525.Az

Poeziyamızın alnıaçıq şairi - Nadir Yalçın yazır…


 

ŞƏHRİYARI TEZ-TEZ YOLUXMAQ İSTƏYİRƏM...

Poeziyamızın alnıaçıq şairi -<b style="color:red"> Nadir Yalçın yazır…</b>

Uşaq idim, nabələd idim... Həmişə vəzifədə olmuşbabam həminki tifil qayğılar üzündən bu boz Bakının boz küçələrində “taksavatlıq” edirdi. Gecələr işə çıxırdı, düz sübh azanından üç-dörd saat sonraya kimi. Üzümü yerə sürtüb ağlayırdım ki, ay baba, qurban olum, mən də sənlə gəlim, maşının dalında dinməzcə oturacam, bir kəlmə belə danışmayacam!

Aparmırdı! Aparmadı!

Hər gecə işə gedəndə yüyürüb qəndqabımızdan ovcum sığan qədər limonlu konfet götürüb ciblərini doldururdum. Ovcuma sığan qədər yox, ürəyim tutanqədər konfet götürürdüm. Elə bilirdim, səhərəcən,apardığı termosun dibindəki ən sonuncu qurtuma qədər, o çayı həmin konfetlərlə içəcək. Bəlkə də, konfetlər çatmırdı çay bitənə. Səhərin açılmağını dörd gözlə gözləyirdim ki, babam işdən qayıtsın, gözümü açanda nənəmlə babamın tən ortasında tapım özümü... Şəhriyar del Geranini də poeziyamız beləcə gözləyib, ədəbiyyatımız ona təşnə olub, məncə. Hərdən istəyirəm, ürəyim tutan qədər ilahi eşq, məhəbbət əta edim ona. Hərdən istəyirəm, ikiqapılı miyana maşınının arxasında, şeirinin qanadlarında əyləşim, məni uzaqlara aparsın. Babam məni gecələr özü ilə aparmırdı; elə bilirəm, bir gün Şəhriyar aparacaq...

Ötən hissələrdəki sentimentallığı kənara qoyub soyuq baxışla Şəhriyarın poeziyasına yanaşmaq olmur. Onun sözü isti baxış, doğma yanaşma tələb edir. Şəksiz, Şəhriyar təkcə dilimizin dərinliklərinə bələd deyil. Həm də, həm də dilimizin təyinatına, fikrininlayiq olduğu ifadəyə yaxşı bələddir. Biraz “dəllalıq” eləmək niyyətim var, inciməyin... Şəhriyar del Gerani ana dilimizin ənginliklərinin bütün istiqamətlərini uçan xalçası ilə səyahət edən adamdı. 

Heç fikir vermisinizmi, Şəhriyarın şeirlərində iki-üç kəlmədən bir əvəzlik gəlir... Şəhriyar əvəzliyə bel bağlayıb şeir qurmur, əvəzlənməli nəsnələr Şəhriyarın şeirlərində doğulur. O, bənzətmək istədiklərini və bənzəyənləri özləri ilə, ilkin anlayışını verdiyi nəsnələrlə əvəzləyə-əvəzləyə şeirlərini başa vurur. 

bir də görərsən ki 

heç kimin əli qalmayıb 

mən sənin əlindən tutub 

bir ömür yeriyə bilərəm 

deyirəm ki, məni əllərinsiz qoyma... 

 

belə olmalı deyildi, dostum 

belə olma...

Necə olmalı deyildi, necə olma? Şəhriyar məhz o necəliyi havada qoymayan, onun yerini, təyinatını, məskənini, əlamətlərini göstərən şairdir. 

Yaxud, tam əksinə, Şəhriyar hərəni öz dərdi, öz yaşantısı ilə baş-başa qoyub, o necəliyi tapmağı oxucunun ixtiyarına buraxır...

Deyirəm, "Darıxma, yaxşı olacaq..." 

Yaxşı olmayacaq, özün bilirsən. 

Sən özün bilirsən, necə olacaq...

Necə olacaq? O necəliyi mən, sən, bir başqası öz xülyasında, öz dünyasında müəyyənləşdirməli olur...

Şəhriyar del Geraninin şeirlərində təkrarlanmış, qulağı deşən, yeknəsəq metaforalar, təşbehlər, epitetlər eşitmək qəliz məsələdir. Bəs nədir bu bədiiliyin əsrarı? Axı Şəhriyarın şeirlərini oxuyanda prozayabənzər poeziya nümunəsi yox, məhz şeir, nəzm, ritm, ahəng nümunəsi sənə təqdim olunur. Şəhriyar epitet və təşbehləri müəyyən hadisələrlə, onların fonunda ifadələrlə, sonu feilləşən birləşmələrlə, hərəkətlərlə çatdırır. O “nə”yisə “nə”yləsə izah edir, “nə”yisə “necə” iləsə izah etmir. Bir anlayışın qarşısına özünə bərabər, semantik, leksik cəhətdən eyni ranqda olan anlayış qoyur. İsmin gözəlliyini sifətlə yox, məhz isimlə izah edə bilir, hərəkəti hərəkətlə canlandırır, zərflə yox... “Şükr de, çırpınır kəpənək, adam var, yeriyən qəbirdi...” yazır, “Şükür de ki, çırpınan kəpənək yeriyən adam kimi qəbir deyil” yazmır... “Qucaqla – necə ki, sərçələr küləkdə qucaqlar zəmini” yazır, “Sərçələr küləkdə zəmini qucaqlayan kimi” yazmır... Şəhriyar del Gerani qoşmaların üstündən xətt çəkib, “kimi”lərin, “bənzər”lərin, “təki”lərin üstündən xətt çəkib, fikri fikirlə qoşur, hansısa köməkçi vasitə ilə yox!

Bənzədə bilmədiyini etiraf edəcək qədər geniş sinəsi var Şəhriyarın: “Üzünü kimə bənzədim? Haraya oxşadım səni? Görürsən, şeir yazıram, unutmadım ən azından...” Şəhriyarın heç bir misrasında “Zor ilə gözəllik olmaz” cümləsi yada düşmür, Şəhriyar zor ilə yox, zar ilə şeir yazır, sinəsindən qopan zar ilə...

Şeirlər var, qurulur, şeirlər də var, fəhmlə yaranır - Şəhriyar Del Geraninin şeirləri bu ikincilərdəndi. Onun fəhmi oxuduğundan, oxuduğu eşitdiyindən, eşitdiyi hamısından güclüdü...

Bəzən müğənni ritmdən çıxır, nağaraçalan da istəməzcəsinə karıxır, ikinci sətirdə hansısa ritmi ya bir artıq, ya bir əskik ölçüdə vurur ki, bəlkə, ahəng düzəldi, pazllar yerinə oturdu... Şəhriyar şeirlərinibelə ritmdə yazır, bir misradan əskildib digər misrada elə tamamlayır ki, bütöv ritm, ahəng, avaz qulağa gəlir. 

Gərçi gör üzüm üstə yağışları, 

dizim üstə gəlib sənə bağışlanam.

Bir misrası 11, digər misrası 12 olan 23 hecalıq bənd elə bütövləşib ki, mən mütləq inana bilirəm ki, 23 ikiyə bölünə bilən rəqəmdir!

bu şəhərdən yavaş-yavaş 

uzaqlaşar qatarlar 

üzülmə, quşlar ona çatarlar.

Şəhriyar bu misralarda olduğu kimi vəhdət şairidi, quşları qatara çatdıran şairdi. Yer ilə göyün, dənizlə səmanın birləşdiyi yerdən söz üfürür yer üzünə. Dəqiqdir ki, Şəhriyar üfüqün bilinməz, sehirli xəttinə varıb gəlib ədəbiyyata...

Şəhriyar həyatı ilə yazdığını hesablayan, “nəyi yazsam, nə yaşamalıyam, nə yaşamışamsa, nəyi yazmalıyam” məsələsini çözən, çözələyən şairdi. Ol səbəbdəndir ki, təpədən dırnağa ədəbiyyatdır. O, oxucunu inandıra bilir ki, anasının baş ağacı olduğunu bilsəydi, bir vaxt həmin ağacın budaqlarını sındırmazdı. Mən inanıram, bilsəydi, heç vaxt sındırmazdı...

Şəhriyar del Geranini 2011-ci ilin oktyabrından 12 il, 2 ay sonra 35 yaşı münasibəti ilə təbrik edirəm, gecələr onu yoluxmaq istəyirəm, yatanda üstünü açır. Bunu mənə özü deməyib, anası deyib. Anasını görməmişəm heç vaxt, şeir deyib, Şəhriyar şeirlərlədanışıb, danışır, danışacaq...

“Allah necə də haqdı!”

 





14.12.2023    çap et  çap et