525.Az

Şərəfli ömür yolu


 

Şərəfli ömür yolu<b style="color:red"></b>

44 günlük şanlı Vətən müharibəsində xalqımıza qələbə sevinci bəxş edən qəhrəmanlardan biri də 1984-cü ildə Lerik rayonunun Kornədi kəndində anadan olan Cəlal Ağaverdi oğlu Ağayev idi.

Cəlal Vətəninə, torpağına ürəkdən bağlanmışdı. Ömrünün mənasını xalqına gərəkli olmaqda görürdü. General Həzi Aslanov kimi qəhrəman tankçı olmaq istəyi isə  lap uşaq yaşlarında qəlbinə hakim kəsilmişdi.

Cəlal Ağayev 2003-cü ildə orta məktəbi bitirib həqiqi hərbi xidmətə yollanır. Naxçıvanda Azərbaycan Silahlı Qüvvələrin tərkibində Vətənini göz-bəbəyi kimi qoruyur. Əsgərlikdən sonra gizirlik məktəbini oxuyub tank komandiri vəzifəsində xidmətini davam etdirir. 2016-cı ilin Aprel döyüşləri zamanı Cəlal Ağayev hünərini göstərir.

Cəlal İkinci Qarabağ müharibəsinə gedənlərin sırasında da birinci olur. Sentyabrın 29-da döyüş tapşırığı alan qəhrəman gizir idarə etdiyi tankla düşmənin səngərini keçib, onlarla canlı qüvvəsini məhv edir. Ağır keçən həmin döyüşün sonuna yaxın Cəlalın tankı düşmən tərəfindən vurulur. Tankdan sağ çıxan igid gizir əlində avtomat son nəfəsinə qədər vuruşur. Şanlı Zəfərimizə adını yazmaqla ömrünü canından artıq sevdiyi Vətəninə bağışlayır.

Elin qəhrəman oğlu həm də qayğıkeş ailə başçısı idi. Nazənin və Sadiq adlı iki övladını xalqımıza əmanət saxladı. İndi  bütün Lerik camaatı Cəlalı özünə iftixar mənbəyi, qürur yeri bilir. Onun keçdiyi qısa, şərəfli həyat yolu zaman-zaman Vətənə, eləcə  torpağa sevgi nümunəsi olacaq.

Dövlət də sədaqətli oğlunun qəhrəmanlığını unutmadı. Tank komandiri, gizir Cəlal Ağayev ölümündən sonra "İgidliyə görə",  "Vətən uğrunda" və digər  medallara layiq görüldü.

Zəfər ORUCOĞLU

 





12.12.2023    çap et  çap et