525.Az

Vətən üçün yaşanan ömür


 

Vətən üçün yaşanan ömür<b style="color:red"></b>

Tural Rahil oğlu Əhədovun ömür yolu 27 il çəkdi. Amma bu qısa zaman kəsiyində Vətəni, milləti üçün çox gərəkli bir igid oldu. İkinci Qarabağ müharibəsində xalqımıza Zəfər qüruru yaşadanlarla bir cərgədə durmaqla ölməzliyə qovuşdu Tural. Vətən, torpaq uğrunda qanı bahasına səpdiyi qəhrəmanlıq toxumu onu milyonların iftixar mənbəyinə, qürur yerinə çevirdi. Tural xoşbəxt, azad, firavan, dinc gələcəyimiz üçün yaşamaqla həyatda elə bir iz qoydu ki, onu heç nə ürəklərdən silib apara bilməz. Dövlət də onun minlərə örnək olacaq hünərini unutmadı. Ölümündən sonra təltif etdiyi Cəbrayılın, Şuşanın, Kəlbəcərin azad olmasına görə, "Vətən uğrunda", "İgidliyə görə" medalları, 3-cü dərəcəli "Rəşadət" ordeni ilə Turalın şərəfli adına daha bir ucalıq gətirdi...

Xalq məhəbbəti, Vətən, torpaq sevgisi lap kiçik yaşlardan Turalın qəlbinə hakim kəsilir. Səmimiyyət, gözəl əxlaq, haqqa tapınmaq isə anadangəlmə onun boynuna biçilən keyfiyyətlər olur. 2009-cu ildə Lerik rayonunun Çökərə kəndində səkkizinci sinfi başa vurub hərb sənətini seçir. Tural Cəmşid Naxçıvanski adına hərbi liseydə doğma Azərbaycanı göz bəbəyi kimi qorumaq, məqamı gələndə uğrunda canını fəda etmək eşqi ilə oxuyur. 2012-ci ildə liseyi bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. Burada da nümunəvi xidmət göstərib hərbi təlimlərdə uğurlara imza atır. Tankçı peşəsini mükəmməl öyrənməklə 2016-cı ildə leytenant rütbəsində məktəbi tamamlayır. O, Xüsusi Təyinatlı Qüvvələrin kursunu da müvəffəqiyyətlə bitirir.

Doğma Azərbaycana ilahi sevgisi, sədaqəti Turalı cəbhə bölgəsinə aparır. Hərbi hissədə qrup komandirinin müavini olur, nümunəvi xidməti Vətən sevdalısını sözün həqiqi mənasında əsgərlərin, zabitlərin sevimlisinə çevirir, hamıya doğma olan leytenant Tural Əhədovun mərdliyini, cəsurluğunu, əqidə və məslək saflığını görüb ona daha da ürəkdən inanırlar. Hərbdə xüsusi istedadını, qabiliyyətini nəzərə alıb Turalı Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə dəvət edirlər. Burada da nəyə layiq olduğunu tam göstərməklə baş leytenant rütbəsini yüksəlir. General-leytenant Hikmət Mirzəyev tərəfindən Fəxri fərman alır, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalına layiq görülür.

Sentyabrın 27-də baş leytenant Tural Əhədov qanlı döyüşlərə qrup komandirin müavini kimi atılır. Haqq savaşımızın ilk günlərindən düşmənə sarsıdıcı zərbələr endirir. Cəsurluğunu, qəhrəmanlığını görüb onu qrup rəhbəri təyin edirlər. Murov, Füzuli, Hadrut, Xocavənd, Şuşa istiqamətində gedən ağır ölüm-dirim savaşlarının qalibi olmaqla ad qoyur.

Şuşa uğrunda gedən döyüşlərdə igid komandir iki döyüş yoldaşı ilə düşmən mühasirəsinə düşür. Son nəfəsinə qədər mübarizə aparıb yağının 70-ə yaxın canlı qüvvəsini məhv edir. 8 noyabrda canını Vətəninə qurban verməklə əbədiyyətə qovuşur.

Tural Əhədovun adı bu gün Vətənlə bir çəkilir. Qərinələr boyunca da belə olacaq. Çünki ürəyi Vətənə, xalqa bağlı insanların ömrü Günəşə bənzəyir.

Zəfər ORUCOĞLU

 





12.12.2023    çap et  çap et