. Bəlkə də əl işlərində yeni Laçın brendi yaradarıq...”

Birlikdə verilmiş qərardan uşaqların da gözləri parlayır. 31 il doğma torpaqdan ayrı düşmüş, indi gözəl bir şəhərdə yenidən görüşən qonşuların bir-birinə qaynayıb-qarışması üçün çalışan, ilk sakinlərin şəhərə köç etdiyi gündən konsertlər, görüşlər, təqdimatlar keçirən Laçın Abadlıq Xidmətinin növbəti cəhdi baş tutub deyəsən. Axı quruculuq təkcə ev tikməkdən ibarət deyil. Uzun illər ərzində qopmuş mənəvi bağları da bərpa etmək lazımdır... Nəsillər arasında rabitə qurmaq, acı xatirələrdən sızıldayan qəlblərə sevinc bağışlamaq...

Televiziyalarda ən baxımlı intellektual layihələrin suallarını düşünən yazıçı Mürşid İsmayılzadə uşaqların ağıl işlədərək qazanıb boşaltdıqları kitab masasına baxıb gülümsəyir: “Çox dərrakəli, ağıllı, fəaldırlar. Ən çətin suallara da rahat cavab tapdılar, gərək Laçında növbəti intellektual viktorinaya ciddi hazırlaşım...”

Yarış həyəcanından hələ də ayılmayanlara, cavabı sadə olsa da, hər şeyi qazandıran son sualsa belədir: “Sizcə nəyi bölüşmək olar? Ki, bölüşdükcə, nə dəyəri, nə də mənası azalmaz, artar?..”

LALƏ

 





12.12.2023    çap et  çap et