525.Az

Azərbaycan qlobal iqlim problemlərinin həllində aparıcı mövqeyə yüksəlib


 

Azərbaycan qlobal iqlim problemlərinin həllində aparıcı mövqeyə yüksəlib<b style="color:red"></b>

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP bu Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Qurumun Katibliyi Almaniyanın Bonn şəhərində yerləşir. Hər il dünyanın çox sayda ölkələrindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün müzakirələr aparır, çağırış edirlər. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib. Hələlik sonuncu olan COP28 cari ildə Dubayda təşkil edildi. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil edilən Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Sözügedən tədbirdə ilk dəfə olaraq Prezident İlham Əliyev də iştirak edib. COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir.

2024-cü ildə COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşürdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürüb. 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkdi. Bolqarıstan da bundan sonra öz namizədliyini geri götürdü və nəticədə dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirdi.

Azərbaycan Prezidenti tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmizdə yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olunub. Vətən müharibəsində qazandığımız şanlı zəfər ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb. Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır.

Azərbaycan son 4 il ərzində BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik edib və növbəti sədrliklərə uğurlu miras buraxıb.

Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Yüksək inkişaf göstəricilərinə nail olan Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik olması və təhlükəsizlik baxımından sabit ölkə olması bütün dünya ictimaiyyətinə məlumdur.

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etmək üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti beynəlxalq qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurlarındandır. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübuta yetirdi. Prezident bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq.

2023-cü il Azərbaycanın öz suverenliyini tam bərpa etməsi ilə tariximizə qızıl hərflərlə yazıldı. Bu möhtəşəm ili növbəti qələbə ilə yekunlaşdırırıq.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən COP-28 çərçivəsində dekabrın 4-də Ümumi Qadınlar Birliyinin sədri Şeyxa Fatimə Bint Mübarəkin himayəsi altında "Qadınlar tərəqqiyə liderlik edir: Su və Dayanıqlı İnkişaf Məqsədləri" mövzusunda panel iclas təşkil olunub. Birləşmiş Millətlər Təşkilatının (BMT), Ümumi Qadınlar Birliyinin və İsveçrə Qadınlar və Gücləndirmə Assosiasiyasının təşkilatçılığı ilə keçirilən iclasda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Almheiri iştirak ediblər.

İclasda bildirilib ki, iştirakçılar BMT Baş Assambleyasının təhlükəsiz və təmiz içməli su hüququnu başlıca insan hüquqlarından biri kimi təsbit edən qətnaməsinə uyğun olaraq, su idarəçiliyi ilə bağlı aktual problemi həll etmək, onun icmalara və ekosistemlərə təsirlərini araşdırmağa yönəlmiş səyləri əlaqələndirməyə və gücləndirməyə çalışacaqlar.

Müzakirələrdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib: "Biz görürük ki, iqlim dəyişikliklərinə görə Kür, Samur, Araz çaylarında suyun səviyyəsi aşağı düşür. Volqa çayında suyun səviyyəsi enir və bu, Xəzər dənizinə də təsir edir. Biz ötən 7-8 ildə Azərbaycanda quraqlığa şahid olmuşuq və bu da aqrar sahəyə təsirini göstərir. Hökumət ölkədə 10 su rezervuarı yaratmağı planlaşdırır və bununla problem həll olunacaq. Digər məsələsi isə odur ki, təəssüf, biz ölkəmizin ərazisinin 20 faizinin 30 il ərzində işğal altında qaldığı dövrdə həmin torpaqlardakı su ehtiyatlarımızdan məhrum olmuşduq".

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sözlərinə görə, Azərbaycan COP29-a ev sahibliyi etmək və dövrümüzün aktual problemlərini həll etmək üçün uyğun platformadır: "Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etmək istəyini elan etməkdən məmnunam. Zəngin mədəni irsi və dinamik enerjisi ilə Azərbaycan zəmanəmizin aktual problemlərinin həlli üçün dünya ictimaiyyətinin yenidən bir araya gəlməsi üçün uyğun platforma olacaq".

M.Babayev Şərqi Avropa qrupu ölkələrinə Azərbaycanı COP29-a ev sahibliyi etməkdə təsdiqlədiyinə görə minnətdarlığını bildirib: "Qrup ölkələrindən verilən dəyərli dəstək bir daha bizim iqlim dəyişikliyi ilə mübarizə və hamı üçün daha yaxşı gələcək qurmaq səylərimizi birləşdirməyə sadiqliyimizi əks etdirir. Dayanıqlı inkişafa sadiqliyimiz sadəcə, sözdə verilən vəd deyil, həm də milli siyasətimizdə və fəaliyyətimizdə öz əksini tapmış reallıqdır".

Nazir vurğulayıb ki, Azərbaycan COP29 üçün ölkəyə gələn qonaqları qəbul etməyə hazırdır və bu yöndə proses davam edəcək. Nazirin dediyinə görə, COP29 gələn ilin noyabrında baş tutacaq: "Bir il vaxtımız var. Təkcə infrastruktur üzrə yox, kontent üzrə də çox çalışmalıyıq. Bütün dünyanın iqlimlə bağlı fikirləri Azərbaycanda olacaq. Biz də bu məsələlərdə israrlı olaraq öz siyasətimizi, gördüyümüz işləri göstərə bilərik. Gələn ilin noyabrında ilk dəfə olaraq regionda - Bakıda iqlim sammiti keçiriləcək. Bizi heç kimin unuda bilməyəcəyi böyük tədbir gözləyir. Bəzi ölkələr çalışırdılar ki, Azərbaycanı bu rəqabətdən kənarda saxlasınlar. Lakin 22 ölkə Azərbaycana səs verərək dəstək oldu. Biz sevinirik ki, belə uğura imza atmışıq. Bizim siyasi iradəmiz bu məsələdə də qalib gəldi. Bu, Azərbaycanın böyük proqramı idi və biz buna qalib gəldik".

"Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin sədri Amin Məmmədov deyir ki, Azərbaycan COP28 sammitində iştirak etməklə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfi kimi üzərinə götürdüyü öhdəliyə əsasən, son illər bu istiqamətdə, xüsusən "yaşıl enerji" sektorunda gördüyü işlərlə bağlı dünya ictimaiyyətinin diqqətinə bütün layihələr haqqında məlumatları çatdırmaq imkanı əldə edəcək. COP28 Azərbaycanın "yaşıl enerji" strategiyasının nümayişi üçün yaxşı platformadır. Onun sözlərinə görə, torpaqlarımız illərlə işğal altında olduğu müddətdə Ermənistan tərəfindən Azərbaycanın ətraf mühitinə böyük ziyan vurulub: "Bu sammitdə sözügedən zərərin aradan qaldırılması üzrə də Azərbaycanın həyata keçirdiyi fəaliyyətlərlə bağlı təqdimatlar etmək imkanı olacaq. Azərbaycan konvensiya çərçivəsində üzərinə götürdüyü öhdəliklər əsasında 2030-cu ilə qədər ümumi enerji istehlakında alternativ enerjinin payının 30 faizə qədər artırılması üzrə şərti öhdəlik götürüb. 1990-cı illərdə alternativ enerjidən ümumiyyətlə istifadə olunmurdusa, artıq son illərdə biz bu nisbətdə bir qədər irəliləyiş əldə etmişik. Hətta Azərbaycan enerji ixracatçısı ölkəsinə çevirilməyi də öz üzərinə hədəf kimi qoyub. Bu, bir öhdəlik deyil, sadəcə olaraq Azərbaycan bununla bağlı qarşısına hədəf qoyub. Regionda və dünyada "yaşıl enerji"yə tələbat var. Azərbaycanın da coğrafi şəraiti, təbii potensialı bizə imkan verir ki, alternativ enerji ilə həm daxili tələbatımızı, həm də ixrac imkanımızı genişləndirək. Bunun texniki-iqtisadi əsaslandırılması artıq hökumətə təqdim edilib. Ümumi götürdükdə bu region üzrə Qara dənizin altından keçəcək enerji ixrac xətti nəzərdə tutulur. O xəttə bizim ölkə də qoşulub, bu, ölkəmizin enerji ixracatçısına çevrilmək planında var".

Sevinc QARAYEVA

 





13.12.2023    çap et  çap et