525.Az

"Şuşa" - "Bir rəsmin dedikləri"


 

"Şuşa" - <b style="color:red"> "Bir rəsmin dedikləri"</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nigar Hətəmovadır. Nigar xanımla rəssam Mir Azər Abdullayevin "Şuşa" əsərindən danışmışıq.

Mir Azər Abdullayev 1971-ci ildə Bakı şəhərində doğulub. Öncə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində oxuyan Mir Azər Abdullayev sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dizayn ixtisasi üzrə təhsil alıb. Hazırda o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dizayn kafedrasının baş müəllimi kimi fəaliyyət göstərir. Plakatçı rəssam kimi də zövqlü işlərə imza atan sənətkar bir çox yerli və xarici sərgilərin fəal iştirakçısı, Rəssamlar İttifaqının üzvüdür.

 

- Nigar xanım, "Şuşa" əsərinin məğzi vətən sevgisidir. Ona görə də istəyirəm söhbətimizə bu sevginin rəsmdəki ifadəsi ilə başlayaq.

- Vətən məfhumu hər bir xalqın əqidəsində, mədəniyyətinin müxtəlif sahələrində - ədəbiyyatında, musiqisində, xüsusilə də təsviri-sənətində mövcud olan çox geniş və dərin mənaları özündə təcəssüm etdirən ülvi anlayışdır. Ən yüksək mənəvi, milli dəyərləri özündə birləşdirən toplum və cəmiyyətlərin coğrafiya ilə aralarında qurduqları bu möhkəm bağlar onların mədəni köklərində silinməz izlər qoyaraq, müstəsna rol oynayır. Həmin izlərin qabarıq bir şəkildə vurğulandığı ulu məskənlərdən biri də hər qarışında bir tarix olan doğma Qarabağ torpağıdır. 30 illik Qarabağ həsrətini ifadə edə əsər qəlbi, diləyi, ruhu Şuşa şəhərində qarış-qarış dolaşan peşəkar rəssamın həssas duyğularının təcəssümüdür. Mir Azər Abdullayev məhz "Şuşa" əsəri ilə həm təfəkküründə mövcud olan vətən məhfumunu, həm də həmin vətən ilə döyünən sənətkar qəlbinin ən həssas çalarlarını kətan üzərinə köçürüb. Əbəs yerə deməyiblər ki, bülbülü qızıl qəfəsə qoysalar da, o, yenə "vətən-vətən" deyə fəryad edəcək.

- Əsərin rəng həlli necədir?

- Mir Azər Abdullayev kolorist rəssam ədasıyla öz orijinal dəst-xəttini bu əsərdə bir daha təsdiq edir. Kompozisiyada gördüyümüz rənglər Şuşa zəfərindən xəbər verir. Rəssam bu vasitə ilə təsvirin gücünə işıq tutur. İlk baxışdan izləyiciləri həyəcanlandıran əsərlə rəssam vətəninə coşğu dolu müjdə verir. Rənglərin enerjisi və uyumu bir-birini tamamlayır. Əsər kətan üzərində yağlı boya ilə işlənib, 75x130 ölçüdədir.

- Kompozisiya kifayət qədər dinamikdir. Bu dinamika hansı detalla tamamlanır?

- Bu kompozisiyanı daha maraqlı edən nüanslardan biri dinamika hissinin, kompozisiya və hərəkət vəhdətinin qabarıq şəkildə vurğulanmasıdır. Bu dinamikanın dolğun ifadəsi olan Qarabağın köhlən atı ilə zənginləşir. Həmin köhlən at ümidləri təzələnmiş xalqımızı şux əhval-ruhiyyə ilə şəfəqlərdə müjdələyir. Rəssam məharətlə Şuşanın keşməkeşli taleyinə ələnən zülmət sisini şölələnən, al-əlvan çalarlara boyanan qələbə dastanı ilə əvəz edir. Köhlən at isə şahə qalxaraq Şuşanın mədəniyyətini qürurla dünya-aləmə car çəkir.

- Əsərdə miniatür ruhu da duyulur.

- Nəfis kompozisiyaya malik sənət əsəri ilk baxışdan izləyicilərə müasir miniatür nümunəsini xatırladır. Mədəni-tarixi salnamə rəssamın əsas ilham qaynağına, mövzu seçiminə çevrilib. Kompozisiyada səma, torpaq, təbiət sanki min rəngə boyanıb. Mir Azər Abdullayev vətənpərvərlik və qəhrəmanlıq duyğularını kompozisiyaya ustad ədası və orijinal dəst-xətti ilə ilmə-ilmə işləyib, kompozisiyanı bütün təfərrüatları ilə şərh edib. Şahə qalxan köhlən at rəssamın Şuşanın gələcəyi haqda dünyaya verməyə çalışdığı sərəfraz bir mesaja, qürur hissi ilə qabaran muştuluğa bənzəyir. Həmin atın boynuna nəvazişlə dolanan qumaş isə Zəfər küləyini xatırladır.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Zaman keçdikcə mənası genişlənərək, torpaq, məmləkət, insanın doğulduğu yer, eyni dil və inancdan olan insanların yaşadığı mühit, bütün dünyanı əhatə edən torpaq parçası kimi yeni və konkret mənalar qazanan vətən anlayışı təsviri sənətdə də özünü səlis şəkildə büruzə verərək, xüsusi əhəmiyyət kəsb edir. Bu əsərin kompozisiyasında duyduğumuz nikbin ovqat, xoş əhval-ruhiyyə gələcəyə yönələn ümid çırağının əsla sönməyəcəyinə işarədir.

Aytac SAHID

 





13.12.2023    çap et  çap et