525.Az

Elvin İntiqamoğlunun "On dördüncü qızılgül"ü - Vaqif Yusifli yazır


 

Elvin İntiqamoğlunun "On dördüncü qızılgül"ü - <b style="color:red"> Vaqif Yusifli yazır</b>

Yeni nəsil şairlər içərisində Elvin İntiqamoğlu artıq yetkinliyə doğru can atan və fərdi üslubu da müəyyənləşməkdə olan şairdir. İyirmi altı yaşı var və "On dördüncü qızılgül" adlı, ilk şeirlər kitabı da işıq üzü görüb. Xalq şairi Sabir Rüstəmxanlı onun bu kitabına "Poeziya təkcə qızılgüllərdən ibarət deyil" adlı səmimi bir ön söz də yazıb. Sabir müəllmin ön sözündə oxuyuram: "İlk növbədə, Elvinin şeirlərinin yığcamlığını, sözçülükdən uzaq olmasını bəyəndim. Gəlişi gözəl, qafiyə havasına uzanan yazısı yoxdur. Təqdim olunan yazıların, demək olar ki, hamısında irili-xırdalı bir poetik yük, bədii maya var". Bir gənc şairin yaradıcılıq yolunun başlanğıcında tanınmış Xalq şairinin işıqlı ön sözü gəlirsə, bunu doğrultmaq gərək, tərifdən baş gicəllənməsin.

Elvin İntiqamoğlu II Qarabağ müharibəsinin iştirakçısıdır. Qazi şairdir. Onun "Müharibə xatirələri" silsiləsindən olan şeirlərində müharibə ab-havası yetərincədir. Müharibədə təkcə döyüşmək, qan tökmək azdır, onu içində yaşatmalısan - bu yaşantılar Elvini mühasirə zamanı əsgərlərin keçirdiyi hisslərə sarı aparır, bir şəhid anasının "çətindi övlad qəmi"nə, səssiz harayına doğru səsləyir, bir şəhid qızının atasızlıq həsrətinə qovuşdurur, tağım komandiri baş leytenant Emil Əsədovun qəhrəmanlıq və şəhidlik səhnəsinə çəkir, ümidin, inamın heç bir vaxt sönməyəcəyinə inandırır. Hətta yağış suyunda da bir məna axtarır:

Axır düşmənin qanı

Vətənin can yerinə -

Yerdən narahat olma,

sən su tök göydən yerə

qan yerinə.

 

Həsrətində olduğumuz torpağı

daddırdı bizə

palçıqlı gölməçələr,

Qoyma yağış dayansın

Qarabağ suyunu içənə qədər.

Ümumiyyətlə, Elvin İntiqamoğlunun müharibə ilə bağlı seçdiyi detallar uğurludur. Məsələn; "Bəlkə, uzaq dəhlizlərdən görünmür Laçın pəncərələri-Havası çatmır Vətənin boğulur, açın pəncərələri". O, müharibədə odlar-alovlar ilə üzləşib, şəhidlik nədir ("Şəhid rəsmi gördüm, ürək dözmədi dərdə, ağladım") və bunun ağrısı ürəyi necə parçalayır - bunları yaxşı bilir.

Elvin İntiqamoğlu əksər şeirlərində yaşının bu çağınacan həyatda, gerçəklikdə müşahidə etdiyi hadisələri, insanlarla münasibətlərini, dünya və cəmiyyət haqqında düşündüklərini bizə çatdırır. Hiss edirsən ki, qarşımızda həyatı dərindən duymağa can atan bir cavan şair əyləşib. Çünki "Həyat haradadırsa, poeziya da oradadır" (V.Q.Belinski). O, müəllimi olan Həyat qarşısında imtahan verir. Birinci sual Dünya və İnsan haqqındadır.

Təsəvvür et:

Yer qatı var, göy qatı var,

insan adlı canlı yoxdu...

 

Təsəvvür et:

dünyanı yoxdan yaradan Tanrı var,

palçıqdan

insan düzəltmək istəyən Tanrı yoxdu.

 

Təsəvvür et:

nə savab var, nə günah var,

nə cənnət var, nə cəhənnəm.

 

Təsəvvür et:

insan əliylə qurulan bina yoxdu,

insan əliylə salınan meşə yoxdu.

Sənət yoxdu, peşə yoxdu...

dünya çılpaqdı,

ona paltar tikən yoxdu...

Boş dünyanın boşluqların

karandaşla çəkən yoxdu.

Elvinin dünya ilə bağlı digər şeirləri də var, bu şeirlərdə özü üçün müəyyənləşdirmək istədiyi bir çox mətləblərə toxunur. Təbii ki, İntiqamoğlu dünya haqqında söz açanda məlum stereotiplərdən uzaqlaşmağa çalışır, dünyanın əbədiliyindən, vəfasızlığından, gəldi-gedərliyindən, ya da dünyanı bürüyən faciələrdən danışmağı sevmir, Dünya gedişatına İnsan münasibətini ortaya qoyur. "Dünya yüz don geyinir, zəif, güclü bilinir" - bu şeirdə təzadlar bir-birini əvəz edir "Qışla dağ yola getmir, başında qar var axı. Necə xoşbəxt yaşayaq, mərdiməzar var axı". Bu təzadlar silsiləsi onun başqa şeirlərində də diqqəti cəlb edir: "Asılqan" şeirində: "Aman Allah, dünya yaman dəyişib, söyüd ağacından bəhər asılıb". "Göydən yerə dərd tökülür, deyəsən, ekvator xəttindən kədər asılıb". "Dünya intihara çoxdan əl atıb, göyün dirəyindən kəmər asılıb". XXI əsrdir və biz dünyanın necə çalxalandığını, lokal və qlobal müharibələrin necə baş verdiyini görmürükmü, eşitmirikmi? Ona görə də, ilk növbədə, dünyanı dərk etməyə çalışırıq və haqqında söz açdığım İntiqamoğlu da bu yolda ilk addımlarını atır.

Elvin İntiqamoğlu ilk şeir kitabına "On dördüncü qızılgül" adını seçib. Bəlkə, bu səbəbdən Sabir müəllim də "Poeziya təkcə qızılgüllərdən ibarət deyil" adlı ön söz yazıb kitaba. Amma mən Elvin İntiqamoğlunun bütün şeirlərini diqqətlə oxudum. Bəs hanı qızılgüllər?

Şair qızılgül əkir

sözün bitdiyi yerə.

 

Elvin İntiqamoğlu yalnız bir şeirində ("Gül kimi sevmək"):

 

Düzün qızılgülləri,

solanların verin mənə -

təravətli olanların yar aparsın,

qalanların verin mənə.

Qızılgüllərin "gül qoxuyan zamanları" arzulayır İntiqamoğlu. Təbii ki, bu da o qızılgüllər kimi solub-saralmış xatirələrlə bağlıdır. "Nişanlı qız" şeirində yazır: "Bizdən başqa sevənlər xoşbəxt olub, bilirəm, On dördüncü qızılgül çoxdan solub, bilirəm".

Bu qızılgül söhbətini bir qədər başqa səmtə yönəltmək istəyirəm. Şah İsmayıl Xətai deyirdi: "Qızılgül, bağü-bustanım, nə dersən, fəda olsun sənə canım, nə dersən?" Şair sevdiyi qızı qızılgülə bənzədir. Və bizim klassik poeziyadan üzü bəri qızılgül gözəllik və həyat rəmzi kimi mənalanıb. Əlbəttə, dünyamız və gerçək həyatımız ziddiyyətlər içində keçir. Bəlkə, həyat və gözəllik simvolu olan qızılgüllər unudulur? Amma yox! Gözləyirəm ki, Elvin İntiqamoğlu da yeni şeirlərində "Sözün bitdiyi yerə" öz qızılgüllərini əksin. Həyatımız təkcə ağrılardan, qəmlərdən ibarət deyil.

Mənə ən çox xoş gələn Elvinin "Təkbəndli şeirlər"i oldu. Bu şeirlərdə Elvin üç-dörd, beş-altı misrada az sözlə dərinliyə - fikrin lakonik və mənalı ifadəsinə can atır və buna nail olur. Baxın:

Hamını ağladan dünya

özü də

haçansa ağlayacaq -

səs salmayın, dünya yatır,

oyansa, ağlayacaq.

Elvin İntiqamoğluna nə arzulaya bilərəm? Axtarışlarında daha inadlı olsun, şeir dilindəki saflığı qoruyub saxlasın, şeirlərində işığa, bu dünyanın gözəlliklərinə şövqü, meyli artsın, çoxalsın, ruhunu, qəlbini əzən dərdlərə pessimist yox, nikbin nəzərlərlə boylansın, axı dərdin özünün də gözəlliyi olur. Onun "Yol gəlmişəm" adlı proqram səciyyəli bir şeiri var, bu yollçuluğunu-daş yol-torpaq yol, daha geniş mənada Vətən yol, Cahan yol əbədi səyahətini yeni poetik çalarlarla davam etdirsin.

 

 

 





14.12.2023    çap et  çap et