525.Az

Bəşəriyyət üçün bəşəri gerçəklik - Səbinə Xasayeva yazır


 

Bəşəriyyət üçün bəşəri gerçəklik<b style="color:red"> - Səbinə Xasayeva yazır</b>

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışıb. 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifə­sin­də işləyib, ona gene­ral-mayor rütbəsi verilib. Leninqrad (indiki Sankt-Peter­burq) şəhərində xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültə­si­ni bitirib. 1969-cu il iyul ple­nu­mun­da Azərbaycan Kommunist Partiyası Mər­kəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bunlar böyük tarixi şəxsiyyət Heydər Əliyevin sabiq SSRİ hökumətində hansı nüfuza malik olmasının göstəri­ci­lərinin bir hissəsidir.

Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azər­bay­can Respub­li­kası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə so­nuncu yerlərdə idi. Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə sənaye, o cümlədən yüngül sənaye və  kənd təsərrüfatı nəzərəçarpacaq dərəcədə yüksəldi. Azərbaycan SSRİ miq­ya­sın­da yalnız xammal mənbəyi kimi çıxış edərək inkişaf tempinə görə ən geridə qalmış respublika kimi səciyyələndirilirdisə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonun­da ölkəmiz sürətli inkişaf tempinə malik oldu, bütün sahələrdə müntəzəm inkişaf göstəriciləri qeydə alındı.

Heydər Əliyev ən böyük azərbaycanlı kimi həmişə qürurla deyirdi: “Mən həmişə fəxr etmi­şəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu qürur təkcə azərbaycanda deyil, dünya miq­yasında Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin mühafizə edilməsinin, yaşadılmanın cəfakeşi oldu. Onun təşəbbüsləri, təklifləri , rəhbərliyi ilə milli-mənəvi dəyərlərin qorunması isti­qa­mətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri yarandı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, tə­qaüd­lər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellek­tual təbəqəsinin fəaliyyətinin səmərəlilik səviyyəsini daha da artırdı. Bütövlükdə, 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu.

Dil xalqın yaşam sənədidir. Bu baxımdan Ulu Öndər Azərbaycan dilinin saflığı uğrunda neçə-neçə gərəkli sənəd imzalamışdı.

Hələ Azərbaycan KP MK-nın bi­rinci katibi olan­da er­mənilər Dağlıq Qarabağın Ermə­nis­ta­na birləşdiril­mə­si­nə cəhd göstərmişdi, böyük siyasi xadim er­mənilərin bu niyyətini dönməz məntiqi və mübariz qə­tiy­yəti ilə heçə endirmişdi: 1977-ci ildə SSRİ Konstitusiyası, 1978-ci ildə isə Azərbaycan Konstitusiyası qəbul edi­lərkən ermənilər müx­təlif mərkəzi orqanlara müraciət edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini yenidən qaldır­mış­­dı­lar. Hey­dər Əliyev Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnevlə görüşmüş, ermə­ni­lərin bu id­dia­sı­nın yolve­ril­məzliyini qəti həll etmiş­di. On­da azər­baycançılıq ermənilik niyyətinə qalib gəlmişdi...

Azərbaycanda hakimiyyət boşluğu yarananda, separatizm baş qaldıranda, Azərbaycan dövlət­çili­yini itirmək təhlükəsi ilə üzləşəndə xalq təkidlə Ulu Öndəri hakimiyyətə dəvət etdi. Xalqın təkidli çağırışı ilə hakimiyyətə qayıdan böyük tarixi şəxsiyyət milli qarşıdurmanı aradan qaldırdı, Azərbay­ca­nın dövlətçiliyini labüd iflasdan xilas etdi. Qısa müddətdə həyata keçirdiyi böyük islahat­larla ordu qu­­­ru­culuğunun əsasını yaratdı. Ərazi özünümüdafiə taborları buraxıldı, orduda vahid komandanlıq yaradıldı. Ordu nizami ordu kimi formalaşmağa başladı. 1994-cü il yanvarın 6-da Ali Baş Ko­man­da­nın sərkərdəliyi ilə Horadiz əməliyyatı keçirildi. Bu əməliyyat nəticəsində  Füzuli rayonunun 20 kən­di, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olun­ması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azər­baycan­lılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsi Azərbaycan xalqını qurtuluşa aparan yolun başlanğıcı oldu. 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdır­maqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi;

Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin cəhd­lə­ri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbay­can SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Bu­nun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı ki, bu da olduqca mühüm əhəmiyyətə malik idi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanun­ve­ricilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

Ulu Öndər Heydər Əliyev 2001-ci il iyulun 14-də xarici ölkələrin media rəhbərləri ilə görüşündə demişdi: “Mənim həyatımda çox şey olubdur. Ancaq mühüm olanı odur ki, mən bütün bu sınaqlardan, bütün bu çətinliklərdən keçmişəm və yaşayıram. Yəqin ki, hələ çox illər yaşaya­cağam. Belə taleyi olan insan indi çətin ki, tapılsın. Çünki mən 14 il burada işləmişəm, respubli­kaya rəhbərlik etmişəm, sonra 5 il Moskvada Siyasi Büronun üzvü, Sovetlər İttifaqı kimi fövqəl­dövlətin Nazirlər Soveti sədrinin birinci müavini işləmişəm. Sonra isə təqib dövrü olmuş və o, təxminən üç il davam etmişdir. Sürgün dövrü də olmuşdur - mən məcbur olub Moskvadan Bakıya gələndə, mənə burada yaşamağa imkan vermədilər. Mən Vətənimə - doğulduğum, hazırda blokada vəziyyətində olan Naxçıvana getdim. Orada üç il yaşadım. Ondan sonra artıq 8 ildir Bakıda yaşayır və vaxtilə tikdiyim həmin bu binada işləyirəm. İnsanların taleyi müxtəlifdir. Kimsə öz taleyindən razı olur, kimsə narazıdır. Bütün bu çətinliklərə baxmayaraq, mən öz taleyimdən çox razıyam. Çünki qısa ömür, qısa tale o qədər də maraqlı deyildir. Amma insan cürbəcür hadisələrlə qarşılaşanda, hər cür sınaqlardan çıxanda, yəqin ki, həm də daha çox təcrübə toplayır, daha da mətinləşir və bu mənada mən öz taleyimdən çox razıyam. Sabah nə olacağını bilmirəm, amma onu bilirəm ki, bundan sonra daha yaxşı olacaqdır.” 

Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümum­­­milli Liderin sayəsində Azərbaycan dili öz ruhuna qaytarıldı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandı­rıl­ması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Bu təkliflərin çox böyük əksəriyyətində ana di­li­mizin Azərbaycan dili adlandırılması bəyənilmişdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.

Böyük tarixi şəxsiyyətlərin olum tarixi olur, onların ömrü əbədilik yolundadır. Nə qədər ta­rix var, Azərbaycan olacaq, nə qədər Azərbaycan var, Heydər Əliyev olacaq. Bu, bəşəriyyət üçün bəşəri gerçəklikdir...

 





12.12.2023    çap et  çap et