525.Az

Tələbə gənclər Ulu Öndərin xatirəsini yad ediblər


 

Tələbə gənclər Ulu Öndərin xatirəsini yad ediblər<b style="color:red"></b>

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları tərəfindən 4-12 dekabr tarixlərində “Əbədiyaşar Lider” həftəsi çərçivəsində silsilə tədbirlər keçirilib. 

525.az xəbər verir ki, həyata keçirilmiş layihələr, yürüşlər, tədbirlər və konfranslar fonunda tələbə gənclər müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümündə dərin ehtiramla yad ediblər.

Tələbə Gənclər Təşkilatlarının təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutu, AzTU nəzdində Bakı Texniki Kolleci, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, 1 nömrəli Bakı Tibb Kolleci, Bakı Neft Energetika Kolleci, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci, Azərbaycan Dillər Universiteti, AzMİU nəzdində İnşaat Kolleci, Sumqayıt Dövlət Texniki Kolleci, Naxçıvan Dövlət Universiteti və digər ali və orta təhsil müəssisələrində müxtəlif istiqamətli tədbirlər keçirilib. Tədbirlər çərçivəsində Ümummilli Liderin məzarı ehtiramla ziyarət olunub, Heydər Əliyev mərkəzlərinə ekskursiyalar təşkil edilib, ulu öndər irsi ilə bağlı xüsusi dərslər, dəyirmi masalar, ədəbi-bədii gecələr keçirilib və Ulu Öndərin həyatı haqqında filmlər izlənilib.

Ali və orta ixtisas təhsili müəssisələrinin Vətənpərvərlik klubları Heydər Əliyev haqqında ekskursiyalar, mədəniyyət və incəsənət klubları ədəbi-bədii gecə, intellektual oyunlar klubları turnirlər və tarix klublarının təşkilatçılığı ilə Heydər Əliyevin tarix boyu gənclər üçün gördüyü işlər barədə mühazirələr keçirib.

Azərbaycan Texnologiya Universiteti, ATGTİ, Gəncə-Daşkəsən Regional Təhsil idarəsi, Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə şahmat-dama idman növləri üzrə turnir baş tutub. 

Gənclər Təşkilatlarının nümayəndələri, ATGTİ və Tələbə Gənclər Təşkilatlarının 3000-dən çox tələbə gəncinin iştirakı ilə I Fəxri Xiyabanda Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət olunub.

Tələbə gənclər tərəfindən təşkil olunan silsilə tədbirlər müstəqil, sağlam düşüncəli, vətənpərvər Azərbaycan gəncliyinin inkişafında misilsiz töhfələri olan liderin əziz xatirəsinin daim tələbə gənclərin qəlbində yaşadığını bir daha göstərir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün gənclərin hər tərəfli inkişafına böyük zəmin yaranıb.

 





13.12.2023    çap et  çap et