525.Az

"Azərbaycan Küveytə dost, əziz ölkədir"


 

SƏFİR ABDULLAH MOHAMED ABDULLAH ALMAUİDİ: "AZƏRBAYCAN-KÜVEYT ƏLAQƏLƏRİ YÜKSƏLƏN XƏTT ÜZRƏ İNKİŞAF EDİR"

"Azərbaycan Küveytə dost, əziz ölkədir"<b style="color:red"></b>

Küveyt Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Abdullah Almauidinin "525-ci qəzet"ə müsahibəsi

 

- Cənab səfir, Azərbaycan-Küveyt əlaqələrini necə qiymətləndirərdiniz?

- Azərbaycan-Küveyt əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Ölkələrimiz arasında əlaqələr səciyyəvi xarakter daşıyır. Xüsusən siyasi müstəvidə əlaqələrimiz çox yaxşıdır. Mən Azərbaycanda diplomatik fəaliyyətə başlayanda cənab Prezident İlham Əliyevin qəbulunda olmuşam. Eyni zamanda digər rəsmi şəxslərlə görüşlərdə iki ölkə arasında əlaqələrin inkişafını müzakirə etmişik. Deyə bilərəm ki, əlaqələrimiz özünəməxsusluğu ilə fərqlənir.

- Azərbaycan və Küveyt gələn il diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edəcəklər. Ötən müddət ərzində münasibətlərimiz necə inkişaf edib?

- Otuz ildə əlaqələrimizin böyük inkişaf yolu keçdiyini deyə bilərik. İki ölkə arasında hökumətlərarası birgə komissiya fəaliyyət göstərir. İndiyədək komissiyanın iki iclası keçirilib. Bu iclaslar 2011-ci və 2013-cü illərdə Küveytdə və Azərbaycanda baş tutub. Uzun müddətdir ki, komissiyanın üçüncü iclası keçirilmir. Yaxın zamanda üçüncü iclasın keçirilməsi nəzərdə tutulub.

Birgə komissiyaya iki ölkənin xarici işlər nazirləri rəhbərlik edir. Eyni zamanda hər iki ölkədən dövlət qurumları, nazirliklər orada təmsil olunurlar. Ümid edirik ki, iclas yaxın zamanda keçiriləcək.

- Komissiyanın üçüncü iclasının gündəliyində hansı məsələlər var?

- İclasda ən müxtəlif məsələlərin müzakirə olunacağı gözlənilir. Əməkdaşlığımızı əhatə edən hər bir məsələ diqqətdə olacaq, xüsusilə də iqtisadi məsələləri, o cümlədən, investisiya, turizm, təhsil, mədəniyyət və digər sahələri qeyd edə bilərik. Yeni müqavilələrin, anlaşma memorandumlarının imzalanması da gözlənilir.

- Turizm sahəsini qeyd etdiniz. Bu sektor necə inkişaf edir? Səfər edənlərin statistikası var?

- Turizm sahəsi əməkdaşlığımızın hazırkı mərhələsində əsas istiqamətlərdən birini təşkil edir. Xüsusilə son illərdə Körfəz ölkələrindən, o cümlədən, Küveytdən Azərbaycana turist axını artıb. Bunu şərtləndirən bir sıra amillər var. Bu amillər sırasında Azərbaycanda turizm üçün əlverişli mühitin olması, təbiəti, iqlimi, hava şəraiti, yəni yay-qış turizminin mövcudluğu, otellər, restoranlar, yüksək səviyyədə mətbəx, təhlükəsizlik, turistlərə qarşı isti, mehriban münasibət, qonaqpərvərlik, ortaq adət- ənənələr, tarixi bağlar, mədəniyyət və s. var. Bütün bunlar əlbəttə ki, küveytli turistlər üçün mühüm və müsbət amillərdir. Həmçinin, iki ölkə arasında birbaşa olaraq üç hava reysi həyata keçirilir. Bunlar AZAL, Küveyt Hava Yolları və "Əl-Cəzirə" Hava Yollarıdır. Məsafə də yaxındır - təqribən iki saat. Bütün bunlar heç şübhəsiz ki, Azərbaycanı küveytlilər üçün cəlbedici turizm istiqamətinə çevirir. Eyni zamanda turist sayında da artım var. Yəni koronavirus dövründə sərhədlər bağlanmışdı, turist sayı azalmışdı. Amma virus bitdikdən sonra 2022-ci ildə 22 min Küveyt vətəndaşı Azərbaycana səfər edib. Bu ilin 9 aylıq göstəricilərinə görə turist sayı 25 mindən çoxdur. Sayda artım var və gedişat onu göstərir ki, rəqəmlər daha da artacaq.

Azərbaycandan turist kimi səfər edənlərin sayına gəlincə, bizdə rəsmi statistika yoxdur. Amma Küveytə işləmək məqsədilə gedən azərbaycanlılar var. Küveyt turist ölkəsi deyil. Azərbaycanlılar dediyim kimi, daha çox iş məqsədilə gedirlər. Onlar neft və s. sahələrdə çalışırlar.

- İki ölkənin ticari-iqtisadi əlaqələri nə yerdədir? Bu sahədə inkişafa nail olmaq üçün hansı planlar və layihələr var?

- Bu sahədə inkişaf üçün layihələr və planlarımız var. Bunlar yaxın zamanda keçiriləcək birgə komissiyanın iclasında müzakirə olunacaq. İclasda əldə ediləcək  nəticələr əsasında qeyd edilən sahədə aktiv işə başlamağı planlaşdırırıq. Yəni müəyyən layihələrə birbaşa investisiyaların qoyulması ilə bağlı Küveytin təklifi Azərbaycan tərəfinə çatdırılıb. Bizim rəsmi şəxslərlə bir sıra görüşlərimiz olub, Həmçinin, komissiyanın tərkibində hər iki tərəfdən təmsil olunan müvafiq qurumlar var. İqtisadiyyat Nazirliyi, KOBİA hansı ki, Küveytdə də onun tərəfdaşı var. İclas çərçivəsində bu qurumların rəhbərləri əlbəttə ki, görüşəcəklər, onların müzakirə edəcəyi məsələlər var. Bundan əlavə, bilirsiniz ki, Küveytin daha əvvəl Azərbaycanda bir sıra fəaliyyətləri olub. Küveytin İnkişaf Fondunun illər əvvəl burada yol tikintisində və müəyyən layihələrin icrasında birbaşa dəstəyi olub. Ümid edirik ki, komissiyanın iclasından sonra əldə ediləcək nəticələr əsasında real işlər görüləcək.

- Həmin fond Azərbaycanda hansısa yeni layihə planlaşdırır?

-Xeyr, hazırda gündəmdə yeni belə bir layihə yoxdur. İndi daha böyük işlərin, layihələrin həyata keçirilməsinə çalışmalıyıq. Çünki zamanın tələblərinə uyğun olaraq əlaqələrimizin inkişafını şərtləndirəcək daha böyük əməkdaşlıq layihələrinə üstünlük vermək lazımdır.

- Hazırda Azərbaycan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işləri aparır. Küveytin hansısa formada burada iştirakçılığı gözlənilir?

- Azad olunmuş ərazilərdə layihələrlə bağlı deyə bilərəm ki, Azərbaycan XİN-in dəvəti ilə həmin ərazilərə səfər etmişəm. Orda həyata keçirilən quruculuq işləri ilə yaxından tanış olmuşuq. Mən yenə birgə komissiyanın iclasına qayıtmaq istəyirəm. Həmin iclasda bu məsələlər iki ölkənin müvafiq qurumları tərəfindən müzakirə olunacaq. Çünki neçə ildir komissiyanın iclası keçirilmir. Ərazilərin azad edilməsi də üç il əvvəl olub. Əməkdaşlıqla bağlı hansı razılaşmalar əldə olunacaq, onu iclasdan sonra biləcəyik.

- İnvestisiya sahəsində əməkdaşlıq nə yerdədir? Küveytli iş adamları Azərbaycana investisiya qoymaqda nə dərəcədə maraqlıdırlar?

- Əlbəttə, belə maraq var. Özəl sektorda Küveyt vətəndaşları fiziki şəxs olaraq daşınmaz əmlak, turizm istiqamətlərinə investisiya qoyurlar. Amma söhbət böyük bir şirkətdən gedirsə, bu, yoxdur.

- Siz bir ildən artıqdır ki, Azərbaycanda diplomatik fəaliyyət göstərirsiniz. Maraqlıdır, Azərbaycanı necə tanıdınız?

- Azərbaycanla bağlı bir çox məqamlar var ki, bizim, şəxsən səfir olaraq mənim üçün çox xoş təəssüratlar yaradır. İkitərəfli münasibətlərdən, siyasi əlaqələrimizdən ümumən danışdıq. Mən xalqlarımız arasındakı oxşar adət-ənənələri, istər mətbəxləri, istər mədəniyyətlərdəki oxşarlıqları vurğulamaq istərdim. İnsanların istiqanlığı, qonaqpərvərliyi Küveyti xatırladır. Bir sözlə, Azərbaycanda olmaq məndə gözəl təəssüratlar yaradır. Azərbaycan sanki yad bir ölkə deyil. Bu, həqiqətən də belədir. Azərbaycan bizə yaxın, dost, əziz ölkədir. Ümid edirik ki, əlaqələr daha da inkişaf edəcək.

- Cənab səfir, Qəzzada baş verənlərə münasibət bildirməyinizi istərdim. Bu gün o bölgədə böyük bir faciə yaşanır. Sülh əldə etmək isə hələ də mümkünsüz görünür...

- Qəzza, Fələstin bizim üçün önəmli məsələdir. Xüsusilə Qəzzada iki aydır son illərdə dünyanın şahidi olmadığı böyük bir faciə, qırğın yaşanır. Biz baş verənləri böyük ürək ağrısı ilə izləyirik. Amma əlbəttə ki, dövlət olaraq həmişə Fələstin xalqının yanında olmuşuq. Mülki vətəndaşların necə qətlə yetirildiyini görürük. Biz həmişə bunu qınamışıq, pisləmişik, İslam Əməkdaşlıq Təşkilatında, Ərəb Liqası çərçivəsində, bu yaxınlarda keçirilən Körfəz Əməkdaşlıq Təşkilatı ölkələrinin nazirlər toplantısında bəyanatlar qəbul edilib.

- Ümumiyyətlə, ərəb ölkələrinin Fələstinə dəstəyi yetərlidir?

- Öz ölkəm adından deyə bilərəm ki, Küveyt son hadisələrlə bağlı həm hava, həm quru yolla ardıcıl humanitar yardım göstərib. Küveyt Fələstin məsələsində həmişə qəti mövqeyini ortaya qoyub. Biz bu məsələdəki mövqeyimizə görə ərəb ölkələri arasında seçilmişik. Bu istiqamətdə əlimizdən gələni edirik. Hazırda da hava yolu biz tərəfdən açıqdır. Misirdən Rifah qapısı da açıqdır. Sadəcə problem odur ki, İsrail yardımların daxil olmasına maneə yaradır. Amma biz yenə də əlimizdən gələni etmişik, edirik və edəcəyik.

- Küveyt öz ərazisində fələstinliləri qəbul edir?

- Küveyt Fələstindən gələn şəxsləri əlbəttə ki, qəbul edir, xüsusilə yaralılarla bağlı istənilən yardımı həmişə göstərib. Ümumiyyətlə, insani, humanitar sahədə Küveyt hər zaman öncül ölkələrdən olub, xüsusilə Fələstin mövzusunda. Bu, bizim üçün vazkeçilməz məsələdir. Sadəcə problem odur ki, İsrailin də məqsədi fələstinlilərin Qəzzadan köçməsidir. İstəyir ki, həmin insanlar Misir, İordaniya və digər ərəb ölkələrinə köçürülsün və ərazi boşaldılsın. Biz bunu heç vaxt qəbul edə bilmərik. İnsani, humanitar baxımdan insanları qəbul edirik, amma bu niyyətin həyata keçməsinə yol verə bilmərik. Bu məsələnin iki dövlət prinsipi əsasında həllinə dair BMT-nin müvafiq qətnamə və qərarları var. Amma İsrail onlara  əhəmiyyət vermir. İstənilən halda, biz öz dəstəyimizi davam etdirəcəyik.

- Bu qarşıdurma o zaman baş verdi ki, artıq İsraillə bir sıra ərəb ölkələri arasında münasibətlər qurulur, səfirliklər açılırdı. Burda hər hansı əlaqə görmək mümkündür?

- Hətta İsraillə normallaşmaya gedən ölkələr bu hücumları qəti şəkildə pislədilər, ona qarşı çıxdılar. İşğalı heç kim qəbul edə bilməz. İsrail ərəb ölkələri ilə yaxınlaşma istəsəydi, bu addımı atmazdı. Son baş verənlərdən sonra normallaşma prosesi də zərər gördü və uğursuzluğa düçar oldu.  Hesab etmirəm ki, bunu normallaşma prosesinə əks olan qüvvələr edib.

- Amma birinci HƏMAS başladı...

- Ədalət prinsipindən yanaşsaq, bu, yeni məsələ deyil. İsrailin Qəzzanı bombalaması, qanunsuz məskunlaşma ötən il də var idi, ondan əvvəlki il də. Fələstin ərazisi işğal altındadır. Ərazisi işğala məruz qalan ölkələr bunu yaxşı başa düşürlər. Qarşı tərəf dəfələrlə hücum edir, bombalayır, amma sən nəsə edəndə deyirlər ki, niyə elədin. Qarşı tərəfin illərlə etdiyini isə görmək istəyən yoxdur. Bir nümunə deyim, əsirlərlə olan rəftara fikir verək. İsrailli əsirlər və girovlar etiraf etdilər ki, onlarla çox yaxşı, əxlaq çərçivəsində rəftar ediblər. Amma fələstinli girovlara işgəncə veriblər. ABŞ-da, Avropa ölkələrində keçirilən mitinqlərdə tanınmış yəhudi ictimai-siyasi xadimlər Fələstinə dəstək verdilər. Sonda demək istəyirəm ki, biz sülhün, əmin-amanlığlının tərəfdarıyıq. Heç kim müharibə istəmir.

 

 





14.12.2023    çap et  çap et